İspaniyanın nüfuzlu “EFE” agentliyinin redaktoru ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktları barədə məlumatlandırılmışdır

 

Dekabrın 16-da Azərbaycan Respublikası Baş

nazirinin müavini, Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İspaniyanın, bütövlükdə, Avropanın ən nüfuzlu informasiya agentliklərindən olan “EFE” agentliyinin redaktoru, tanınmış jurnalist Karmen Klara Rodriges Alonso ilə görüşmüşdür.

Görüşdə qonağa Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qaldıqlarını demişdir.

Bildirilmişdir ki, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmişdir. Ermənilərin öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiyini deyən komitə sədri söyləmişdir ki, 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır.

1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan yenə də erməni millətçilərinin ərazi iddiaları ilə üz-üzə qalmışdır. Azərbaycan torpaqlarında, daha dəqiq desək, vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılmışdır. Nəticədə, 1918-ci ildə İrəvan xanlığı ərazisində kiçik bir Ermənistan dövləti yaradılmışdır.

Bu məkrli siyasətin Sovet hakimiyyəti dövründə də davam etdirildiyini diqqətə çatdıran Əli Həsənov demişdir ki, 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. XX əsrin ortalarında - Stalinin hakimiyyəti dövründə xüsusi qərarla azərbaycanlılara qarşı deportasiya tətbiq olunmuşdur.

Əli Həsənov qeyd etmişdir ki, Mixail Qorbaçov Sovet İttifaqının rəhbəri olduqdan sonra onun rəğbətindən istifadə edən ermənilər “böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilmiş, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilmişlər.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını faktlarla diqqətə çatdıran Baş nazirin müavini Xocalı soyqırımı barədə də qonağa məlumat vermişdir.

Əli Həsənov bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirmişlər. Nəticədə 613 dinc sakin öldürülmüş, 500 nəfər itkin düşmüş, hədsiz sayda insan isə yaralanmışdır.

Vurğulanmışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları dəyərində ziyan vurulmuş, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhranla üz-üzə qalmışdır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilmiş, işğal altında olan Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb olunmuşdur. Bu qərar və qətnamələr birmənalıdır, lakin təəssüf ki, onlar hələ də icra olunmur. Bildirilmişdir ki, münaqişənin həlli beynəlxalq hüququn prinsipləri və Helsinki Yekun Aktına əsaslanmalıdır.

Əli Həsənov diqqətə çatdırmışdır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqlar heç bir nəticə verməmişdir. Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir.  

Qonağa 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məlumat verən Ə.Həsənov bildirmişdir ki, 1918-ci il martın 31-də başlayan bu proses həmin il aprelin 4-dək davam etmişdir. Vurğulanmışdır ki, bu soyqırımı o zaman Azərbaycanı işğal etmiş bolşeviklər tərəfindən ölkəmizə rəhbər təyin olunan Stepan Şaumyan tərəfindən təşkil olunmuşdur. Beş gün ərzində davam edən proseslərdə  50 min azərbaycanlı qətlə yetirilmiş, 150 min insan yaralanmış, 400 min nəfər isə yaşayış yerini dəyişmişdir. Bu soyqırımı bütün ölkə ərazisini əhatə etmişdir. Baş nazirin müavini diqqətə çatdırmışdır ki, 1998-ci il martın 26-da  xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış sərəncamla həmin tarix soyqırımı günü elan olunmuşdur.  

20 Yanvar faciəsindən danışan komitə sədri qeyd etmişdir ki, bu dəhşətli hadisə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən törədilmişdir. Həmin qoşunların tərkibinin böyük əksəriyyətini məhz ermənilər təşkil etmişlər.

Karmen Klara Rodriges Alonso ətraflı məlumata görə təşəkkür etmiş, təmsil etdiyi agentlik haqqında məlumat vermişdir.

O, ölkəmizə səfərinin əsas məqsədinin Azərbaycan xalqının zaman-zaman üzləşdiyi faciələri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləmişdir. Qonaq görüşdə əldə etdiyi məlumatların ona çox böyük kömək göstərəcəyini vurğulamışdır.

Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən qonaq Bakının müasirliyin və qədimliyin vəhdət təşkil etdiyi şəhər olduğunu diqqətə çatdırmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında