Dekabrın 17-də Azərbaycan Respublikası
Milli Məclisinin payız sessiyasının növbəti iclası keçirilmişdir.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov bu gün ölkəmizin həyatında çox mühüm bir hadisənin baş verdiyini - “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalandığını bildirmişdir. Sədr qeyd etmişdir ki, imzalanmış bu sənəd xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi gərgin strateji siyasətin nəticəsidir. İmzalanmış sənədin Azərbaycan xalqının gələcəkdə rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəyini deyən Oqtay Əsədov bu münasibətlə xalqımızı təbrik etmişdir.
Milli Məclisin deputatları da “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının əhəmiyyətindən danışmışlar. Bildirmişlər ki, bu sənədin imzalanması Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun daha da artırılmasına xidmət edəcəkdir. Bu da ölkəmizin dünyadakı nüfuzunu daha da artıracaqdır. Diqqətə çatdırılmışdır ki, bu sənəd Azərbaycanın XXI əsrdə həyata keçirdiyi ən böyük və ən uğurlu layihədir.
Daha sonra gündəlikdə duran 14 məsələyə baxılmışdır.
Deputatlar “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarına dəyişikliklər və əlavə edilməsi barədə layihəni təsdiqləmişlər. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişdir.
Milli Məclisin deputatları Ticarət Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrini qəbul etmişlər.
Milli Məclisdə “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunaraq qəbul edilmişdir.
Vurğulanmışdır ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanun layihəsinə dəyişikliklər məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari üzrə işlərin aparılması xərclərinə ayırmaların miqdarının müəyyən olunması və sənədləşmənin asanlaşdırılması məqsədi ilə edilmişdir. Belə ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
“Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinin IV hissəsinə və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanununun 64.9-cu maddəsinə uyğunlaşdırılması məqsədi ilə edilmişdir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən xarici dövlət və qeyri-kommersiya təşkilatlarının, filial və nümayəndəliklərin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaqdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən isə məqsədi və fəaliyyəti konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının (QHT) və ya xarici ölkələrin QHT-lərinin nümayəndə və təşkilatlarının ölkəmizdə fəaliyyətinə yol verilməyəcəkdir. Bu nümayəndə və təşkilatların fəaliyyətlərində şəffaflıq təmin edilməlidir.
Deputatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunun layihəsini də təsdiqləmişlər.
İclasda “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq, bu qanun 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Səkkiz maddədən ibarət olan qanun layihəsi ikinci oxunuşda fəsillərlə qəbul olunmuşdur. Deputatlar qanun layihəsini üçüncü oxunuşda da təsdiqləmişlər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.