Milli Məclisin payız sessiyası başa çatmışdır.
Milli Məclisin dekabrın 27-də 2013-cü ildə keçirilən sonuncu iclasında “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” yeni qanun layihələri, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti müzakirə edilərək qəbul olunmuşdur.
İclasda bir sıra qanunlara da dəyişikliklər edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin 2013-cü ildə keçirilən sonuncu iclasını açdıqdan sonra deputatları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputatlar müxtəlif məsələlərlə bağlı fikirlərini bildirmiş, təkliflərini irəli sürmüşlər. Çıxışlarda 2013-cü ilin dövlətimiz və xalqımız üçün uğurlu keçdiyi, ölkəmizin yola saldığımız ildə müxtəlif sahələrdə uğurlara imza atdığı bildirilmişdir.
2013-cü ilin sonuncu plenar iclasının gündəliyinə 32 məsələ daxil edilmişdir. Əvvəlcə Ombudsmanın və hakimlərin əməkhaqlarının artırılması ilə əlaqədar “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklər edilmişdir.
Daha sonra “Azərbaycan Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş təsdiqlənmişdir.
Saziş barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov demişdir ki, sənəd 2003-cü ilin dekabrında 10 il müddətinə imzalanmışdır. İndi isə yenilənən Saziş daha beş il müddətinə uzadılır.
Müzakirələrdə çıxış edən deputatlar qeyd etmişlər ki, bu Saziş Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesində böyük əhəmiyyətə malik olacaqdır. Azərbaycan öz ordusunu daim gücləndirir və müasirləşdirir. Bu səbəbdən Sazişin uzadılması zəruridir.
İclasda İnzibati Xətalar, Cinayət-Prosessual, Cinayət, Əmək, Vergi, Mülki məcəllələrdə, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara və daha bir neçə sənədə dəyişikliklər edilmişdir.
Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin qüvvəyə minməsi ilə bağlı şərtlər dəyişdirilmiş və yenilənmişdir. Əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi yalnız bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minəcəkdir. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir.
İclasda “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verərək demişdir ki, dövlət başçısının imzası ilə Milli Məclisə daxil olun qanun layihəsinə əsasən körpələr evləri, körpələr evi-uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Qeyd olunmuşdur ki, qanun ölkədə bu sahədə yeni uşaq bağçalarının, körpələr evlərinin tikilib istifadəyə verilməsinə, nümunəvi fəaliyyət göstərməsinə kömək edəcəkdir.
Milli Məclis “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsini də qəbul etmişdir. Layihəyə əsasən, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad ediləcəkdir.
Gündəlikdəki sonuncu məsələ “Yaşıllıqların mühafizəsi haqqında” yeni qanun layihəsi barədə olmuşdur. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verərək bildirmişdir ki, bu sənəd insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların salınması, qeydiyyatı, mühafizəsi, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyəcəkdir. Layihədə yaşıllıqların idarə olunması, bu sahədə bələdiyyələrin vəzifələri, qeydiyyatı, mühafizə tədbirləri və digər məsələlər əksini tapmışdır.
Müzakirələrdən sonra layihə birinci oxunuşda səsverməyə qoyularaq qəbul olunmuşdur.
İclasın sonunda Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. Dövlət başçısına parlament adından təbrik ünvanlanmışdır. Milli Məclis, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul etmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza ünvanlanan müraciətdə ümummilli məqsədlər naminə birliyə çağırış ifadə olunmuşdur.
Müraciət qəbul olunduqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov parlamentin payız sessiyasını bağlı elan etmişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.