Ölkəmiz müstəqillik qazandığı ilk illərdə dövlət idarəçiliyindəki səriştəsizlik bütün sahələrdə özünü büruzə verirdi. Respublikada yaranmış anarxiya, xaos və özbaşınalıq iqtisadiyyatımızı çökdürürdü.
Ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gəldikdən sonra iqtisadiyyatın gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Ulu öndər ilk növbədə xarici investorları Azərbaycana cəlb etməyi prioritet vəzifə kimi qarşıya qoydu və buna nail oldu.
Mən 19 il bundan əvvəlki tarixi hadisəni xatırlatmaq istərdim. Azərbaycan müstəqillik əldə etdikdən cəmi 3 il sonra ümummilli liderin uzaqgörənliyi sayəsində XX əsrin müqaviləsi hesab olunan “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu. Bu müqavilə həm iqtisadi, həm də siyasi baxımdan çox böyük əhəmiyyət kəsb edirdi. İlk növbədə, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atıldı. Digər tərəfdən, dünyanın tanınmış iri şirkətləri Azərbaycana sərmayə qoyacaqdı. Bu da iqtisadiyyatımızın möhkəmləndirilməsində böyük rol oynayacaqdı. Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra xarici tərəfdaşlarımız ilə birlikdə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında böyük rol oynadı. Bu hadisə ilk dəfə xarici sərmayələrin Azərbaycana yolunu açmış və uğurlu iqtisadi inkişafı təmin etmişdir. Bu tarixi müqavilə, həmçinin Azərbaycanın enerji strategiyasının əsasını qoydu.
Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın enerji sahəsinin inkişafında bir - birinin ardınca mühüm tarixi hadisələr baş verdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanması da ölkə iqtisadiyyatının güclənməsində böyük rol oynayırdı. Ümummilli lider Heydər Əliyev hələ 1997-ci ildə “Şahdəniz” yatağı üzrə müqavilə layihəsinin idarəetmə komitəsi üzvləri ilə görüşündə bu layihəni yüksək qiymətləndirərək demişdir: “Şahdəniz” yatağında gördüyümüz işlər və əldə etdiyimiz nəticələr bizə bundan da dərin yerlərdə, bundan da mürəkkəb işlər görməyə imkan yaradacaqdır”.
Bundan sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən və onun ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə “Cənub” qaz boru kəməri inşa edilmiş və həyata vəsiqə almışdır. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli ölkəyə çevrilmişdir.
Hazırda dünyanın ən iri şirkətləri Azərbaycanla əməkdaşlığını davam etdirir. Bu, ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olmasının, eyni zamanda, müstəqil dövlətimizə olan inam və etibarın bariz nümunəsidir. Mən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqin ölkəmiz haqqında səsləndirdiyi fikirləri diqqətə çatdırmaq istərdim. O deyib ki, “Bu gün Azərbaycanda Böyük Britaniyanın 300-dən artıq şirkəti fəaliyyət göstərir. Biz bundan sonra da iki ölkə arasında güclü ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi imkanlarını araşdırmalıyıq. Hökumətlərimiz BMT Təhlükəsizlik Şurasında bir sıra məsələlər üzrə mühüm əməkdaşlıq etmişlər. Britaniyada təhsil alan çoxsaylı azərbaycanlı tələbələr Bakıda uğurla fəaliyyət göstərirlər. “British Council” və Azərbaycanda yaşayan üç mindən artıq britaniyalı ölkələrimiz arasında güclü təmaslar qururlar”.
Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasiminin əhəmiyyətindən danışan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri vurğulamışdır ki, bu tədbirin əhəmiyyəti ölkələrimiz arasında ikitərəfli münasibətlərdən tutmuş enerji təhlükəsizliyinə qədər bir sıra sahələrdə hiss olunacaqdır. Bununla biz yeni iş yerlərinin yaradılması, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılması və qlobal iqlim dəyişikliyi ilə mübarizədə səylərimizi dəstəkləyəcəyik.
Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi bir daha təsdiqlədi ki, artiq Azərbaycan iri infrastruktur layihələrin reallaşdırılmasına qadir olan müstəqil dövlətdir. Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. Bu, iri infrastruktur layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Onu da qeyd edək ki, bir vaxtlar Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin də əsası qoyulanda çoxları bu layihənin reallaşdırılmasına şübhə ilə yanaşırdı, hətta inanmayanlar da olmuşdu. Ancaq zaman hər şeyi arxada qoydu. Eyni şübhələr bu layihə ətrafında da cərəyan edirdi. Hətta bunu mümkünsüz layihə adlandıranlar da olmuşdu. Lakin göründüyü kimi, mümkünsüz hesab edilən “Cənub” qaz dəhlizi layihəsi uğurla başa çatdırılır.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşdırılmasına təkan verəcək. Bu layihə reallaşdırıldıqdan sonra Avropaya yeni qaz dəhlizi açılacaq. Bu layihə əsasında qarşıda çox böyük işlərin görüləcəyi nəzərdə tutulub. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. Azərbaycan öz təbii sərvətini müstəqil şəkildə Avropa bazarlarına, oradan isə dünya miqyasına çıxaracaq.
Möhtərəm Prezidentimiz İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimindəki çıxışında da bu layihənin əhəmiyyətini vurğulayaraq demişdir: “Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir. “Şahdəniz-2”,
TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır”. Dövlətimizn başçısı Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik etmiş və bildirmişdir ki, bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir.
Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu baxımdan “Şahdəniz-2” layihəsi çox yüksək dəyərə malikdir. Çünki bu layihə enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri isə təbii qazdır. Təxmini hesablamalara görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.
Azərbaycanda uğurla həyata keçirilən enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, iri şirkətlərlə əlaqələrin getdikcə möhkəmləndirilməsi, iqtisadi inkişafın əsas elementlərindəndir. Davamlı enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmış, özəl sektordakı ümumi daxili məhsul istehsalını sürətlə artırmışdır. Təsadüfi deyildir ki, hazırda iqtisadiyyatımızın 85 faizini məhz özəl sektor təşkil edir. Bu inkişaf işsizliyin aradan qaldırılmasına da öz təsirini göstərib. Son on ildə 1 milyondan çox yeni iş yerinin yaradılması işsizlik səviyyəsini 4,8 faizə endirmişdir. Yoxsulluq səviyyəsi də 5,5 faizə endirilmişdir. Bu iki sahə insanları ən çox narahat edən sahələr idi. Bir vaxtlar Azərbaycandan başqa ölkələrə işləməyə gedənlər indi geri qayıdaraq öz ölkəmizdə beynəlxalq standartlara uyğun müəssisələrdə çalışırlar. Üstəlik, xarici ölkə vətəndaşları da işləmək üşün məhz Azərbaycana üz tutublar.
XXI əsrin müqaviləsi hesab olunan “Şahdəniz-2” layihəsinin reallaşdırılması ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq. Bu layihə üzrə yekun investisiya qərarının Bakıda imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan artıq iri infrastruktur layihələrin reallaşdırılmasına qadirdir və bu sahədə beynəlxalq təcrübəyə malik olan müstəqil dövlətdir.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.