Bakıda mənzil almış jurnalistlərə sənədlərin təqdim edilməsi və fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

 

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bu ilin iyul ayında dövlət başçısının Sərəncamı ilə tikilmiş binada mənzil almış jurnalistlərə mənzillərin sənədlərinin və açarlarının təqdim edilməsi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və media nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının inşasına başlanılmışdır. Bu il 22 iyul - Milli Mətbuat Günündə isə  Prezident İlham Əliyevin iştirakı ilə  binanın açılışı olmuşdur. Bina tam təmirlidir və sənədləşmə ilə bağlı dövlət aktı qəbul olunmuşdur.

Azərbaycan dövlətinin mətbuata qayğısı,  jurnalistlərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları deyil,  bütövlükdə cəmiyyətimiz bəhrələnir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki,  dövlətimiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ciddi bir sosial siyasət yürüdür. Bu sosial siyasətin tərkib hissəsi insanları informasiya ilə təmin edən, cəmiyyətin milli mənəvi dəyərlərinin keşiyində duran media işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır.

Media sahəsində ən çox xidmətləri olan jurnalistlərə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mənzillərin verildiyini diqqətə çatdıran Əli Həsənov demişdir ki, dövlət başçısının digər sərəncamı ilə jurnalistlər üçün tikiləcək ikinci binanın təməli qoyulmuşdur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata yüksək diqqət və qayğısının daha bir əyani nümunəsidir.

Prezident Administrasiyasının şöbə müdiri 2013-cü ilin Azərbaycan üçün uğurlu il olduğunu, ölkəmizin dünyanın təbii qaz xəritəsini dəyişdirəcək addımlar atdığını qeyd etmişdir.

Əli Həsənov bildirmişdir ki, bu ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev xalqımız  tərəfindən yekdilliklə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bütün bunları ümumiləşdirərək qeyd etmək olar ki, biz sözün həqiqi mənasında uğurlu bir ili yola salırıq və böyük müvəffəqiyyətlər və uğurlar vəd edən Yeni ili qarşılamağa hazırlaşırıq.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mənzil almış jurnalistləri, fərdi jurnalist yazıları müsabiqəsinin bütün iştirakçılarını, o cümlədən qalibləri qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.

Sonra Əli Həsənov mənzillərin sənədlərini və açarlarını jurnalistlərə təqdim etmişdir.

 “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mənzil almış jurnalistlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Tədbirdə media ilə sıx əməkdaşlıqlarına görə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqova Fondun xüsusi mükafatları təqdim edilmişdir.

Mərasimdə fondun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verilmişdir.

Fondun icraçı direktoru Vüqar Səfərli demişdir ki, qurumun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunmuşdur. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilmişdir. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilmişdir.

Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılmışdır. Müzakirələrdə iştirak edən Şura üzvləri jurnalist peşəkarlığının artırılması baxımından müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildirmişlər. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilmişdir. Bundan əlavə, müsabiqənin 15 iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınmışdır.

Bildirilmişdir ki, müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, artıq ölkəmizdə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi və qaliblərin ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bu cür  təntənəli mərasimlərdə mükafatlandırılması ənənə halını almışdır.

 Mərasimin sonunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında