Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı qarşılıqlı maraqlar və milli mənafeyimiz üzərində qurulmuşdur

 

 

Dövlət müstəqilliyini bərpa edən xalqımız müstəqilliyin ilk illərində çoxsaylı problem və məhrumiyyətlərlə üz-üzə qalmışdı. Beynəlxalq aləmlə münasibətlərin qurulmasına və gənc müstəqil dövlətimizin mövcudluğunu dəstəkləyəcək dostların, müttəfiqlərin köməyinə böyük ehtiyac duyulurdu. Hakimiyyətdə olan qüvvələrin diplomatiya, xarici siyasət, beynəlxalq aləmə inteqrasiya məsələlərindən qətiyyən xəbəri yox idi. Ancaq tanrı yol göstərəndir. Xalqın öndə gedən insanlarının təşəbbüsü,  təşəbbüs irəli sürüləndən sonra isə ölkə əhalisinin təkidli tələbləri ilə yenidən siyasi hakimiyyətə gələn böyük dövlət xadimi Heydər Əliyev gənc müstəqil dövlətimizin xarici siyasət kursunu da müəyyənləşdirdi, xarici ölkələrdəki diplomatik korpusumuzu da formalaşdırdı, beynəlxalq aləmə inteqrasiyamızı da məhz öz dövlətimiz üçün gərəkli olan məcraya yönəltdi. Bununla da həm müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, həm də Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektlərindən birinə çevrildi.

Ulu öndər bəyan etdi ki, Azərbaycan bir Şərq ölkəsi olaraq əsrlərdən bəri formalaşmış bütün dəyərlərini qoruyub saxlayacaq. Eyni zamanda biz Avropa və Qərb dəyərlərini, xüsusən, demokratiya və insan hüquqları sahəsində mövcud olan dünya təcrübəsini qəbul edərək sivil, hüquqi, dünyəvi dövlət quracağıq.  Böyük dövlət xadiminin fikrincə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemindəki  yeri Avropa ölkələri, yeni müstəqil respublikalar, türkdilli dövlətlər,  müsəlman dünyası və nüfuzlu beynəlxalq təşkilatların sırasında olmalı idi.  Ulu öndər buna nail olmaq üçün ölkəmizin xarici aləmlə  əlaqələrinin yaxın dövr üçün prioritetlərini  müəyyənləşdirdi. Bundan başqa, həmin dövrdə coğrafi cəhətdən ölkəmizə yaxın olan dövlətlərlə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək kimi mühüm vəzifə də uğurla reallaşdırıldı.

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkəmiz   bütün dövlətlərə münasibətdə onların hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, suveren, bərabərlik prinsipinə əsaslanan  xarici siyasət həyata keçirmək təcrübəsini qazandı.  Ölkəmizin  BMT, NATO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, GUAM,  MDB, İslam  Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, UNİSEF, Beynəlxalq Valyuta Fondu, “Qoşulmama hərəkatı” , “Böyük İyirmilik”, bütün beynəlxalq idman federasiyaları  və bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının təməlində bilavasitə ulu öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı tezis və prinsiplər dayanır.  Fəxrlə deyə bilərik ki, Azərbaycan həmin təşkilatların hamısında söz sahibidir. Bundan başqa, respublikamızın  bütün dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr yaratması, regionda və dünyada  sülh içində birgəyaşama və mehriban qonşuluq münasibətləri qurması  Heydər Əliyev  xarici siyasətinin əsas xüsusiyyətləri olub və bu tendensiya indi də  davam etdirilir.

Bu gün dünyanın aparıcı politoloq və siyasətçiləri açıq şəkildə etiraf edirlər ki, son on ildə Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması Prezident  İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçımızın özü isə bu məsələ ilə bağlı demişdir:  “Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”.

 Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev  respublikamızı dünyanın   bütün ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlətə çevirib.  Azərbaycan faydalı əməkdaşlıq üçün kifayət qədər açıq ölkədir. Respublikamızın  BMT Təhlükəsizlik Şurasının  qeyri-daimi üzvlüyünə seçilməsində 155 ölkənin məhz Bakının mövqeyini  dəstəkləməsi  dostlarımızı sevindirdiyi kimi bədxahlarımızı xeyli məyus eləmişdi.  Uzun müddət  Azərbaycanın Avropa Şurası  Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmiş İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz haqqında həqiqətlərin dünyada tanınmasını yüksək səviyyədə təmin edir. Bilavasitə onun siyasi  fəaliyyəti dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibətin kökündən  dəyişməsinə səbəb olub.  Dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin məzmununa diqqət yetirəndə görürük ki, artıq Azərbaycanın ədalətli mövqeyi bütün dünya tərəfindən dəstəklənir.

Dünya dövlətləri gördülər ki, Azərbaycan  BMT Təhlükəsizlik Şurasında  sədrlik dövründə  “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli görüşdə özünəməxsus qətiyyət nümayiş etdirdi. Bu, çox vacib məqam idi. Çünki müasir dünyada terrorizmdən ən çox əziyyət çəkmiş ölkələrdən biri məhz Azərbaycandır. İstənilən beynəlxalq təşkilatın tribunasından çıxış edən dövlət rəsmilərimiz erməni terrorçularının xalqımızı məruz qoyduğu fəlakət və faciələr barədə əhatəli söz açırlar.  BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin yüksək vəzifəli şəxslərinin  iştirak  etdiyi tədbirdə dövlətimizin başçısı  Azərbaycanın xaricdən dəstəklənən terrora məruz qaldığını bildirmiş,  Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasəti barədə ətraflı məlumat vermiş, işğal altındakı ərazilərimizin terrorçuluq, separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif formaları baxımından ciddi narahatlıq mənbəyi olduğunu vurğulamışdı. Azərbaycan Prezidenti təkidlə israr etmişdir ki, Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları və prinsipləri çərçivəsində, xüsusilə, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı şərti əsasında həll olunmalıdır.  Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də  dünya ictimaiyyətindən bir daha tələb edirdi ki,  dövlətlərə öz əraziləri üzərində suverenliyinin bərpa edilməsinə yardım göstərilməlidir. Bu isə o demək idi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verərkən tamamilə doğru yol tutmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi respublikamızın daha geniş əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan bir neçəsi bilavasitə Avropa miqyaslıdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunmasında xüsusi rol oynayır. Rəsmi Bakı isə bu əməkdaşlıq zamanı təkcə özünün  istehsal etdiyi məhsulu satmaq üçün bazar əldə etməklə kifayətlənmir, eyni zamanda, ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması istiqamətində  mühüm addımlar atılmasını gözləyir.  Artıq heç kəsə sirr deyil ki, Avropanın bütün qurumları bu məsələdə Azərbaycanın mövqelərini dəstəkləyən qərar və ya qətnamə ilə çıxış etmişlər. İndi artıq Avropada hamı yaxşı bilir ki,   Azərbaycan enerji sahəsində postsovet məkanında Qərb ilə əməkdaşlıq edən nüfuzlu dövlətdir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin uğurla reallaşdırılması dünyada Cənubi Qafqaz regionunun əhəmiyyətini artırıb, Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm  töhfə verir.

Xatırladaq ki, Avropa ilə mövcud olan  bu əməkdaşlıq fonunda Azərbaycanın dünyanın  bütün ölkələri ilə əməkdaşlığı da gündən-günə genişlənir.Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan verir. Ölkəmizin  beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Respublikamız  təkcə Avropa və Asiya ölkələri ilə deyil,  həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika dövlətlərilə ikitərəfli əməkdaşlığa diqqət yetirir. İndiyədək Latın Amerikasının bir neçə ölkəsinin rəsmi nümayəndə heyəti Bakıda səfərdə olub, eləcə də Azərbaycanın rəsmi şəxsləri həmin ölkələrdə görüşlər keçiriblər. Kolumbiya və Meksika parlamentləri tərəfindən  Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilməsi məhz ikitərəfli əməkdaşlığa mühüm önəm verilməsinin bariz ifadəsidir.

Bu bir faktdır ki, ölkəmizin  xarici siyasət strategiyasında  nəzərə çarpan məqamlardan biri də ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların nəzərinin Ermənistanın işğalçılıq siyasətinə yönəldilməsi, eyni zamanda,  bu siyasətin beynəlxalq və regional sülhə təhlükə törətməsini diqqətə çatdırmaqdır.  Bu məqamda  da beynəlxalq təşkilatlarla əməkdaşlığımız öz sözünü deyir. Son illər NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi  sənədlər qəbul edilərək ölkəmizin ərazi bütövlüyü, suverenliyi müdafiə olunub və sərhədlərinin toxunulmazlığına  hörmətlə yanaşılmanın vacibliyi vurğulanıb. Həmçinin münaqişənin məhz bu əsasda həllinin əhəmiyyəti xatırladılıb. Artıq dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca isə münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.

Rəsmi Bakı  dünyada terrorizmə qarşı mübarizədə də fəal iştirak edir. 2002-ci ildən etibarən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) ilk qoşulan ölkələrdən biri olan respublikamız tərəfdaşlarının ehtiyaclarına həssaslıqla yanaşaraq, mürəkkəb daşıma əməliyyatlarına yardım göstərib və Əfqanıstan  hərbçiləri üçün bir sıra minatəmizləmə və digər təlim kursları təşkil edib.

 Ulu öndərin qeyd etdiyi kimi, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və xalqımız  Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən  və 2018-ci ildə digər qədim şəhərimiz olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürəcəyindən qürur duyur. Beynəlxalq təşkilatlarla əməkdaşlığımızın nəticəsi olan başqa bir məqama diqqət yetirək. Ölkəmiz  2015-ci ildə   ilk dəfə Avropa Oyunlarına,  2017-ci ildə isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Gənc müstəqil dövlət üçün çox böyük nailiyyətlərdir.

Bir sözlə, Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyən Azərbaycan dövləti beynəlxalq təşkilatlarla əməkdaşlıqdan yüksək səviyyədə bəhrələnərək  öz xalqının firavan həyatını təmin etməklə yanaşı, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına da layiqli töhfələr verir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında