Vaşinqtonda nüvə təhlükəsinin qarşısının alınması mövzusuna həsr olunmuş mətbuat konfransında Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunulmuşdur

 

Yanvarın 8-də Vaşinqtondakı Milli Mətbuat Mərkəzində “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” (National Threat Initiative) tərəfindən “2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nun nəşr edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Vaşinqtonda yaradılmış “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” adlı qeyri-hökumət təşkilatının fəaliyyəti qlobal nüvə, bioloji və kimyəvi silah təhlükəsinin azaldılmasına və qarşısının alınmasına yönəlmişdir. Beynəlxalq direktorlar şurası tərəfindən idarə edilən bu təşkilatın həmsədrləri keçmiş senator Sem Nann və CNN teleşirkətinin təsisçisi Ted Ternerdir.

“2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nda “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” tərəfindən təklif olunan 56 meyar üzrə  dünyanın 176 ölkəsinin renkinqi əksini tapmışdır. Buraya daxil olan 25 əsas ölkənin hər birində öldürücü silah yaradılması üçün istifadə edilə biləcək nüvə materiallarının ehtiyatı bir kiloqramdan çox, qalan 151 ölkənin hər birinin nüvə materialları ehtiyatının həcmi bir kiloqrama qədərdir və ya ümumiyyətlə hər hansı nüvə materialları yoxdur, lakin həmin ölkələr qadağan edilmiş materiallar üçün sığınacaq yeri, əməliyyat meydanı və ya tranzit ərazi ola bilər.

Mətbuat konfransında Corciya ştatından olan keçmiş senator və “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü”nün həmsədri Sem Nann nüvə materiallarının təhlükəsizliyi təşkilatının vitse-prezidenti Peyc Stautland, “Economist Intelligence Unit” tədqiqat mərkəzi yanında qlobal proqnozlar şöbəsinin direktoru Leo Abruzzese və “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü”nün prezidenti Coen Rolfinq çıxış etmişlər. Onlar nüvə silahı yaradılmasında istifadə edilə biləcək nüvə materialları ehtiyatlarına nəzarətin və bu ehtiyatların məhv edilməsinin vacibliyi barədə məlumat vermişlər. Məruzəçilər vurğulamışlar ki, layihə üzərində iş başlanandan bəri müəyyən uğurlar qazanılmışdır. ABŞ milli nüvə təhlükəsizliyi administrasiyasının məlumatına görə, “2012-ci il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu” adlı ilk kataloq nəşr ediləndən sonra yeddi ölkə - Avstriya, Çexiya, Macarıstan, Meksika, İsveç, Ukrayna və Vyetnam öz ərazilərindəki nüvə materialları ehtiyatlarının hamısını və ya çox hissəsini məhv etmişlər. Digər ölkələr də əməkdaşlığa hazır olduqlarını nümayiş etdirmişlər. Onların bu istiqamətdə fəaliyyəti və köməyi kataloqda rəqəmsal göstəricilərlə qiymətləndirilir. Əməkdaşlığa görə müsbət qiymətləndirilən Azərbaycan nüvə təhlükəsizliyi məsələlərinə həsr olunmuş sonuncu zirvə toplantısının (Seul, 2012-ci il) iştirakçılarından biridir.

AzərTAc-ın Amerika Birləşmiş Ştatlarındakı xüsusi müxbiri Yusif Babanlı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində silahların qanunsuz dövriyyəsi problemini nəzərə alaraq mətbuat konfransındakı məruzəçilərə postsovet məkanında nəzarət edilməyən ərazilərdə nüvə materiallarının və silahların saxlanmasına dair informasiya qıtlığı barədə sual vermişdir: “2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nda yalnız BMT üzvü olan 176 ölkəyə aid məlumatlar və renkinq göstərilmişdir, hərçənd məlumdur ki, postsovet məkanında mövcud münaqişələr nəzarət edilməyən ərazilər yaranması ilə nəticələnmişdir. Məsələn, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir, təqdim edilən kataloqda isə göstərilir ki, Ermənistan nüvə materialları təhlükəsinin aradan qaldırılması sahəsində əməkdaşlığına müsbət qiymət verilən ölkədir.  Ermənistanın Dağlıq Qarabağın nəzarətsiz qalmış ərazisində nüvə silahları ehtiyatları gizlətmədiyinə və bu cür ehtiyatları toplamadığına təminat varmı və siz bu problemi necə həll etməyə çalışırsınız?".

“Economist Intelligence Unit” tədqiqat mərkəzi yanında qlobal proqnozlar şöbəsinin direktoru Leo Abruzzese bu sualı cavablandıraraq qeyd etmişdir ki, həqiqətən belə bir problem mövcuddur, çünki təşkilat “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” proqramının 56 meyarı üzrə məlumat toplayır və ölkələri həmin informasiyaya əsasən qiymətləndirir. Nəzarət edilməyən ərazilər üzrə informasiya toplamaq mümkün deyildir, həmin ərazilərdə müvafiq idarəetmə orqanları olmadığından, materialların toplanması potensial risklərlə bağlıdır, ona görə də bu məsələ öz aktuallığını saxlayır və ola bilsin ki, 2014-cü ilin mart ayında Niderlandda nüvə təhlükəsizliyi mövzusunda növbəti beynəlxalq zirvə toplantısında müzakirə ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında