Geniş oxucu kütləsinə malik nüfuzlu “VİOAS” (“Hind okeanının və Ərəb dənizinin səsi”) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etmişdir. Bu münasibətlə jurnal dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr etmişdir.
Seyşel Adaları Respublikasında nəşr olunan “VİOAS” jurnalı strateji əhəmiyyətə malik olan Hind okeanı və Ərəb dənizi regionunun səsini dünyaya çatdırmaq missiyasını üzərinə götürmüşdür. Jurnalın əsas məqsədi regiondakı əsas geosiyasi prosesləri işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və qlobal istiləşmə, dəniz quldurluğuna qarşı mübarizə, turizmin inkişaf etdirilməsi məsələlərinə diqqəti cəlb etmək, eləcə də Hind okeanında və onun sahillərində yaşayan xalqlar arasında dostluğun və mehriban münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir.
Eyni zamanda, hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq istiqamətində səy göstərən Seyşel Adaları Respublikasında Azərbaycanın bu qurumdakı ikiillik fəaliyyət dövrü diqqətlə izlənilir. Təsadüfi deyildir ki, jurnalın redaksiya heyətinin oxuculara müraciətində bildirilir ki, Azərbaycan Prezidentinin “İlin adamı” seçilməsi heç də yalnız onun xalqın böyük dəstəyi ilə növbəti dəfə Prezident seçilməsi və şəxsi liderlik keyfiyyətləri ilə bağlı deyildir. Bu qərar həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin və vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlməsinin nəticəsidir.
Bu münasibətlə dövlətimizin başçısı İlham Əliyevin 10 illik fəaliyyətindən sonra 2013-cü il oktyabrın 9-da yenidən xalqın böyük dəstəyi ilə Prezident seçildiyi diqqətə çatdırılır. Bildirilir ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5,5 faizə düşmüşdür. 2020-ci ilədək ölkədə ümumi daxili məhsul istehsalının iki dəfəyədək artırılması qarşıya məqsəd qoyulmuşdur.
Azərbaycanın sosial-iqtisadi və siyasi uğurlarına böyük diqqət ayıran “VİOAS” jurnalının yeni nömrəsinin “İlin adamı” sərlövhəli ilk məqaləsi də Prezident İlham Əliyevin dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkəmizin keçdiyi inkişaf yoluna həsr olunmuşdur.
Jurnalın nəşriyyatçı şirkətinin rəhbəri Ceyms Mançamın müəllifi olduğu məqalədə yüksək iqtisadi inkişafa nail olan, yoxsulluğun sürətlə azaldıldığı, müasir və firavan cəmiyyətin qurulduğu Azərbaycanın son 10 ildəki nailiyyətlərini dünyada təkrarlaya biləcək ölkənin olmadığı vurğulanır. Müəllif qeyd edir ki, Prezident İlham Əliyevin güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən liderliyi olmadan bu yüksək göstəriciləri əldə etmək mümkün olmazdı. Bunun məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev prezident seçkilərində səslərin 84,59 faizini toplayaraq növbəti 5 ildə də dövlət başçısı seçilmişdir.
C.Mançam yazır ki, onun ölkəmizlə yaxından tanışlığı Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratların (CAPDİ) vitse-prezidenti kimi 9 oktyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunması və Filippin Milli Assambleyasının keçmiş sədri, hazırda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesiyanın başçılıq etdiyi müşahidəçi qrupun tərkibində ölkəmizə səfəri ilə bağlıdır.
Azərbaycan haqqında bir sıra məlumatların verildiyi yazıda Prezident İlham Əliyevin 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrınadək Azərbaycanın dövlət başçısı olmuş ulu öndər Heydər Əliyevin davamçısı olduğu vurğulanır. Qeyd olunur ki, 1969-1982-ci illərdə Heydər Əliyev sovet Azərbaycanına da rəhbərlik etmişdir.
Müəllif yazır ki, Prezident İlham Əliyev islahatçı lider kimi bənzərsiz inkişafa, ölkənin yüksək səviyyəli xarici əlaqələrinin qurulmasına, yoxsulluğun kəskin şəkildə azalmasına nail olmuşdur. Təsadüfi deyil ki, təxminən 10 illik fəaliyyətindən sonra Prezident İlham Əliyevə 2013-cü il seçkilərində ciddi rəqib sayılacaq siyasi fiqur olmamışdır və prezidentliyə iddialı olan müxalifət namizədləri seçkilərin nəticəsində siyasi arenada layiq olduqları yerə sahiblənmişlər.
Ölkəmizdəki seçkiqabağı mühitlə bağlı fikirlərini bölüşən müəllif qeyd edir ki, Azərbaycan Hava Yolları ilə Londondan Bakıya yola düşməmişdən əvvəl təsadüfən radio reportajların birində Azərbaycan haqqında bəzi mənfi fikirlər eşitdim. Bununla bağlı o yazır: “Əvvəlcə, bu, mənin Bakıda gərgin, mübahisəli və sərt siyasi atmosferlə üzləşəcəyimi güman etməyimə səbəb oldu. Lakin xoşbəxtlikdən mən hər zaman ”cəmiyyətin nəbzi"nə inanan biri olmuşam, çünki bu, bəzən ölkənin vəziyyətini və əhval-ruhiyyəsini statistikalardan və peşəkar siyasi təhlillərdən daha yaxşı izah edir. “Cəmiyyətin nəbzi” insanların həqiqi hisslərini və onların bu gün və sabahla bağlı gözləntilərini dəqiq əks etdirir. Bu nöqteyi-nəzərdən çox keçmədən anladım ki, Prezident İlham Əliyev fəal şəkildə dəstəklənir və xalq seçkilərdə tanıdığı, fəaliyyətinə bələd olduğu liderə səs verəcəkdir".
Seçkilərdən sonra Prezident İlham Əliyevin xalqa müraciətində Azərbaycanın son 10 ildə dünyada ən sürətli iqtisadi artıma malik olan ölkələrdən birinə çevrilməsi ilə bağlı fikirlərini xatırladan müəllif qeyd edir ki, bu gün ölkənin gələcəyi işıqlı görünür. Ümumi daxili məhsulda böyük artımla yanaşı, sosial rifah ölkədə əmanətlərin üçqat artmasına səbəb olmuşdur. Seçkidən sonra xalqa müraciətində Prezident İlham Əliyev qarşıdakı illərdə ölkənin inkişafına zəmin yaradan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından bəhs etmişdir. Ümumilikdə, bu strategiya çərçivəsində ölkənin adambaşına düşən ümumi daxili məhsulunun həcmi 2020-ci ilədək iki dəfə artırılacaqdır. Bu isə öz növbəsində infrastrukturun yenidən qurulması, nəqliyyat, şəhər xidmətləri və özəl sektorun inkişafına ayrılan diqqət sayəsində Azərbaycanı ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyatı olan ölkəyə çevirəcəkdir.
Məqalədə bildirilir ki, Dövlət Neft Fondunun maliyyə vəsaitlərinin yardımı ilə 2014-cü ildə böyük həcmdə dövlət investisiya xərclərinin iqtisadi artıma təkan verəcəyi gözlənilir. Müəllif, həmçinin qeyd edir ki, “VİOAS” jurnalının “İlin adamı” kimi Prezident İlham Əliyevi seçməsi ötən əsrdən etibarən dünyanın nə qədər çox dəyişdiyini göstərir. Bu, o deməkdir ki, Azərbaycan artıq əksər gənc dövlətlər üçün inamlı və hərtərəfli inkişaf modelinə çevrilmişdir. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev müdirlik və qətiyyətli liderlik keyfiyyətlərini özündə birləşdirən, XXI əsrin başlanğıcında dövləti “üçüncü dünya” ölkəsi səviyyəsindən müasirliyə aparan dövlət xadimlərinin bir nümayəndəsidir. Qloballaşmanın təsiri altında güc balansının Atlantikdən Hind və Sakit okeanlarına doğru dəyişdiyinin vurğulandığı yazıda qeyd olunur ki, Seyşel Adaları Respublikası da bir vaxtlar “xırda dövlət” adlanırdı. Buna baxmayaraq qloballaşma belə bir fikri deməyə əsas verir ki, dənizlə əhatə olunmuş heç bir dövlət kiçik deyil və kiçik ölkələrdə yaşayan xalqlar heç də mütləq şəkildə “kiçik xalqlar” deyildir.
Məqalədə bildirilir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan ölkə Prezidentinin müdrik rəhbərliyi ilə bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Jurnaldakı “Azərbaycan beynəlxalq səviyyədə ədalətin bərpasına mühüm töhfələr verir” sərlövhəli məqalədə isə ölkənin BMT Təhlükəsizlik Şurasına üzvlüyü dövründə beynəlxalq səviyyədə ədalətin bərpasına və beynəlxalq hüququn prinsiplərinə mühüm töhfələr verdiyi vurğulanır. Yazıda bildirilir ki, bu müddət ərzində Azərbaycan etibarlı tərəfdaş olaraq quruma üzv ölkələr, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı davam etdirmişdir. Həmçinin qeyd olunur ki, 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu müddət ərzində qurumda bir sıra mühüm qərarlar qəbul olunmuş, beynəlxalq sülh və təhlükəsizlik məsələləri müzakirə edilmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yüksək səviyyəli görüş keçirilmişdir.
Göründüyü kimi, Azərbaycanın sosial-iqtisadi inkişafı və xarici siyasət fəaliyyəti beynəlxalq səviyyədə uğurlu nümunə kimi qəbul olunur. Bu baxımdan nüfuzlu “VİOAS” jurnalının Prezident İlham Əliyevi “İlin adamı” elan etməsi Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurların müəllifi olan dövlətimizin başçısına beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.