ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilmişdir

 

Dekabrın 19-da Bakı Biznes Mərkəzində ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilmişdir. AzərTAc xəbər verir ki, qurultayın açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək demişdir ki, bu gün “ASAN xidmət” növbəti təşəbbüsə imza atır. Bu tədbir gənclərin dövlət idarəçiliyində iştirakının bariz nümunəsidir. Artıq bir ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. İndiyədək mərkəzlərə 880 minədək insan müraciət etmiş və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanmışdır. “ASAN xidmət” konsepsiyası çox qısa müddətdə özünü doğrultmuşdur. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən ölkə vətəndaşlarının rəyləri də göstərir.

Şöbə müdiri bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il Bakıda üç, Sumqayıtda bir “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açmağı planlaşdırırıq. Yaxın günlərdə isə Gəncə şəhərində yeni xidmət mərkəzi fəaliyyətə başlayacaqdır. “ASAN xidmət”  mərkəzlərinin olmadığı regionların sakinləri səyyar xidmətlərdən yararlanmışlar. Xüsusi avadanlıqla təchiz olunmuş səyyar avtobuslar 37 rayonu əhatə etməklə 60 mindən çox vətəndaşa səyyar xidmət göstərmişdir. Xidmətlərin həyata keçirilməsində ən müasir texnologiyalardan istifadə edilmişdir.

Fuad Ələsgərov qeyd etmişdir ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb etmişdir. Prezident İlham Əliyevin dediyi kimi, “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilmişdir.

Diqqətə çatdırılmışdır ki, “ASAN xidmət” dövlət qulluğuna daha bir yenilik gətirmişdir. Bu da elə ilk gündən dövlət orqanlarının fəaliyyətinə könüllülərin cəlb edilməsidir. Könüllülər “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə intuziazmları və müasir dünyagörüşləri ilə müsbət enerji və töhfələrini vermişlər. Digər tərəfdən isə gələcəyini dövlət qulluğu ilə bağlamaq istəyən hər kəs təcrübə əldə etmək imkanı qazanmışdır.

Bildirilmişdir ki, “ASAN xidmət” mərkəzlərində minə yaxın könüllü xidmət göstərir. Bu gün həmin könüllülər birləşərək ASAN Könüllüləri Gənclər Təşkilatının əsasını qoyurlar.

Prezident Administrasiyasının rəsmisi ASAN könüllülərinin IDEA, YARAT kimi humanist dəyərləri təbliğ edən təşkilatların bir sıra tədbirlərinin həyata keçirilməsində də iştirak etdiklərini vurğulamışdır. Bildirilmişdir ki, onlar, həmçinin Gənclər Təşkilatları Milli Şurası, “İRƏLİ” təşkilatı ilə sıx əməkdaşlıq edirlər. Bundan başqa, “AİESEC” beynəlxalq tələbə təşkilatı, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA), Avropa Tələbələr Forumu (AEGEE), Avropa Gənclər Parlamenti və digər beynəlxalq qurumlarla tərəfdaşlıq barədə razılıq əldə olunmuşdur.

Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan Fuad Ələsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı proseslərə ASAN könüllülərinin də qoşulmalarının əhəmiyyətli olacağını bildirmişdir. Şöbə müdiri əlavə etmişdir ki, ASAN könüllülərinin qazandığı təcrübə onların belə tarixi əhəmiyyətli bir tədbirdə də könüllü qismində yaxından iştirak etmələrinə imkan verir. Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirmişdir ki, ASAN könüllüləri öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğruldacaqlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində gənclərin cəmiyyətdə rolundan danışmışdır. Bildirilmişdir ki, qarşıya qoyulan hədəflərə çatmaq gənclərin təşəbbüskarlığından, bilik səviyyəsindən, əzmkarlığından, Vətənə verəcəyi töhfələrdən çox asılıdır.

“Biz artıq iri addımlarla bilik cəmiyyətinə doğru gedirik, ölkəmizdə kosmik sənaye qurulmuşdur, İKT-dən əldə edilən gəlirlər ildən-ilə artır”, - deyən şöbə müdiri bildirmişdir ki, yaxşı təhsil almış, savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarlar yeni dövrün əsas inkişaf lokomotivi sayılırlar.

Elnur Aslanov vurğulamışdır ki, son illər dövlət qulluğuna qəbul olunanların böyük əksəriyyəti gənclərdir. Sevindiricidir ki, Azərbaycan gənci öz dövlətinə xidmət etməyə, onun inkişafına töhfələr verməyə can atır. 

Diqqətə çatdırılmışdır ki, bu gün istedadlı gənclərə dövlət sifarişi vardır. Dövlət sifarişi əsasında müxtəlif ixtisaslar üzrə hətta tam ödənişli ali təhsil müəssisələrində də pulsuz oxumaq şansı mövcuddur.

Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışan Elnur Aslanov demişdir ki, ölkəmizin müxtəlif bölgələrində Gənclər evləri açılır, komplekslər yaradılır. İlk dəfə olaraq gənclər üçün Prezident mükafatı təsis olunmuşdur. Əlbəttə, bütün bunlar böyük stimul olmaqla yanaşı, həm də gənclərə etimaddır.

Şöbə müdiri demişdir: “İndi gündəlik internetdən istifadə etməyən, sosial şəbəkələrdə olmayan gənc tapmaq çətindir. Son statistik rəqəmlərə görə, hazırda ”Facebook"da 1 milyon 200 mindən çox, “Tvitter”də on minlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçmişdir. Əgər 2000-ci ildə dünya əhalisinin 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 1 milyard nəfərə, 2010-cu ildə 2 milyard nəfərə çatmışdır. Hazırda isə dünyada 3 milyarddan çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu rəqəm 5 milyarda çatacaqdır".

Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, bu gün Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa hazır olmalıdırlar. Azərbaycan Prezidenti gənclərlə görüşlərində hər dəfə dediyi kimi, biz xoşbəxtik ki, müstəqil, güclü, özünü təmin edə bilən və inkişafda olan dövlətdə yaşayırıq. Müstəqilliyimizin qədrini bilməliyik, onu daha da möhkəmləndirməliyik.

Elnur Aslanov demişdir: “Biz gənclərə böyük ümidlərlə və gələcək həmkarlar kimi baxırıq. İnanırıq ki, siz bundan sonra da gözəl təşəbbüslərə imza atacaqsınız, fəallığınızı daha da artıracaqsınız, harada olmağınızdan asılı olmayaraq Azərbaycanın haqq səsinə çevriləcəksiniz”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən danışmışdır.

İ.Kərimov demişdir ki, qısa müddətdə yaranmasına baxmayaraq, “ASAN xidmət” mərkəzləri uğurla fəaliyyət göstərir. Xalqa daha yaxın və əlçatan olması üçün səyyar avtobuslar vasitəsilə 30-dan çox rayon üzrə vətəndaşlara xidmət göstərilir. Bu günlərdə Gəncədə açılacaq mərkəz təkcə bu şəhərin deyil, həmçinin ətraf rayonların əhalisinə də xidmət edəcəkdir.

“ASAN xidmət” və xalqa xidmət vahid bir vəhdət təşkil edir, - deyən sədr bildirmişdir ki, bu deviz vətəndaşlara keyfiyyətli, operativ xidmətlərin göstərilməsini, onların məmnunluğunun təmin edilməsini, vətəndaş-məmur münasibətlərində yeni yanaşmanı ehtiva edir.

Bildirilmişdir ki, “ASAN xidmət”in əldə etdiyi bu nailiyyətlər dövlətimizin başçısı İlham Əliyevin daimi dəstəyi və qayğısı ilə bağlıdır. Azərbaycan Prezidentinin dediyi kimi, dövlətimizin ən ali məramı xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin edilməsidir. “ASAN xidmət”in fəaliyyət fəlsəfəsinin mərkəzində də məhz elə vətəndaş məmnunluğu durur. Mərkəzlərdə qurulmuş qabaqcıl infrastruktur məhz bu missiyaya xidmət edir.

Diqqətə çatdırılmışdır ki, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən öz işinə könüllüləri cəlb etmişdir. Bu fəaliyyət, həmçinin onlara ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq, dövlət orqanının işi ilə yaxından tanış olmaq şəraiti yaradır. Könüllülər artıq ASAN ailəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişlər.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev birinci Avropa Oyunlarının keçirilməsində könüllülərin rolu mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, son illər Azərbaycanda keçirilmiş mötəbər tədbirlər ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasına təsirini göstərmişdir. Artıq fəxrlə deyə bilərik ki, bu gün MDB məkanındakı bir sıra ölkələrdə gənclərlə bağlı keçirilən tədbirlərdə Azərbaycan gənclərinin təşkilatçılıq  təcrübəsindən istifadə olunur. Azərbaycan könüllülərlə bağlı qanun qəbul edən ilk ölkələrdəndir. “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da ölkəmizdə könüllülər hərəkatının  stimullaşdırılması ilə bağlı xüsusi bənd vardır.

İ.Babayev qeyd etmişdir ki, Gənclər və İdman Nazirliyi də könüllülərin fəaliyyətinə xüsusi önəm verir. 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinə 1400-ə yaxın könüllü cəlb olunmuşdu. O, əmin olduğunu bildirmişdir ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının təşkilati işlərində könüllülər də fəal iştirak edəcəklər.

Milli Məclisin deputatı Ceyhun  Osmanlı gənclərin karyera inkişafında könüllülük fəaliyyətinin rolundan danışmışdır. O demişdir ki, adətən təşkilatlar yaranır, sonra onların fəaliyyətinə qiymət verilir. Bu gün I qurultayı keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının fəaliyyətinin qiyməti isə yaranmamışdan əvvəl verilmişdir.

Vurğulanmışdır ki, “ASAN xidmət” mərkəzləri qısa zamanda vətəndaşlara dövlət xidmətlərini daha rahat, yeni və innovativ üsullarla təqdim etməklə vətəndaş məmnunluğuna nail olmuşlar.

Sonra ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və qurumun baş katibi Vəfa Qubadova təqdimatla çıxış etmişlər.

Sonda ASAN könüllülərinə “ASAN imza”ları təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında