“Ən yaxşı Macarıstan uğrunda” parlament fraksiyası bu həftə rəsmi bəyanatla çıxış edərək, Dağlıq Qarabağı “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tərkib hissəsi” adlandırmışdır.
Bəyanatda deyilir ki, “Ermənistanın işğalçı qoşunlarının BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə müvafiq olaraq dərhal çıxarılması yolu ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması münaqişənin yeganə məqbul həlli variantıdır”.
Bəyanatda deyilir ki, “Azərbaycanın yerli əhalisinin Ermənistanın işğalçı qüvvələri tərəfindən doğma yurd-yuvasından qovulması və onların vilayətdə qanuni hakimiyyət orqanlarının təşkil olunmasında iştirak etmək imkanından məhrum edilməsi səbəbindən” fraksiya Dağlıq Qarabağın indiki “yerli hakimiyyət orqanlarının” legitimliyini tanımır.
Deputatlar xatırlatmışlar ki, “onlar qəti şəkildə belə bir bəyanatla 2013-cü ilin ortalarında - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Şuşa və Ağdam şəhərləri ilə Macarıstanın müvafiq olaraq Cöncöş və Tissavaşarvari şəhərlərinin qardaşlaşması barədə Memorandumun imzalanması təşəbbüsü ilə çıxış etdikləri zaman çıxış etmişlər. Memorandum Azərbaycanın işğal altında olan bu iki şəhərinin konstitusiyalı hakimiyyət orqanlarının nümayəndələri ilə imzalanmışdır. Beləliklə, “Ən yaxşı Macarıstan uğrunda” Partiyası cənab Bayram Səfərovu və cənab Nizami Sadıxovu müvafiq olaraq Şuşanın və Ağdamın rəsmi olaraq de-yure merləri hesab edir”.
Fraksiyanın bəyanatında o da vurğulanır ki, “Yalnız Ermənistan artıq 20 ildən çox davam edən beynəlxalq hüququn pozulması hallarına son qoyduqdan, işğalçı qoşunları Dağlıq Qarabağdan çıxardıqdan, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdaraq demokratik seçki hüquqlarından istifadə edə bildikdən sonra Dağlıq Qarabağda seçkilər legitim, ədalətli və demokratik sayıla bilər. Bu baş verməyənə qədər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu ərazisində Ermənistan hakimiyyət orqanlarının keçirdiyi hər hansı ”seçki" demokratik norma və dəyərlərin həyasızcasına təhqir olunması sayıla bilər”.
Bəyanatı “Ən yaxşı Macarıstan uğrunda” fraksiyasının xarici əlaqələrə məsul şəxsi, deputat Marton Cöncöş oxumuşdur.
Xatırladaq ki, “Ən yaxşı Macarıstan uğrunda” hərəkatı Xocalı qırğınını soyqırımı kimi tanımış (bax: rəsmi bəyanat. http://www.jobbik.com/jobbik_issues_statement_khojaly_genocide_anniversary), Xocalı soyqırımının tanınması barədə qətnamə layihəsini iki dəfə Macarıstan parlamentinin müzakirəsinə çıxarmış (bax: http://www.jobbik.com/jobbik_initiates_hungarian_parliament_condemnation_armenian_genocide_nagorno_karabah), dünya birliyinə müraciət edərək, onu israrla “Ən yaxşı Macarıstan uğrunda” parlament fraksiyasından nümunə götürməyə və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, habelə AŞPA-nın, Avropa Parlamentinin və digər təşkilatların müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsini Ermənistandan tələb etməyə çağırmışdır.
Macarıstan parlamentində yerlərin 20 faizinə nəzarət edən fraksiya üzvlərinin cəmiyyətdə nüfuzu getdikcə daha da artır. Macarıstanın erməni icması macar xalqının bu həqiqi vətənpərvərlərinə qarşı sevimli “qara piar” metodlarından fəal surətdə istifadə edir. Fraksiyanın nümayəndələri ötən il Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası ilə bağlı KİV-lərdə şərhlərlə çıxış edərək ermənilərin dezinformasiyasını ifşa etmişlər. Məsələn, fraksiya üzvləri Ramil Səfərovun Azərbaycanda “qəhrəman edilməsi” barədə ermənilərin yalanını açıq şəkildə ifşa edən və əksinə, Varujan Qarabedyan, Monte Melkonyan, Ampiq Sasunyan, nasist generallar Dro və Njde, mühakimə edilmiş qatil Qurgen Yanikyan və başqalarının Ermənistanda qəhrəmanlaşdırılmasını xatırladan çox az sayda obyektiv macar qanunvericilərindən olmuşlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.