Sosial-iqtisadi inkişafın 20 ili: dəyişməyən strateji xətt

 

 

(əvvəli 26 dekabr 2013-cü il tarixli sayımızda)

Yeni əsrə yeni liderlə

Siyasət açıq bir müstəvidir- insanlar arasında olan və onları bir-birinə münasibətdə qarşı-qarşıya çıxaran müstəvi. Bu- fərdlərin çıxış etdiyi, özlərinin bir-birlərinə təqdim etdikləri açıq, hamının gördüyü  müstəvi, meydandır. X.Arendin yazdığı kimi, “bu elə bir yerdir ki, burada insanlar özlərinin sirli aləmlərindən üzə çıxırlar”.

Siyasi səhnəyə XXI əsrin əvvəlində çıxmış  İlham Əliyev nə müstəqilliyin ilk illərində nə də ondan əvvəlki dövrdə heç də gizlində deyildi. O, sadəcə böyük bir siyasət məktəbinin- Heydər Əliyev Universitetinin  səbrli və dərin zəkalı  tələbəsi kimi öz siyasi intellektini sınaqdan çıxmış təcrübələrlə cilalayır və siyasət meydanına girməyin zamanını, həqiqətdə isə öz missiyasının başlanmasını gözləyirdi.

İlham Əliyevin demokratik dövlət quruculuğu fəlsəfəsində Heydər Əliyev strategiyasını inkişaf etdirmək, cəmiyyətdə sosial ədalət prinsiplərini genişləndirmək və dünya iqtisadiyyatına uyğun idarəetməni təkmilləşdirmək, eyni zamanda ölkəni kənar totalitarizmdən və dünyadakı totalitar ekspansiyadan qorumaq başlıca vəzifələr hesab edilirdi. Müasir sivilizasiya yalnız belə bir dövlətin sayəsində  insan şəxsiyyətinin siyasi, sosial, mənəvi və hətta intellektual və elmi inkişafı üçün zəruri olan hər şeyi edə bilir. Yalnız belə olan bir şəraitdə dövlətin ali funksiyaları - qanunçuluğun təmin olunması və siyasi cəmiyyətin azad inkişafına yardım bərqərar olunacaq.

O bilirdi ki, dövlət siyasi cəmiyyətin ali hissəsidir, bu cəmiyyətin bütün başqa orqanlarından və kollektiv hissələrindən yüksək durur. Ancaq bu o demək deyil ki, dövlət siyasi cəmiyyətin özündən də yüksəkdədir. Dövlət bütöv bir orqan olan siyasi cəmiyyətə tabedir və o, siyasi cəmiyyətə xidmət edir.

Yeni dövrdə rasional və ya hüquqi mexanizm kimi dövlətin inkişafı və onun daxili konstitutiv sisteminin hüquq və hakimiyyətə, onun birliyinə, onun qayda qanununa münasibəti, həmçinin sosial-iqtisadi həyatda onun qanunvericilik, nəzarət və təşkilatlandırma funksiyalarına münasibəti normal inkişafı tənzimləyir. Yalnız belə olan halda  müasir cəmiyyətlər üçün çox mühüm zərurət olan sosial ədalətin  təmin edilməsi mümkündür. Ona görə də XXI əsrə yenicə qədəm qoymuş gənc müstəqil Azərbaycan dövlətinin əsas vəzifəsi sosial ədaləti bərqərar etmək, cəmiyyətin aşağı və daha geniş təbəqələrinin  uzun müddət diqqətdən kənarda qalmış ehtiyac və hüquqlarını təmin etmək olmalı idi.

Axı siyasi cəmiyyətin ümumi rifahı dövlətin son məqsədidir və bu, onun birbaşa vəzifəsindən - ümumi qayda-qanunu təmin etməkdən daha vacibdir. Ona görə də siyasi və iqtisadi sistemi o zaman adekvat saymaq olar ki, onlar ölkənin sabit və dinamik inkişafını, cəmiyyətin bütün təbəqələrinin rifah və mədəni yüksəlişini təmin edirlər. Qərb demokratiyasının əsas sütunlarından sayılan ABŞ-ın 42-ci prezidenti Franklin Delano Ruzvelt dövlətin vəzifələrini xatırladarkən demişdir: “Bizim tərəqqimiz, kim artıq zəngindirsə onun var-dövlətinin daha da artması ilə yox, kasıb olanları  kifayət qədər təmin etməyə qadir olub-olmadığımızla yoxlanır.”

Alimlərin müxtəlif ölkələrdə apardıqları sosial tədqiqatlar sübut edir ki, addım-addım öz əsas prinsiplərini reallaşdıran demokratiya iqtisadiyyatın çiçəklənməsi üçün münbit zəmin yaradır. Məhz ona görə İlham Əliyev hakimiyyətinin ilk günündən Heydər Əliyevin bu istiqamətdə strateji xəttini davam etdirərək demokratiyanı təkmilləşdirməklə Azərbaycan cəmiyyətinin və onun iqtisadi bazisinin modernləşdirilməsinin əsasına çevirməkdə israrlı oldu və bu gün də bu xətt davam etdirilir.

Əslində Azərbaycanın seçimi də elə böyük deyildi: ya staqnasiya, ya da modernləşmə. İlham Əliyevin dövlətçilik düşüncəsinin praqmatizmi onda idi ki, o tərəqqiyə aparan yolu-moderenləşməni seçdi. Əsas diqqət bütün ölkə boyu infrastrukturun müasir innovasiyalara uyğun olaraq genişləndirilməsinə yönəldi: genişmiqyaslı məktəb tikintisinə, yolların moderenləşdirilməsinə, şəhər və qəsəbələrin elektrik güclərinin artırılmasına başlanıldı, rabitə və kommunikasiya sisteminin kəskin yüksəlişi baş verdi. Bununla paralel olaraq, Heydər Əliyevin sahibkarlığın inkişafı istiqamətində başladığı siyasət davam etdirilərək bu mexanizmin inkişafı və bərqərar olması üçün bir çox tədbirləri gerçəkləşdirdi- inzibati maneələr aradan qaldırıldı, biznesə vergi təzyiqlərinə son verdi və bu sahənin kreditlərlə təmin edilməsinə geniş imkanlar yaratdı.

Bir-birinin ardınca ölkənin sosial-iqtisadi inkişafının yeni hədəflərini müəyyənləşdirən dövlət proqramları işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Nəticədə on illik qısa bir zaman çərçivəsində Azərbaycan böyük bir inkişafa, iqtisadi sıçrayışa nail oldu. Məram bəlli idi: insan kapitalının keyfiyyətcə yüksək inkişafını təmin etmək, dövlət orqanları ilə özəl strukturlar arasında qarşılıqlı əlaqələri tənzimləyəcək, cəmiyyəti yüksək sosial rifaha aparacaq  rəqabət qabiliyyətli sosial-iqtisadi model yaratmaq. Mühüm məsələlərdən biri də hakimiyyətin səmərəliliyinin yeni mərhələsinə olan sosial tələbat idi ki, Prezident İlham Əliyev on illik mərhələdə bunu xüsusi nəzarətdə saxlayırdı.

Hazırda bu siyasi xətt Azərbaycandakı ictimai quruluşu iki əsas üzərinə keçirməkdədir- dövlət və vətəndaş institutları və bazar iqtisadiyyatı. Özünün demokratiya ideallarına sadiq olduğunu bəyan etməklə deyil, həm də onları ardıcıllıqla həyata keçirən Azərbaycan hakimiyyəti məhz bu sahədəki nailiyyətləri sayəsində, cəmiyyətin bütün təbəqələrinin maraqlarının ifadəçisi və müdafiəçisi kimi yüksək etimad qazanmışdır və bunu 2013-cü il Prezident seçkiləri vaxtı da açıq nümayiş etdirdi.

Çünki buna qədər Prezident İlham Əliyev on illik hakimiyyəti dövründə qlobollaşan dünyanın qarşıya qoyduğu tələbləri nəzərə almaqla Heydər Əliyevin dövlətçilik təcrübəsi və nəzəriyyəsi əsasında yeni bir mərhələnin strateji orientirlərini işləyib hazırladı və həyata keçirməyə başladı. Bu inkişaf və tərəqqi  strategiyası idi və onun mahiyyətində dövlətin səmərəliliyini artırmaq, onu beynəlxalq siyasi təşkilatların fəal və nüfuzlu üzvünə, regionun lider dövləti olaraq qlobal dünyanın söz sahibi olan ölkəyə çevirmək   dururdu. Bu mənada kimin dövlətçi olduğu göz önündədir. Ona görə də bu məsələdə yanlış  olan interpretasiyaları əsaslı şəkildə aydınlaşdırıb cəmiyyətin müzakirəsindən kənarlaşdırmaq lazımdır.

Bir sözlə, Azərbaycanın bu günkü inkişafının sosial istiqamətləri, ümumdaxili məhsulun bölgüsündə dövlətin rolunun artması, cəmiyyətin birliyi və sosial ədalət naminə əhaliyə sosial təminatların verilməsi-bütün bunlar ölkə iqtisadiyyatının və onun rəqabətqabiliyyətliliyinin uğurlu yüksəlişi faktoruna çevrildi.

Prezidentliyinin ilk günlərindən İlham Əliyev aydın görürdü ki, hələ də Azərbaycanda bəzi məmurların  dövlət yanaşması-bu və ya digər bürokratik institutların, onların səlahiyyət və əmlaklarının saxlanması cəhdləri ölkəmizin, Azərbaycan dövlətinin qorunması kimi yanlış məntiqə söykənir.  Axı dövlətin əsas funksiyası ədalətin təmin olunmasıdır və bu funksiya yalnız siyasi cəmiyyətin ali nəzarəti ilə, bu cəmiyyətin daxili strukturları vasitəsilə yerinə yetirilməlidir. Ona görə də gənc dövlət başçısı müstəqil dövlətçiliyi qorumağın əsas yolunu radikal islahatları davam etdirməkdə və özünün bütün siyasi iradəsini bu vəzifəni həyata keçirmək üçün səfərbər etməkdə gördü. İlham Əliyev bütün siyasi iradəsi ilə ölkənin canlı orqanizmindən köhnə sistemin pas atmış qəlpəsini tamamilə çıxarıb atmağa nail oldu. O, dövlət xadimi və əsl vətənpərvər kimi bütün qüvvə və siyasətini qarşısına qoyduğu əsas vəzifələrin- dövlətin strateji probleminin həllinə, dövlətin liberal-demokratik evolyusiyasını, bazar iqtisadiyyatı islahatlarını  başa çatdırmağa, milli dəyərlərə söykənən Qərb tipli sabit, dinamik və zəngin cəmiyyət qurmağa yönəldirdi. Yalnız bu yolla Azərbaycan XXI əsrin sivilizasiyasında özünə layiqli yer tuta bilərdi.

XXI əsrin əsas

kapitalı - insan

XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər gedib və bizim düşüncəmizə görə, bu dəyişikliklər sırasında  mühüm bir məsələ var ki, onun haqqında hələ də çox az danışılır. Bu,  müasir dövlətdə və vətəndaş cəmiyyətinin inkişafında əsas faktora çevrilmiş insan kapitalıdır. Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya- texnoloji nailiyyətlər idisə, indi bu, insan kapitalıdır. Keyfiyyətcə yeni vəziyyətə, sabitlikdən innovasiyalı sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə böyük əhəmiyyət kəsb edir. İlham Əliyev inkişaf strategiyasının, onun idarə etdiyi  dövlətin  yeni siyasətinin və prioritet təşkil edən milli layihələrin əsas mahiyyəti bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”. Yəni indiki  mərhələdə bizim dövlətin başlıca siyasi-ideoloji vəzifəsi, onun fəaliyyətinin əsası insan-vətəndaşdır və  dövlət başçısı bu vətəndaşın yüksək intellektual səviyyəsinin təmin olunmasında qərarlıdır.

Ölkənin əsas intellektual düşüncə sahibləri də belə hesab edirlər ki, Azərbaycanda formalaşan yeni ideologiya və strategiyanın əsasında Prezident İlham Əliyevin dövlət idarəçiliyinin elə ilk illərindən irəli sürdüyü insan kapitalının inkişafı xətti davam etdirilməlidir. Çünki iqtisadiyyatın və siyasətin qloballaşdığı indiki şərait siyasətçilərin, sosioloqların və iqtisadçıların diqqətini yenidən insana, daha dəqiq ifadə etsək, onun daxili “məzmununa” - onun təhsil kapitalına, mədəniyyət kapiatalına, sağlamlıq kapitalına və s. cəmləmişdir. Hazırda bütün dünyada insan kapitalı sahəsində tədqiqatların daha böyük aktuallıq kəsb etməsi bunu bir daha təsdiq edir. Prezident İlham Əliyev bu məsələnin Azərbaycanda daim gündəlikdə olduğunu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Bakıda keçirilən Dünya İqtisadi Forumunun açılışındakı  nitqində təkrar  vurğuladı: “Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk və əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır...”

Bütün bunlarla yanaşı,  insanın və vətəndaşın hüquq və azdlıqlarının təminatı da demokratik dövlətin əsas mühüm əlamətlərindəndir. Axı həyatda yer üzünün əşrəfi sayılan insan, onun maraqları, hüquq və azadlıqlarından ali dəyər yoxdur. Məhz bunu əsas tutan Qərb demokratiyasının qurucularından biri, ABŞ-ın üçüncü prezidenti Tomas Ceferson yazırdı: “Biz aşağıdakı həqiqətləri yəqin hesab edirik ki, bütün insanlar bərabər yaradılıb, onlara Tanrı tərəfindən müəyyən təkzibolunmaz  hüquqlar verilib və həyata, azadlığa,  xoşbəxtliyə çalışmaq kimi hüquqlar da  bunlardandır ...”

İnsan təkcə “inkişaf faktoru”, “modernləşdirmə resursu” yox, həm də ali məqsəd, ali dəyərdir. Bunu sadəcə bəyan etmək deyil, bu sahədə etibarlı təminat sistemini qurmaq üçün müəyyən mexanizmlər, onların reallaşması üçün şərait yaratmaq lazımdır. Yəni, dövlətin aydın və dəqiq işlənmiş sosial-iqtisadi siyasəti olmalıdır və bu siyasət də Azərbaycanda artıq neçə illərdir ki, uğurla həyata keçirilir.

Bu gün dövlət tənzimləməsini həyata keçirən bütün ölkələrdə praktik olaraq dövlətin sosial siyasəti ön planda durur. Həmin cəmiyyətdəki insanın müəyyən rifah standartı hüququnun təmin olunması zərurəti və cəmiyyətin hər bir üzvünün sosial müdafiəsi bunun əsasını təşkil edir. Mahiyyətcə sosial siyasət cəmiyyətdə ədalətli münasibətlərin dəstəklənməsinə əsaslanan, cəmiyyətin həyatının sosial-iqtisadi şəraitinin tənzimlənməsi, ayrı-ayrı sosial qruplar arasında münasibətlərin  tənzimlənməsi, cəmiyyətin bütün üzvlərinin həyat səviyyəsinin yüksəlişi şəraitinin təmin olunması siyasətidir.

Bu sahədəki vəziyyətə xronikasına nəzər salsaq görərik ki, müstəqilliyin ilk onilliyində vəziyyət o qədər də ürək açan olmamışdır. Ölkədə iqtisadi inkişaf tempinin artmağa başladığı, xarici investisiyaların, yeni, innovasiyalı infrastrukturun yaradılmasına start verildiyi vaxtda belə, ölkədə yoxsulluq həddində yaşayan əhalinin sayı 50 faizi ötüb keçirdi. Belə bir vəziyyətin Azərbaycan üçün məqbul olmadığını əsas götürən ulu öndər Heydər Əliyevin, hələ 2003-cü ilin fevralında imzaladığı “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təsdiqi haqqında  fərman bu istiqamətdə xüsusi əhəmiyyətə malik müsbət bir başlanğıc oldu. Dövlət Proqramının reallaşdırılmasına Prezident Heydər Əliyevin ömrü vəfa etməsə də onun işini gənc dövlət başçısı İlham Əliyev uğurla davam etdirməyə başladı.

Yoxsulluq həddində yaşşayan insanların sayı Azərbaycanın inkişaf tempinə uyğun olaraq sürətlə aşağı düşməyə başladı. Dövlət Statistika Komitəsindən məlumatlarına diqqət yetirək: Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə 9,1 faiz, 2011-ci ildə 7,6 faiz təşkil etmişdir.  Bütövlükdə isə yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5 faizə enib. Yoxsulluğun azaldılmasında əldə olunan nailiyyətlərin  ən mühüm səbəblərindən biri isə Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq olunması və yüksək fəallıqla həyata keçirilməsi olmuşdur.

Makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi kimi mühüm  strateji istiqamətləri özündə əks etdirən Dövlət Proqramının reallaşdırılması istiqamətində tədbirlər bu gün də davam etməkdədir. Buradaca bir reallığı da qeyd etməliyik ki, yoxsulluğun azalması ilə bərabər yoxsulluq həddi də yüksəlməkdə davam edir.Yəni, yoxsulluq həddi 2003-cü ildə 35,8 manat olmuşdusa,  2011-ci ildə bu məbləğ 3 dəfə artaraq 106,9 manata çatmışdır.

Dövlət Proqramının əsas istiqamətlərindən də göründüyü kimi, sosial siyasətin başlıca istiqaməti əhalinin gəlirlərinin formalaşdırılması siyasətidir. Dünya təcrübəsindən məlumdur ki, bazar iqtisadiyyatı şəraitində gəlirlərin bölgüsündə hər bir mülkiyyətçi istehsal faktorundan - tələb və təklifdən asılı olaraq öz gəlirini əldə edir. İstehsal prosesində iştirak edən işçi qüvvəsinin sahibkarları isə hansı işi yerinə yetirdiklərindən və necə yerinə yetirdiklərindən asılı olaraq gəlir əldə edirlər və burada artıq, əmək əsas kriteriyaya çevrilir. İstehsal vasitələrinin və pul kapitalının sahibkarı mülkiyyətinin həcmindən və onun reallaşdırılması şəraitindən asılı olaraq gəlir əldə edir. Ona görə də bazar iqtisadiyyatındakı bölgünün əsasında, iki əsas gəlir mənbəyini müəyyən edən -əməyə və mülkiyyətə görə bölgü durur. Əldə olunan gəlirlər ayrı-ayrı insanların rifah halını və həyat şəraitini müəyyən edir. Məhz bu məqamda ədalətsiz bölgünün olmaması üçün dövlət tənzimləmə mexanizmi işə düşür. Axı gəlirlərin bölgüsündəki qeyri-bərabərlik həyat səviyyəsində də qeyri-bərabərliyə gətirib çıxarır. Və bu qeyri-bərabərliyin bazar iqtisadiyyatına keçiddə və böhran sarsıntıları dövründə daha aydın şəkildə artdığı müşahidə edilir.

Təbii ki, Azərbaycanda da bu proseslər gedirdi və dünyanın qabaqcıl ölkələrinin keçdiyi yolu yaxşı bilən gənc dövlət başçısı fəaliyyətinin ilk günlərindən bu məsələləri diqqətdə saxlamağa və konkret tədbirlər görməyə başladı. Zəngin ölkədə kasıblıq həddində yaşayan əhalinin çoxluq təşkil etməsi, gəlirlərin ədalətsiz bölgüsü, işsizlik və sair kimi sosial vəziyyəti ağırlaşdıran problemlər dövlətin ən qısa zamanda həllinə başladığı prioritet məsələlərə çevrildi. Prezident İlham Əliyev bu prioritetləri sadəcə bəyan etməklə kifayətlənmədi və ölkənin bazar iqtisadiyyatı şəraitində yaşadığı bir dövrdə əhalinin sosial müdafiəsini təmin etmək üçün kompleks tədbirlər proqramlarının işlənib hazırlanmasına və reallaşdırılmasına başladı. İş yerlərinin açılması, onunla birbaşa bağlı olan yoxsulluğun azaldılması dövlətçilik nöqteyi-nəzərindən çox mühüm məsələ idi. Məşhur rus filosofu İlya İlinin bu fikrinə diqqət yetirsək məsələnin mahiyyətini daha aydın dərk etmiş olarıq: “Varlılar və kasıblar arasında fərq həmişə olub və həmişə olacaq. Ancaq maşın texnikasının və kapitalizm istehsalının inkişafı var-dövləti birə-beş artan zənginlərlə, həsəd hissi də elə bu qədər  artan kasıbları kəskin şəkildə üz-üzə qoydu. İstehsal köməksizliyinə məruz qalan əhalinin kasıb hissəsi- kəskinləşən həsəd hissinin ilk mənbəyidir; məhz sadəcə kasıblıq yox ( insanlar həmişə onun öhdəsindən gəliblər), həm də tam təsərrüfat köməksizliyi, işsizlik, kasıbın varlıdan tam asılılığı. Belə bir hal heç vaxt və heç yerdə olmamalıdır, bu məsələ dövləti daim qayğılandırmalıdır...” Məhz bu səbəbdən dövlətin sosial-iqtisadi siyasətinin obyektləri əmək bazarı və məşğulluq, əmək münasibətləri, əməyin ödənilməsi və əhalinin gəlirləri və əhalinin sosial təminat sistemi onun fəaliyyətində mühüm yer tutur. Prezident İlham Əliyevin 2003-cü ildə Prezidentliyə ilk namizədliyi dövründə ölkədə işsizliyin aradan qaldırılması və sahibkarlıq fəaliyyətini ölkə iqtisadiyyatının əsas lokomativinə çevirəcəyi istiqamətində verdiyi vədlər və sonradan 10 illik Prezidentliyi dövründə bu məsələləri xüsusi nəzarətdə saxlayıb onlara nail olması bizim düşündüyümüzdən qat-qat ciddi və mühüm məsələlərdir. Axı ictimai sabitlik üçün, demokratik proseslərin dərinləşdirilməsi üçün işçi qüvvəsinin özlərini təmin etmək qarantının mövcudluğu çox ciddi məsələdir. Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycanda bu sahədə inkişafın miqyasını açıqlayaraq  deyir: “Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır”. Əsl demokratiya o insanların dəstəyi ilə yaradılır ki, onlar maddi cəhətdən hakimiyyətdən asılı deyillər, kimin normal həyat şəraiti var, bu şəraiti o, öz zəhməti, təhsili və əldə etdiyi biliyi ilə yaradır. İngilis tarixçisi Henri Tomas Bokl elə bu mövqedən çıxış edərək yazırdı ki, “keçmişdə təbiəti daha bərəkətli və məhsuldar olan ölkə zəngin sayılırdısa, indi insanları daha fəal olan ölkə zəngindir”.  Bütün sosial müdafiə sistemi müəyyən prinsiplər əsasında qurulmalıdır. Hər şeydən əvvəl, qanunvericilik aktlarının nəzərdə tutduğu bütün hallarda ölkənin bütün vətəndaşları  dövlətin sosial müdafiəsi ilə təmin olunmalıdır. Bu, hər bir insanın vəziyyətinin sabit olmasına o zaman təminat verər ki, bütün sosial tədbirlər birdəfəlik xarakter daşımasın və icra hakimiyyəti strukturlarının qərarlarından asılı olmasın.

Şəxsiyyətin rifahının və bütövlükdə cəmiyyətin çiçəklənməsinin təmin olunduğu sosial dövlət bəşəriyyətin tarixi inkişafının indiki mərhələsində dövlət quruculuğu və hamanist insani dəyərlərin həyata keçirilməsi sahəsində sivilizasiyanın ən yüksək nailiyyətidir.  Tam cəsarətlə demək olar ki, Azərbaycan dövlətinin sosial siyasətinin də başlıca təyinatı cəmiyyətin üzvlərinin maddi, mədəni və mənəvi cəhətdən tam təmin olunması, onların hərtərəfli və harmonik inkişafının formalaşdırılmasıdır. Bu məsələdə hakimiyyətin kollektiv subyekti, hakimiyyətin mənbəyi olan xalq ölkədə həyata keçirilən dövlət sosial siyasətinin səmərəliliyini, nəticələrini və cəmiyyətə faydasını dəyərləndirən ən ədalətli hakimdir.

 

Arzuman MURADLI,

 politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında