Avropalı deputatlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar

 

 

 

Yanvarın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov ölkəmizdə səfərdə olan Norveç və İslandiya parlamentlərinin deputatları Karin Voldset və Ogmundur Yonasson, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatı Jaakko Laakso ilə görüşmüşdür.

Komitədən AzərTAc-a bildirmişlər ki, görüşdə Gəray Fərhadov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat vermiş, bu məsələnin ölkəmiz üçün prioritet problem olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən sədr müavini Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir.

Gəray Fərhadov bildirmişdir ki, bu münaqişə təkcə Cənubi Qafqaz regionu deyil, bütün dünya üçün təhlükədir. Çünki hazırda Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır.

Nüfuzlu beynəlxalq təşkilatların bu münaqişə ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Gəray Fərhadov vurğulamışdır ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan bu problem işğalçı dövlətin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmamışdır.

Sədr müavini qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulamış, bu istiqamətdə görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində indiyədək ölkəmizdə qaçqınlar və məcburi köçkünlər üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 82 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 180 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir.

Gəray Fərhadov qeyd etmişdir ki, Azərbaycan Hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlamışdır. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunmuşlar.

Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verən qonaqlar bildirmişlər ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduqlarını deyən avropalı qonaqlar qeyd etmişlər ki, Azərbaycanda əhalinin hər on nəfərindən biri qaçqın və məcburi köçkündür. Bu münaqişə bütün region üçün ciddi problemlər yaradır.

Sonda avropalı qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.

Qonaqlar yanvarın 15-də Ağdam rayonuna səfər edəcək, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında