Böyük Britaniyanın arxivlərindəki məxfi sənədlər açıqlanır

 

 

Britaniya hökuməti ölkənin SSRİ-dəki səfirinə Heydər Əliyevin Londona səfərini təşkil etmək üçün xüsusi tapşırıq veribmiş   

 

 

 

 

Dağın möhtəşəmliyi və əzəməti ondan uzaqlaşdıqca daha aydın görünür. İllər keçdikcə, məxfi arxivlər açıldıqca Azərbaycan xalqının dahi

öndəri Heydər Əliyevin müdrikliyi, böyüklüyü yeni inkarolunmaz dəlillərlə bir daha öz təsdiqini tapır. Böyük Britaniyanın əvvəllər məxfi

saxlanılmış, lakin 2014-cü il  yanvarın 3-dən

etibarən açıq elan edilmiş arxiv materiallarını (http://www.nationalarchives.gov.uk) oxuduqca, soyuq müharibənin qızğın çağında, dünyanın qlobal müharibə təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda bəşəriyyətin nəzərlərinin yönəldiyi böyük şəxsiyyətlər arasında Heydər Əliyevin əzəməti diqqəti daha çox cəlb edir.

XX yüzilliyin 80-ci illərində Qərb-Şərq qarşıdurmasının getdikcə kəskinləşməsi, sosialist düşərgəsi ilə kapitalist dünyası arasındakı barışmaz ziddiyyətlərin böhran həddinə çatması dünyanı nüvə müharibəsi və beləliklə də bəşəriyyəti özünü məhv təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir zamanda qlobal gərginliyi azaltmaq üçün Amerika Birləşmiş Ştatları və Böyük Britaniya keçmiş Sovet İttifaqı ilə dialoqun qurulması, qarşılıqlı etimad yaradılması üçün yollar axtarırdılar.

Sovet İttifaqı ilə əlaqələrin yaxşılaşdırılması məqsədilə Böyük Britaniya hökuməti tərəfindən Sov.İKP MK-nın Siyasi Bürosunun aparıcı üzvlərinin Londona rəsmi şəkildə dəvət olunması imkanlarının araşdırılması barədə 14 may 1984-cü il tarixli məktubla Britaniyanın Xarici İşlər Nazirliyinə tapşırıqlar verilir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin “Sovet İttifaqı ilə əlaqələr” haqqında baş nazirin administrasiyasına ünvanladığı 4 iyun 1984-cü il tarixli məktubda Parlamentlərarası Birliyin Britaniya Qrupu tərəfindən SSRİ parlamentinin Xarici Əlaqələr Komissiyası üzvlərinin, o cümlədən həmin komissiyanın sədri kimi 1984-cü ilin dekabr ayında Mixail Qorbaçovun, 1985 və ya 1986-cı ildə SSRİ  Nazirlər Soveti sədrinin 1-ci müavini, Siyasi Büronun üzvü  Heydər Əliyevin, 1985-ci ilin yayında isə xarici işlər naziri Hau Jefferinin Moskva səfərinə cavab olaraq SSRİ xarici işlər naziri Andrey Qromıkonun Böyük Britaniyaya rəsmi səfərə dəvət olunması təklif edilir.

Sözügedən məktubda Heydər Əliyevə xüsusi diqqət yetirilir, onun SSRİ-də aparıcı şəxslərdən biri olduğu,  yüksək dövlət vəzifəsi tutduğu qeyd edilir, lakin kapitalist ölkələri ilə münasibətlər məsələsinin onun kurasiyasında olmadığı vurğulanır. Bu səlahiyyətin Nazirlər Soveti sədrinin birinci müavini İvan Arxipova məxsus olduğu, ancaq onun Qərblə münasibətlərdə maraqlı görünmədiyi və ümumiyyətlə, Londona dəvət  edilməsinin mənasızlığı bildirilir. Heydər Əliyevin böyük siyasətçi və mütərəqqi təfəkkürlü dövlət xadimi olduğu nəzərə alınaraq,  onun Londona rəsmi səfərinə Birləşmiş Krallığın ali dövlət rəhbərliyi xüsusi maraq göstərir və səfərin təşkil olunması üçün  SSRİ-nin Londondakı səfiri ilə məsləhətləşmələr aparılmasının vacibliyi qeyd olunur. Bununla yanaşı, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yalnız Qərb-Şərq arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi perspektivlərinin müzakirəsi məqsədi ilə deyil, Böyük Britaniyaya şəxsən dəvət edildiyi və Baş nazirin onunla görüşmək arzusunda olduğu 4 iyun 1984-cü il tarixli məktubda xüsusi olaraq vurğulanmışdır. Bununla  da Heydər Əliyevin təkcə sovetlər birliyinin ali rəhbərliyində, böyük bir dövlətin ictimaiyyəti arasında deyil, həm də beynəlxalq aləmdə böyük nüfuza malik olduğu bir daha təsdiqlənir. 1980-ci illərdə Heydər Əliyevin müxtəlif ölkələrə, o cümlədən Yaxın Şərq və Cənubi Amerika ölkələrinə rəsmi səfərləri dünya ictimaiyyətinin, Qərb dövlətlərinin diqqətində olmuş və onların rəhbərləri tərəfindən maraqla izlənilmişdir.

Baş nazirin administrasiyasından Xarici İşlər Nazirliyinə göndərilən 5 iyun 1984-cü il tarixli “Sovet İttifaqı ilə əlaqələr” haqqında məktubda Xarici İşlər Nazirliyinin Mixail Qorbaçova, Heydər Əliyevə və Andrey Qromıkoya dəvət göndərilməsi təklifini Böyük Britaniya Baş nazirinin bəyəndiyi və əgər təklif qəbul olunarsa,  xanım Marqaret Tetçerin hər üç dövlət xadimi ilə şəxsən görüşəcəyi bildirilir.

Burada bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, Parlamentin Xarici Əlaqələr Komissiyası sədrinin və ya xarici işlər nazirinin hər hansı bir xarici ölkəyə dəvət edilməsi təbii haldır. Lakin,  Nazirlər Sovetinin sədri və yaxud  onun xarici əlaqələr üzrə birinci müavini ola-ola məhz Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərə dəvət edilməsi onun şəxsiyyətinə və fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.  

Xarici İşlər Nazirliyi tərəfindən Baş nazirin administrasiyasına ünvanlanmış 28 iyun 1984-cü il tarixli “Birləşmiş Krallıq - Sovet əlaqələri” haqqında digər məktubda xarici işlər naziri Hau Jefferinin həmin ilin dekabrında Moskvaya səfərinin hazırlanması ilə əlaqədar görülən işlər haqqında məlumatlar yer almışdır. Diqqətəlayiq məqamdır ki, bu məktubda da Heydər Əliyevin Londona səfərə dəvət edilməsi məsələsinin qaldırılacağı və SSRİ-nin Böyük Britaniyadakı səfiri ilə müzakirə ediləcəyi bildirilir. Baş nazirin  həmin məktubla əlaqədar 28 iyun 1984-cü il tarixli “H. Jefferinin Moskva səfəri” haqqında dərkənarında Heydər Əliyevin Böyük Britaniyaya dəvət edilməsinin çox yaxşı ideya olduğu qeyd edilir və onun reallaşması üçün müvafiq tədbirlərin görülməsi tapşırılır.

Başqa bir maraqlı sənəd Böyük Britaniyanın Ticarət və Sənaye Nazirliyindən həmin ölkənin Xarici İşlər Nazirliyinə göndərilən 12 iyul 1984-cü il tarixli “Sovet İttifaqı ilə əlaqələr: cənab Heydər Əliyevin dəvəti” haqqında olan məktubdur. Həmin məktubun 2-ci hissəsində deyilir:  “Mənə aydın oldu ki, xarici işlər naziri indi Qromıkonu cavab səfəri ilə 1985-ci ildə Böyük Britaniyaya səfərə dəvət etmiş və həmçinin  Qorbaçova da dəvət çatdırılmışdır. Əminliklə indi düşünmək olar ki, Londondakı Sovet səfiri Heydər Əliyevin dəvəti və cənab Norman Tebbitin (ticarət və sənaye üzrə dövlət katibi) onu  qarşılayan şəxs kimi münasib olub-olmaması barədə müzakirə aparmaq üçün müraciət etməlidir.”

Bu sənəddən də görünür ki, Birləşmiş Krallıq Heydər Əliyevin Londona səfərinə mühüm əhəmiyyət vermiş və onun təşkil olunması üçün mümkün imkanlardan istifadə etməyə dəfələrlə cəhd göstərmişdir. Ancaq yazışmaların ruhundan hiss etmək olur ki, SSRİ rəhbərliyində müəyyən qruplar Heydər Əliyevin Böyük Britaniyaya  səfərini əngəlləməyə çalışmışdır.

Heydər Əliyevin dəvəti ilə əlaqədar 1984-cü ilin iyun ayının əvvəllərindən aparılan yazışmalara baxmayaraq, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Baş nazirin administrasiyasına ünvanladığı 16 oktyabar 1984-cü il tarixli “Sovet İttifaqı ilə əlaqələr” haqqında məktubunda onun səfərinin təşkili ilə bağlı hər hansı bir tədbirin  həyata keçirildiyi barədə məlumatlar verilmir.  Bu məktubda Baş nazirin razılığına əsasən dəvətlərin M. Qorbaçova, H. Əliyevə və A. Qromıkoya göndərildiyi təsdiqlənsə də, ancaq Qorbaçovun və Qromıkonun səfərinə dair  hazırlıq işləri barədə informasiya verilir. Bu isə onu göstərir ki, artıq 1984-cü ilin ortalarından başlayaraq Sovet rəhbərliyində hakimiyyətə iddialı olan müəyyən qüvvələr Heydər Əliyevin dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olduğunu anlamış və qısqanclıq göstərərək onun xarici ölkələrlə əlaqələrinə maneələr yaradılmasına çalışmışlar.

Başqa maraqlı sənəd Xarici İşlər Nazirliyinin 16 oktyabr 1984-cü il tarixli məktubu ilə əlaqədar olaraq Baş nazirin administrasiyasından Xarici İşlər Nazirliyinə göndərilən məktubdur. 17 oktyabr 1984-cü il tarixli “Sovet İttifaqı ilə əlaqələr” haqqında olan həmin məktubda dəvətlərin Mixail Qorbaçova, Heydər Əliyevə və Andrey Qromıkoya göndərilməsinin Baş nazir tərəfindən alqışlandığı bildirilir. Bu isə bir daha onu göstərir ki, Qərb SSRİ-nin rəhbər heyəti arasında Heydər Əliyevə böyük önəm vermiş və həmin dövrdə dünyada yaranmış  ağır və qorxulu vəziyyətdən çıxış yolları aramaq üçün onun Londona səfərinin təşkilinə çalışmışlar. Ancaq,  həmin dövrdə SSRİ-nin hakim siyasi elitasında hakimiyyət uğrunda mübarizənin güclənməsini, qruplaşmanın geniş vüsət aldığını yaxşı bilərək, SSRİ rəhbərliyinin könlünü almaq üçün ehtiyatlı davranmağa məcbur olmuşdur. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yuxarıda haqqında danışdığımız 4 iyun 1984-cü il tarixli məktubunda ifadə olunan narahatlıq buna ən yaxşı dəlildir. Həmin məktubda deyilir: “Ola bilər ki, ruslar, növbəti yaxın aylarda Siyasi Büronun üzvləri üçün birdən-birə üç dəvət məktubu almaqdan təəccüblənsinlər. Ancaq onlar əmin olacaqlar ki, səfərlər qruplaşdırılmır və dəvətlər, yüksək siyasi səviyyədə əlaqələrin inkişaf etdirilməsi üçün bizim arzularımızın praktiki nümayişidir”. 

Qeyd olunanlarla yanaşı, həmin dövrdə SSRİ rəhbərliyindəki  mövcud vəziyyət və hakimiyyət uğrunda gedən mübarizə də Qərb dövlətlərinin diqqətindən kənarda qalmamışdır. O zaman SSRİ-yə rəhbərlik edən Konstantin Çernenkonun səhhəti ilə əlaqədar hazırlanmış  4 iyul 1984-cü il tarixli məxfi hesabatda onun səhhəti,  intellektual vəziyyəti və fiziki durumu ilə əlaqədar məlumatlar yer alır. Bu məlumatlar Böyük Britaniyanın xarici işlər nazirinin 3 iyul 1984-cü il tarixdə onunla Kremldə keçirilən görüşü zamanı müşahidələrinə əsaslanır. Hazırlanmış həmin hesabat Xarici İşlər Nazirliyinin 06 iyul 1984-cü il tarixli məktubu ilə Baş nazirin administrasiyasına təqdim edilmişdir. Əlbəttə, hesabatın hazırlanmasında əsas məqsəd həm Baş katibin səhhəti ilə əlaqədar məlumatları, həm də Çernenkodan sonra hakimiyyətə real namizədləri dəqiqləşdirmək olmuşdur.

Həmin dövrdə Sov.İKP MK-nın Baş katibi postuna Mixail Qorbaçovun, Heydər Əliyevin və Andrey Qromıkonun namizədliyinin nəzərdən keçirildiyi barədə məlumatlar vardır. M.Qorbaçov və A.Qromıkonun nəyə qadir olduğu Qərbin hakim dairələrinə yaxşı bəlli idi. Bunlardan birincisi əyalət dünyagörüşlü, zəif iradəli və SSRİ rəhbərliyinə təsadüfən  düşmüş qatı millətçiydir ki,  nəyə qadir olduğu qısa bir zamanda ortaya çıxdı.  Andrey Qromıko isə soyuq müharibənin əsasını qoyanlardan, Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qoşun yeridilməsinə qərarlar verən sovetlər birliyinin rəhbərlərindən biri olmuşdur. Aydın məsələdir ki, Qərblə Şərq arasında yaranmış ağır və kəskin münasibətlərin yaxşılaşdırılması üçün Qərb dövlətləri heç də həmin gərgin vəziyyətin yaranmasına səbəb olmuş şəxslərdən biri kimi A. Qromıko ilə danışıqların müsbət nəticələr verəcəyinə əmin ola bilməzdilər. Bu da bir daha onu göstərir ki, həmin dövrdə SSRİ rəhbərliyində mövcud olan şovinizm baryerindən aşmaq və Heydər Əliyevin Londona rəsmi səfərinə nail olmaq üçün Böyük Britaniya  onunla eyni vaxtda Siyasi Büronun slavyan əsilli üzvlərinə də dəvətlər göndərmək məcburiyyətində qalmışdır.

XX əsrin görkəmli mütəfəkkiri və fiziki Albert Eynşteynin dahiyanə şəkildə dediyi sözlər  yada düşür: “Heç bir problem onu yaratmış təfəkkür səviyyəsində olan təfəkkürlə həll edilə bilməz”. 1980-ci illərdə Qərb dünyası soyuq müharibəyə son qoymaq və bəşəriyyəti nüvə müharibəsi təhlükəsindən azad etmək üçün həmin gərgin vəziyyəti yaradan düşüncəyə məxsus sovet rəhbərlərindən fərqli olaraq, Heydər Əliyevə sovetlər birliyini sərt və qorxunc imperiyadan sivil dövlətə çevirmək iqtidarında olan lider kimi baxmışlar. Heydər Əliyev həm daxildə, həm də xaricdə Çernenkodan sonra SSRİ-yə rəhbərlik edəcək ən real namizədlərdən biri kimi nəzərdən keçirilirdi. Təsadüfi deyil ki, xarici işlər naziri Andrey Qromıko Heydər Əliyev haqqında “O hətta SSRİ-yə rəhbərlik edə biləcək böyük potensiala malik güclü şəxsiyyətdir” demişdi. Bu faktor isə hakimiyyətə iddialı olan və Heydər Əliyevi özünün potensial rəqibi kimi qiymətləndirən M.Qorbaçovu narahat etməyə bilməzdi. Heydər Əliyevə dünyanın ən böyük dövlətləri tərəfindən yüksək ehtiram göstərilməsi, onun sovet dövlətinin başında durmağa ən layiqli dövlət xadimi kimi dəyərləndirilməsi M.Qorbaçovun ona qarşı pərdəarxası cılız oyunlarını şiddətləndirmiş və qısqanclıq hisslərini hədsiz dərəcədə gücləndirmişdi. Ona görə də bütün bu məsələlərdən xəbərdar olan və sonralar hakimiyyət başına gələn Mixail Qorbaçov və onun yaxın ətrafı ilk gündən Heydər Əliyevin qarşısında müxtəlif baryerlər ucaltmağa başladılar. Onun Londona səfərinin baş tutmamasının əsas səbəbi də məhz bu amillə bağlıdır. Sonrakı dövrdə dünyanın aparıcı dövlətlərində Heydər Əliyevin böyük nüfuz qazanması faktını, eləcə də Azərbaycan xalqının mənafeyini prinsipial şəkildə qoruduğunu  həzm edə bilməyən həmin dairələr acizlik nümayiş etdirərək onu tutduğu bütün ali dövlət vəzifələrindən də kənarlaşdırdılar. Lakin  zaman onların çox böyük tarixi səhvə yol verdiyini sübut etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev isə XX əsrin görkəmli şəxsiyyətlərindən biri kimi dünya tarixində öz layiqli yerini tutdu və onun adı silinməz hərflərlə bəşər tarixinə əbədi olaraq həkk olundu.

 

Köçəri İMANOV,

  texniki elmlər üzrə  fəlsəfə doktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında