Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir

 

Dekabrın 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:

1. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi;

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi;

4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı;

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.

Natiq bildirmişdir ki, bu gün biz muxtar respublikada daha bir quruculuq dövrünə - 2013-cü ilə yekun vururuq. Yola saldığımız 2013-cü il Ali Məclisin 2012-ci il 22 dekabr tarixli sessiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunmuşdur. Bu mənada 2013-cü il ciddi məsuliyyət və tələbkarlıq mərhələsinə çevrilmiş, ulu öndərin 90 illik yubileyi ilə əlaqədar geniş Tədbirlər Planı təsdiq olunaraq icra edilmiş, sosial-iqtisadi fəaliyyət sahəsində nailiyyətlər daha da artırılmışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də biz bu nailiyyətlərə ulu öndərimizin quruculuq yolunun davam etdirilməsi nəticəsində nail olmuşuq. “Heydər Əliyev ili”nin uğurları bir daha göstərdi ki, xalqı əmin-amanlığa qovuşdurmağa, sabit inkişafı təmin etməyə qadir olan yeganə yol - əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan quruculuq və inkişaf yoludur. Xalq bu yola sadiqdir və onun davamını ölkəmizin inkişafının yeganə aparıcı qüvvəsi kimi qəbul edir.

 Azərbaycan xalqının bu inamı öz təsdiqini bir daha 2013-cü ildə keçirilmiş Prezident seçkilərində tapdı. Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilən 9 oktyabr prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı ulu öndərimizin müəyyənləşdirdiyi yolun davam etdirilməsində qərarlıdır. Ümummilli liderimizin siyasi kursuna ardıcıl sədaqət nümayiş etdirən görkəmli dövlət xadimi cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər daim inkişaf edən və yeniləşən Heydər Əliyev quruculuq xəttinə, dahi rəhbərimizin şanlı yubileyinə xalqımızın layiqli töhfələridir.

 Böyük öndərimizin yubileyinə Naxçıvan Muxtar Respublikası da öz töhfəsini vermiş, 2013-cü ildə bütün sahələrdə inkişaf təmin olunmuş, makroiqtisadi göstəricilər daha da artmışdır. Belə ki, 2 milyard 337 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da bir il əvvəlki müvafiq göstərici ilə müqayisədə 10 faiz çoxdur. Onun hər bir nəfərə düşən həcmi də 2012-ci illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Ümumi daxili məhsulda maddi istehsal sektorunun 65 faizlik paya malik olması iqtisadi inkişafda dayanıqlığın təmin edilməsinin konkret göstəricisidir.

 Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikanın ümumi daxili məhsulunda özəl bölmənin xüsusi çəkisi artmış və 87 faiz təşkil etmişdir.

Bu gün muxtar respublikanın iqtisadi inkişafının başlıca xüsusiyyəti hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verən layihələrin həyata keçirilməsindən ibarətdir. Belə layihələrin davamı kimi istehsal potensialının gücləndirilməsi siyasətinə uyğun olaraq 2013-cü ildə müxtəlif təyinatlı 122 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

 Səmərəli kredit mexanizminin formalaşdırılması yeni istehsal və xidmət sahələrinin yaradılmasını şərtləndirən əsas amillərdəndir. 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata yaxın kreditləşmənin 17 milyon 305 min manatı, yaxud 40 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 5 milyon 960 min manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 345 min manatı isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.

 Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait fəaliyyətin bu növünə olan marağın ildən-ilə artması ilə nəticələnmişdir. 2013-cü ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 24 hüquqi və 1162 fiziki şəxs müraciət etmiş, onların hamısı qeydə alınmışdır. Bu bir daha göstərir ki, sahibkarlıq subyektlərinin sayı ilbəil davamlı olaraq artır. Sahibkarların sayının artması öz növbəsində muxtar respublikada istehsal olunan məhsulların və göstərilən xidmətlərin çeşidinin də artmasına, müxtəlif məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə,  idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərir. Artıq bu gün muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün bütün imkanlar vardır.  2013-cü ildə 106-sı ərzaq və 226-sı qeyri-ərzaq olmaqla, 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir.

 Yeni istehsal sahələrinin yaradılması daxili tələbat məhsulları istehsalı ilə yanaşı, məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərmiş, 2013-cü ildə   2127 yeni iş yeri açılmışdır. Onun 92 faizi və ya 1960-ı daimi iş yerləridir.

 Son illər sənayeləşmə muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması ümumi daxili məhsul istehsalında bu sektorun həcminin ildən-ilə artmasını təmin etmişdir. Belə ki, 2013-cü ildə sənaye 29 faizlik payla ümumi daxili məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi bir il öncə ilə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür.

 Müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələrinin işə salınması daxili tələbatı yüksək keyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ilin ötən dövründə 241 milyon manatlıq sənaye məhsulu ixrac olunmuşdur.

 Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi 2013-cü ildə muxtar respublikada  337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.

 Ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” keyfiyyətli və təhlükəsiz ərzaq istehsalında mühüm rola malikdir. Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatının inkişafı sahəsində yeni imkanlar yaranmışdır. Əmək potensialının əsasən kənd yaşayış məntəqələrində cəmləşməsi, əlverişli iqlim və torpaq şəraiti, tarixən formalaşmış məşğulluq ənənələrinin mövcudluğu muxtar respublikada əkinçiliyin üstün inkişafını təmin etmiş, əkin sahələrinin həcmi artırılmış, 2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır.

 Məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə təchizatı da əkinçiliyin inkişafına öz təsirini göstərmişdir. 2013-cü ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Hazırda bu təşkilat tərəfindən gətirilən texnikaların sayı 1227-yə çatmışdır. Gətirilmiş texnikalardan 253-ü 2013-cü ildə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Bununla yanaşı, torpağın məhsuldarlığını artırmaq məqsədilə əkinçiliklə məşğul olan fermerlərə 4 min 124 ton mineral gübrə də verilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini genişləndirmək və xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə onun muxtar respublikanın bütün rayonlarda filiallarının yaradılması davam etdirilmiş, 2013-cü ildə cəmiyyətin Şahbuz rayon filialı istifadəyə verilərək lazımi texnika ilə təchiz olunmuşdur.

 Muxtar respublikada suvarma əkinçiliyinin geniş yayılması meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsini və yeniləşdirilməsini tələb edir. Bu sahədə görülən tədbirlərin davamı olaraq 2013-cü ildə 4 nasos stansiyası, 3 subartezian quyusu və 11 kəhriz istifadəyə verilmişdir.

 Kənd təsərrüfatında taxılçılıq 2013-cü ildə də üstün mövqeyi ilə seçilmişdir. 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda təşkil etmişdir. Əvvəlki dövrə nisbətən taxıl əkini sahələrinin həcmi 359 hektar artırılmışdır. Taxıl zəmilərindən                 102 min 960 ton məhsul toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 1112 ton çoxdur. Taxıl istehsalının artımı ilə yanaşı taxıl ehtiyatının yaradılması imkanları da yaxşılaşdırılmış, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilmişdir. Bununla da Naxçıvan Muxtar Respublikasında taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılmışdır. Bundan başqa Culfa rayonunun Camaldın kəndində qədim su dəyirmanı bərpa olunaraq əhalinin istifadəsinə verilmişdir.

 Kartofçuluğun inkişafında da müsbət dinamika  saxlanılmış, 2957 hektar sahədə kartof əkilmişdir. Əkin  sahələrindən 41 min tondan çox məhsul götürülmüş, kartof istehsalı keçən illə müqayisədə artırılmışdır.

 Muxtar respublika həmişə özünün ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınıb.    2012-ci il fevralın 14-də qəbul olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası bu sahəyə olan marağı daha da artırmışdır. 2013-cü ildə tərəvəz məhsullarının istehsalı məqsədilə 359 min manat, bağçılıq təsərrüfatlarının inkişafı üçün isə 538 min manat kredit verilmişdir. Görülmüş işlərin nəticəsidir ki, məhsuldarlıq artmış, əkin sahələrindən 67 min tona yaxın tərəvəz, meyvə bağlarından 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm toplanmışdır.

 Kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdıran amillərdən biri də bu məhsulların keyfiyyətlə saxlanmasına və ilboyu satışına imkan verən soyuducu anbarların yaradılmasıdır. Cari ildə tutumu  250 ton olan 2 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların sayı 17-yə, ümumi tutumu isə 12 min tona çatdırılmışdır.

 Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün mütərəqqi təsərrüfatçılıq metodları   təşviq   olunmuş,  müasir  tələblərə cavab verən 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Mal-qaranın cins        tərkibini yaxşılaşdırmaq və damazlıq sahəsini inkişaf   etdirmək məqsədilə 2013-cü ildə 337 baş, ümumilikdə                                                                     isə son 5 ildə 1678 baş cins mal-qara gətirilərək  lizinq yolu ilə fermerlərə verilmişdir.

 Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi tədbirlərinə uyğun olaraq cari ildə 13 yeni quşçuluq təsərrüfatı yaradılmış, quşçuluq təsərrüfatlarının ümumi sayı 59-a çatdırılmışdır. Bundan əlavə muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək üçün Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır.

 Arıçılığın inkişafına da diqqət artırılmışdır. Bu sahəyə maliyyə dəstəyi gücləndirilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. 2013-cü ilin əvvəlinə arıçılıq təsərrüfatlarında 65 mindən çox arı ailəsi mövcud olmuşdursa, il ərzində  onların sayı artırılaraq 69 minə çatdırılmışdır. Bu artım bal istehsalının həcminə də öz təsirini göstərmiş, əvvəlki illə müqayisədə 2013-cü ildə  11 faiz artıq, yəni 1300 tondan çox bal istehsal edilmişdir.

 Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadənin təmin olunması istiqamətində də mühüm tədbirlər görülür. Bununla bağlı hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır.  2013-cü ildə 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən çox ağac və gül kolu əkilmişdir.

 Sosial-iqtisadi inkişaf üzrə əldə olunmuş nailiyyətlərin daha da artırılmasında səmərəli investisiya siyasəti mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada aparılan dövlət investisiya siyasətinin başlıca məqsədi kapital qoyuluşlarının sosial və iqtisadi cəhətdən zəruri olan layihələrə yönəldilməsini təmin etməkdən ibarətdir. 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 1 milyard 38 milyon manat təşkil etmişdir.

 Muxtar respublikamızda insanların rahat yaşayışı üçün mənzil-kommunal xidmətlərinin səviyyəsi artırılır, zəruri infrastruktur layihələri icra olunur. 2013-cü  ildə 592 obyekt tikilərək, əsaslı bərpa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Görülən işlərin əhatə dairəsinin ildən-ilə genişlənməsi hesabına tikinti-quraşdırma tədbirlərinə sərf olunan maliyyə vəsaitlərinin həcmi də artmışdır. Cari ildə əsas kapitala investisiya qoyuluşlarının 89 faizə qədəri və ya 919 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

 Funksional təyinatına görə digər tikililərdən fərqlənən kənd mərkəzlərinin inşasına diqqət artırılmışdır. İdarəçiliyin mərkəzləşdirilmiş qaydada təşkilinə və sakinlərin zəruri xidmətlərlə çevik təminatına imkan verən bu mərkəzlər yaxın perspektivdə muxtar respublikanın bütün qəsəbə və kəndlərini əhatə edəcəkdir. 2013-cü ildə 20 kənd mərkəzi tikilmiş və yenidən qurulmuş, ümumilikdə muxtar respublikadakı kənd mərkəzlərinin sayı 104-ə çatdırılmışdır. Kənddə yaşayan əhalinin zəruri istehlak mallarını sərfəli qiymətlərlə əldə etməsinə, həmçinin müxtəlif məişət xidmətlərindən yerindəcə istifadəsinə imkan verən xidmət mərkəzlərinin də yaradılması diqqət mərkəzində saxlanılmış, 2013-cü ildə 21 xidmət mərkəzi tikilmiş və ya yenidən qurulmuşdur. Bütövlükdə, kənd və qəsəbələrdə 76 xidmət mərkəzi istifadəyə verilmişdir.

 Əhalinin şəxsi vəsaiti hesabına aparılan inşaat işlərinin də həcmi artmışdır. Cari ildə əhali tərəfindən tikilən mənzillərin sahəsi 358 min kvadratmetrdən artıq olmuşdur ki, bu da bir il əvvəlki nəticə ilə müqayisədə 8 min 248 kvadratmetr çoxdur.

 Muxtar respublikanın enerji təhlükəsizliyi həyati əhəmiyyətli məsələdir. Ona görə bu sahədə görülən işlər 2013-cü ildə də davam etdirilmiş, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay” Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Ordubad rayonunda 36 meqavat gücündə “Ordubad”, Şərur rayonunda isə 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyalarının tikintisi davam etdirilir. Muxtar respublikada həyata keçirilən enerji layihələri deməyə əsas verir ki, yaxın illərdə daxili tələbat tamamilə su elektrik stansiyaları hesabına ödəniləcəkdir ki, bu da istehsal prosesinin ən rentabelli formasıdır.

 Enerji təhlükəsizliyini təmin edən mühüm faktorlardan biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. İstehlakçıların təbii qazla fasiləsiz təchiz olunması ilə yanaşı, mövcud infrastrukturun yenilənməsi də diqqət mərkəzində saxlanmış, istismar müddəti ötmüş qaz xətlərinin yenilənməsi təmin olunmuşdur. 2013-cü ildə 81,6 kilometr uzunluğunda Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttində tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

 Elektrik enerjisi və təbii qazla fasiləsiz təminat enerji və qazdan istifadəyə görə vəsaitlərin toplanmasına da öz təsirini göstərmiş, istehlak olunan enerji daşıyıcılarının dəyəri abonentlər tərəfindən tam həcmdə ödənilmişdir.

 Enerji daşıyıcıları sahəsində davam etdirilən yeniləşmə payız-qış mövsümünə hazırlıqla bağlı problemlərin də aradan qaldırılmasına imkan vermişdir. Hər il olduğu kimi 2013-cü ildə də qış mövsümünə hazırlıqla əlaqədar Ali Məclisdə müşavirə keçirilərək aid orqanlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Artıq Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binaları da qış aylarında fasiləsiz istiliklə təmin olunur. Bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək məqsədilə cari ildə    12 qazanxana tikilərək istifadəyə verilmişdir. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin isə hamısının mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunması qış mövsümündə bu təşkilatların normal fəaliyyətinə şərait yaratmışdır.

 Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər əhali rifahının davamlı yüksəlişinə səbəb olmuş, 2013-cü ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği artaraq 377 manata çatmışdır. 2013-cü ildə ölkə rəhbərinin sərəncamlarına əsasən minimum əməkhaqqının və pensiyaların baza hissəsinin, eləcə də müxtəlif peşə sahiblərinin əməkhaqlarının orta hesabla 10 faiz artırılması da əməkhaqqın artımına müsbət təsir göstərmişdir.

 Əməkhaqqı artımı, eləcə də yeni istehsal və xidmət sahələrinin yaradılması əhali gəlirlərinin artması ilə nəticələnmişdir. 2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri keçən ilə  nisbətən 7 faiz artmış və 1 milyard 737 milyon manatdan çox olmuşdur.

 Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında da özünü daha qabarıq şəkildə göstərir. 2013-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin göstəricilərindən 13 faiz çoxdur.

 İqtisadi sahədə əldə olunan artım öz növbəsində muxtar respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin də artmasına səbəb olmuşdur. 2013-cü ilin ötən dövründə muxtar respublika büdcəsinin gəlirləri 59 milyon 464 min manat olmuşdur. Pensiya və müavinətlərin ödənilməsinə yönəldilmiş vəsaitin 51 faizi, yaxud 52 milyon 635 min manatı məcburi dövlət sosial sığorta haqqı şəklində toplanmışdır.

Davamlı iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayənkarlığın aşağı səviyyədə olması ilə nəticələnmişdir. Bu işdə düzgün təşkil olunmuş hüquq maarifi və profilaktiki tədbirlər də öz təsirini göstərmişdir.

Həyatın digər sahələrində qazanılmış uğurlardan da ətraflı söz açan Ali Məclisin sədri bildirmişdir ki, məşğulluğun təmin olunması, yeni iş yerlərinin açılması, əhali rifahının yaxşılaşdırılması və ailələrin iqtisadi müstəqilliyinin təmin edilməsi demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, 2013-cü ildə muxtar respublika əhalisinin sayı artaraq 435 min nəfərdən çox olmuşdur.

Bir sözlə, “Heydər Əliyev ili” muxtar respublikanın tarixinə bütün sahələrdə qazanılan nailiyyətlər ili kimi daxil olmuş, iqtisadi inkişafın dinamik artımı təmin edilmişdir. Bu inkişafa töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 53 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 1 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmiş, 9 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 21 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 4 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 33 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.

Vasif Talıbov sonda demişdir: Bu nailiyyətlərin qazanılmasında, Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanların hamısına təşəkkürümüzü bildiririk. Qarşıda bizi daha mühüm vəzifələr gözləyir. Biz ümummilli liderimizin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, yaşatmağa və inkişaf etdirməyə borcluyuq. Bunu isə yalnız bütün sahələrdə ən yüksək nəticələrə nail olmaqla təmin etmək mümkündür. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Növbəti illərdə biz bütün istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti üzrə ancaq və ancaq irəli gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər. Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi” təsdiq olunmuşdur.

Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.

Ali Məclisin sədri Vasif Talıbov gündəlikdə duran növbəti məsələ ilə bağlı bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsinə əsasən müvəkkil 7 il müddətinə seçilir. Hazırki müvəkkil 2006-cı ildə bu vəzifəyə seçildiyindən səlahiyyət müddəti başa çatmışdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verməlidir. Bununla əlaqədar olaraq Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilmək üçün təqdim olunur.

Səsvermə keçirilmiş və Ülkər Bayramova Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir. İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) seçilmiş Ülkər Bayramova Ali Məclisin sessiyasında and içmişdir.

Ali Məclisin sədri Vasif Talıbov sessiyaya yekun vuraraq demişdir ki, 2013-cü ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Qarşıdakı dövrdə əldə olunan nailiyyətləri daha da artırmalı, səylə çalışmalıyıq.

2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaqdır. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada - “Muxtariyyət ili” elan olunur. Əminik ki, muxtar respublikamızın yubiley ilində də iqtisadiyyatın dinamik inkişafı davam etdiriləcək, qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq, Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində fəaliyyət daha da güclənəcəkdir.

2013-cü ildə, “Heydər Əliyev ili”ndə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirən Ali Məclisin sədri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmişdir.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış səkkizinci sessiyası öz işini başa çatdırmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında