Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin və müdrikliyinin əsas göstəricilərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirilməsinə nail olması idi. Ümummilli liderimiz 1993-cü ilin yayında xalqın israrlı tələbi və davamlı xahişləri ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni daim diqqət mərkəzində saxlayırdı.
Ulu öndərin elə bir xarici səfəri ola bilməzdi ki, getdiyi ölkədəki soydaşlarımızla görüşməsin, onları Azərbaycana dəvət etməsin. Məhz həmin səbəbdən də dünyanın bütün ölkələrindəki diaspor təşkilatlarımızın rəhbərləri öz fəaliyyətləri barədə söz açarkən “bizim qurumun bu şəkildə təşkilatlanmasının əsas səbəbi ulu öndər Heydər Əliyevin çağırışları olmuşdur” deyirlər.
Azərbaycan diaspor təşkilatlarının bir mərama qulluq etməsi, müstəqil dövlətimizin ətrafında birləşmək istəyi çox qısa bir zamanda soydaşlarımızı bir araya gətirdi. Bu, bir tərəfdən bizim əsrlərdən bəri milli dövlətçilikdən məhrum edilməyimizlə bağlı idisə, digər tərəfdən də diaspor quruculuğunun beşiyi başında Heydər Əliyev kimi siyasət dahisinin dayanması ilə bağlı idi. Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər Heydər Əliyevin birləşdirib bir araya gətirdiyi Azərbaycan diasporunun fəaliyyətini Prezident İlham Əliyev beynəlxalq aləmdəki türk diasporu ilə əlaqələndirməyi bacardı. Prezidentimiz bu istiqamətdə olan ilk addımları hələ Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olarkən atmışdı. Məhz onun təşəbbüsü ilə AŞPA-dakı Azərbaycan və Türkiyə parlamentariləri eyni məqsədə xidmət edən qərarlar qəbul etmiş, sonra bu addım Avropadakı Azərbaycan və türk diaspor təşkilatları tərəfindən yaradıcılıqla davam etdirilmişdir. Cənab İlham Əliyev 2003-cü ilin payızında ölkəmizdə dövlət başçısı seçildikdən sonra isə bu məsələni daim diqqət mərkəzində saxlamış, beynəlxalq aləmdəki diaspor təşkilatlarının hamısı üçün nümunə olacaq bir əməkdaşlıq formulunun ərsəyə gəlməsinə nail olmuşdur.
Beş il əvvəl - 2008-ci il noyabr ayının 19-da Prezident
İlham Əliyevin sərəncamı ilə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində dünyanın hər yerində yaşayan soydaşlarımızla müstəqil Azərbaycan dövlətinin əlaqələri yaradılmış, bütün soydaşlarımızın suveren Azərbaycan Respublikasının ətrafında birləşdirilməsi üçün daha müasir yollar seçilmiş, daha çevik layihələr reallaşdırılmışdır. Bu gün hamıya məlumdur ki, sayı təxminən 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir. Azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan çoxsaylı soydaşımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi məlumatlarında göstərilir ki, Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son statistik məlumatlara görə , “Avropa azərbaycanlılarının” sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada isə on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşan soydaşlarımızdan ibarətdir. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrikada da yüz minlərlə soydaşımız yaşayır. Həmin qitədəki azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
İkinci Dünya müharibəsindən sonra ABŞ-da Azərbaycan diasporunun təşkilatlanma işi güclənməklə, siyasi fəallıq dövrü başlandı. Türkiyədən, Cənubdan və Şimaldan köçən azərbaycanlılar pərakəndə halda olsalar da, siyasi fəaliyyətə maraq göstərirdilər. İlk dəfə olaraq, 1947-ci ildə Türkiyədən ABŞ-a köçən soydaşlarımızın “Azərbaycan” cəmiyyətini yaratması mühum tarixi hadisə idi. Saleh bəy Şeyxzamanovun rəhbərliyi ilə fəaliyyətə başlayan “Azərbaycan” cəmiyyəti Nyu-York şəhərində yerləşirdi.
Bu bir tarixi faktdır ki, 1954-cü ildə Azərbaycan mühacirətinin tanınmış nümayəndəsi Zahid xan Xoyski Amerikanın ali qanunverici orqanında cıxış etmişdi. Zahid xan Xoyski Konqresə Sovetlər Birliyinə daxil olan respublikalar haqqında məsələnin müzakirəsi ilə əlaqədar Azərbaycan təmsilçisi kimi dəvət olunmuşdu. Zahid xan Azərbaycanın müstəqilliyinin bərpası barədə cıxış etmiş və vətənimiz barədə ətraflı məlumat vermişdi. ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları ətrafında birləşməsi tendensiyası Heydər Əliyevin 1994-cü ilin payızında bu ölkəyə səfərindən sonra daha da sürətlənmiş, diaspor təşkilatlarımızın fəaliyyəti yeni keyfiyyət qazanmışdı.
Amerika azərbaycanlıları ABŞ hökumətinə “907-ci düzəliş”, Dağlıq Qarabağ problemi, insan hüquqları və sair mövzularla bağlı bəyanatlar göndərirlər. Amerika ali məktəblərində, diaspor təşkilatlarında Vətənlə əlaqələr qurulması istiqamətində canlanma hiss olunur. 20 Yanvar, Xocalı soyqırımı kimi faciəli günlərimizi anma tədbirləri ilə yanaşı, Novruz bayramı, 28 may Respublika Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər milli bayramlarımız böyük təntənə ilə keçirilir.
Ötən əsrin sonlarında Almaniyanın birləşməsi, Sovetlər Birliyinin çökməsi və Azərbaycanın müstəqillik əldə etməsi Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması ilə nəticələndi. Təhsil proqramı əsasında azərbaycanlı tələbələrin Almaniyaya oxumağa göndərilməsi, azərbaycanlı həkim, mühəndis, inşaatçı, texnoloqlar və digər peşə sahiblərinin bu ölkəyə miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən idi. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 20 Yanvar və Xocalı soyqırımıları və xalqımızın başına gətirilən digər faciələr Almaniyadakı azərbaycanlılar tərəfindən biganə qarşılanmırdı. Onlar Vətənə, qaçqınlara yardım məqsədilə bir sıra tədbirlər həyata keçirirlər.
Azərbaycanlıların daha çox məskunlaşdığı ölkələrdən biri də Avstriyadır. Hazırda bu ölkədə 5 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Ötən müddətdə Avstriyada azərbaycanlı icması tərəfindən xalqımızın tarixinin və mədəniyyətinin təbliği ilə bağlı müxtəlif tədbirlər təşkil olunmuşdur. Qeyd etmək yerinə düşər ki, türk dünyasının dostu, tarixçi alim mərhum Erix Fayql da məhz avstriyalı idi.
Dünyanın 5-ci qitəsi – Avstraliyada 8 minə yaxın soydaşımız məskunlaşıb. Əsasən türkiyəli və cənublu azərbaycanlılardan ibarət olan Azərbaycan diasporunun tərkibi son 10 ildə şimaldan bura iqtisadi mühacirətin artması səbəbi ilə günü-gündən genişlənir. Hər il Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Cəmiyyəti və Türk Quruluşları Federasiyasının təşkilatçılığı ilə Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camisində Xocalı soyqrımı anılır. Azərbaycan və Türk icmasının kompakt yaşadıqları Obern (Auburn) qəsəbəsində hər il Novruz və digər bayramlarımız xüsusi qeyd edilir.
Avropanın inkşaf etmiş dövlətlərindən biri olan Belçikada da soydaşlarımız məskunlaşıblar. Əsasən turkiyəli azərbaycanlıların üstünlük təşkil etdiyi Belçikaya cənub və şimallıların kütləvi mühacirəti 1970-ci illərdən sonra başlayıb. Türkiyədən Avropa ölkələrinə əmək xarakterli mühacirətdə buradakı azərbaycanlılar intensiv iştirak etmişlər.
Britaniyada azərbaycanlılar digər türkdilli xalqlarla sıx əməkdaşlıq edirlər. 1990-cı ildə Londonda təsis olunan Dünya Türkləri Komitəsində azərbaycanlılarla yanaşı türkdilli diasporun nümayəndələri fəal iştirak edirlər. Hazırda türkdilli diasporlarla birgə fəaliyyət göstərən Azərbaycan diasporu burada mütəşəkkil qruplardan hesab olunur. Soydaşlarımız Böyük Britaniyanın iqtisadiyyatının və elminin inkişafında da müəyyən rol oynayıblar. Əsasən iqtisadi və texniki mütəxəssislər kimi dövlət və iri şirkətlərə işə dəvət olunan azərbaycanlılar ictimai həyatda da fəal iştirak etməyə çalışırlar. Soydaşlarımız informasiya sahəsində də bir sıra uğurlar əldə ediblər. Britaniyanın tanınmış TV kanalları və qəzetlərində Azərbaycanla əlaqəli bir sıra məqalələr və çıxışlar olub və bu proses hazırda da davam etməkdədir. “Times”, “Herald Tribun of Europa” və digər tanınmış qəzetlərlə yanaşı, “BBC” və digər TV kanalları Azərbaycana böyük diqqət ayrılır.
Fransadakı diaspor təşkilatlarımızın da zəngin təcrübəsi vardır. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra azərbaycanlıların kütləvi köçdükləri ölkələr içərisində Fransa on yerlərdən birini tuturdu. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Ümbülbanu kimi tanınmış azərbaycanlılar Fransada məskunlaşmışdılar. 1991-ci ildə dövlət müstəqilliyimiz elan ediləndən sonra Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin qurulması Azərbaycan diasporunun fəaliyyətinə də təsirini göstərdi. Fransada bir-birinin ardınca “Qarabağ tarixi və indiki dövr”, “Qarabağ” (məqalələr toplusu), “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağın tarixi və ona aid sənədlər” kitabları nəşr olunmuşdur.
Bir sözlə, bu gün dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin ətrafında birləşmək, Heydər Əliyev siyasi kursunu dəstəkləmək, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi prosesinə öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.