Qatı şovinist, davakar millətçi, Qarabağ münaqişəsinin baiskarlarından biri Zori Balayanın Rusiya Prezidenti V.V.Putinə “Qarabağ problemi Rusiyanın problemidir” adlı yalan və iftiralarla dolu açıq məktubu bu ilin oktyabrında internet saytlarında yerləşdirilmişdir. Həmin məktubla əlaqədar xalq yazıçısı Çingiz Abdullayev “Bakinski raboçi” qəzetində dərc etdirdiyi sanballı məqalədə Balayanın xalqımıza qarşı növbəti şər, böhtan və yalanlarını rüsvay etmişdir. Azərbaycan xalqına, bütövlükdə türklərə qarşı nifrətini heç vaxt gizlətməyən bu bədnam cızmaqaraçının yeni cəfəng fikirləri ilə tanış olduqdan sonra bəzi xatırlatmaları onun nəzərinə çatdırmağa ehtiyac duydum.
Z. Balayanın 1 çap vərəqi həcmindəki məktubunu oxuduqda onun vicdanını və ağlını itirmiş şəxsin sayıqlamalarından və növbəti şantajlarından başqa bir şey olmadığı dərhal nəzərə çarpır. Dönə-dönə tarixin dərslərindən nəticə çıxarmağı, hadisələrə obyektiv və həqiqət gözündən qiymət verməyi tələb edən bu iftiraçı tamamilə dediklərinin əksinə hərəkət edir. Saxtakarın bu yazısı nəinki erməni-Azərbaycan münaqişəsini həll etməyə, əksinə, hətta türkdilli xalqlarla rus xalqı arasında nifaq salmağa yönəlmişdir. Onun xalqımıza qarşı ünvanladığı cəfəng şəratmalardan və irəli sürdüyü iddialardan bu şəxsin yerinin ancaq dəlixana olması qənaətinə gəlirsən.
Balayan məktubunda 15 dəfədən artıq Gülüstan və Türkmənçay müqavilələrinin adını çəkərək sübut etməyə çalışır ki, guya həmin müqavilələrə qədər Azərbaycan adlı dövlət olmamışdır. Başqa bir yerdə isə 1918-ci ilə qədər belə bir dövlətin olmadığını, onun tarixi erməni dövləti ərazisində yarandığını əsaslandırmağa səy göstərir.
Balayan Rusiyadan tarixin təkərini geri döndərməyi, həmin müqavilələrlə müəyyənləşdirilmiş torpaqların geri qaytarılmasını tələb edir. O dönə-dönə vurğulayır ki, Xəzər Rusiyanın daxili dənizi kimi müəyyənləşdirilmiş, hazırda orada ancaq Rusiya hökmranlıq etməlidir. Həm də Ermənistan qədimdən Rusiyanın sadiq dostu, hətta dayağı olmuşdur.
Tarixi saxtalaşdıran və təhrif edən bu cızmaqaraçı bilməmiş deyil ki, Ermənistan hələ 387-ci ildə İran və Bizans arasında bölüşdürülmüşdür. O zamandan 1918-ci ilin mayınadək ermənilərin dövlət ərazisi və vətəni olmayıb. Azərbaycan isə heç vəchlə olmayan erməni dövləti ərazisində yarana bilməzdi. Əksinə, Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq güclərin təkidi ilə sırf Azərbaycan torpağı olan İrəvanı paytaxt kimi Ermənistana güzəştə getmişdir. Bu dönük yazıçı yaxşı bilir ki, Ermənistanın bütün ərazisi Qərbi Azərbaycan torpaqlarından ibarətdir. O, bunu etiraf etmək, tarixə düzgün qiymət vermək əvəzinə, tarixi saxtalaşdırmağa cəhd göstərir.
Heç bir arxiv sənədinə əsaslanmadan sərsəm fikir söyləyən Balayan bilməlidir ki, Azərbaycan 5 min illik dövlətçilik tarixinə, zəngin mədəniyyətə malikdir. Erməni mafiyasının əlaltısına çevrilən, XX əsrin 90-cı illəri – XX yüzilliyin əvvəllərində Ermənistan səfiri olan Stupısin “Mənim Ermənistanda xidmətim” kitabında Balayanın sərsəm fikirlərini təkrar edərək yazır: “Qarabağda “heç bir Azərbaycan yerli-dibli yox idi”. Burada müxtəlif tarixi mərhələlərdə müstəqil dövlətlər mövcud olmuşdur: Manna, Atropatena, Albaniya, Şirvanşahlar, Atabəylər, Səfəvilər və digər Azərbaycan dövlətlərinin mövcudluğunu inkar etmək nankorluqdan başqa bir şey deyil.
Hələ VII əsrdə xəlifə I Müaviyə öz vəziri Ubeyd ibn Şəriyyədən: “Türklər və Azərbaycan nə deməkdir” – deyə soruşduqdan vəzir belə cavab verib: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir”.
Böhtançı Balayan tarixçilərin əsərlərinə müraciət etsəydi, haqqında söz açdığı Gülüstan müqaviləsindən öncə 2 milyon 800 min kvadrat kilometr ərazisi olan əzəmətli və müstəqil Azərbaycan dövləti mövcud olmasını anlayardı. Bu dövlətin qurucusu Şah İsmayıl Xətai Vətənini, xalqını, ana dilini sevən, inkişafına böyük qayğı göstərən görkəmli ictimai xadim və istedadlı hökmdar idi. İran, İraq, Əfqanıstan, Şərqi Anadolu da onun hakimiyyəti altında idi. Azərbaycan Səfəvilər dövlətinin özəyini təşkil edirdi. Azərbaycan coğrafi anlayış kimi miladın II əsrindən mövcuddur. O zamandan Atropatena “Azərbayqan”, V əsrdən isə “Azərbaycan” adlanmışdır.
Bu torpaqların ermənilərə məxsus olması haqqındakı fikirlərin heç bir elmi əsası yoxdur. Saysız-hesabsız yalanların, böhtanların müəllifi olan Balayan Azərbaycan xalqını “az miqdarda köçəri”, “bir ovuc gəlmə köçəri” adlandırır.
Balayan bilməmiş deyil ki, 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Azərbaycanda müstəqil feodal dövlətləri—xanlıqlar yarandı. Şəki, Qarabağ, Gəncə, Şamaxı, Bakı, Quba, Dərbənd, Cavad, Talış, Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqları, habelə, sultanlıqlar meydana gəldi. Azərbaycanlılardan ibarət olan xanlıqlar müstəqil daxili və xarici siyasət yeridirdilər.
Çar Rusiyası Azərbaycanın şimal xanlıqlarını işğal etməyə başlayarkən onların bir çoxu ona qarşı mübarizəyə başladı. Xanlıqların bir qismi isə, məsələn, Samux hakimi, Qarabağ, Şəki, Şamaxı xanları rus təbəəliyini qəbul etməyə məcbur oldular. Bunlar Gülüstan müqaviləsi imzalanmazdan 6-7 il əvvəl baş vermişdi. Onların hamısı Azərbaycan xanlıqları kimi müəyyən şərtlərlə Rusiyaya qatıldı. Cəfəng fərziyyələrini ictimaiyyətə sırımağa çalışan Balayan bilməmiş deyil ki, o vaxtlar müstəqil erməni dövləti mövcud deyildi. Təkcə Qarabağ xanlığı nəzdində İbrahimxəlil xana tabe olan məliklər vardı.
Azərbaycan xalqı yüz ildən çox çar Rusiyasının, 70 il Sovet Rusiyasının hakimiyyəti altında olduğu dövrlərdə öz müstəqilliyi və suverenliyi uğrunda daim mübarizə aparmışdır.
Balayan “Ruhumuzun dirçəlməsi” adlı antiazərbaycan kitabında da əvvəlki böhtanlarını bir daha təkrarlayaraq, Gülüstan-Türkmənçay müqavilələri imzalanarkən əhalinin 90 faizinin ermənilərdən ibarət olduğunu söyləyir.
Əsl həqiqətdə isə istər İrəvan, istərsə də Qarabağ xanlıqlarında ermənilər əhalinin yalnız 10 faizinə qədərini təşkil edirdilər.
Yalnız işğalın əvvəllərində Çar Rusiyasının himayəsi sayəsində ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülmüş, azərbaycanlıların Qarabağ və İrəvanda sayı xeyli azalmış, ermənilərin sayı isə artmışdı.
Balayan özü-özünü inkar edir. “Ocaq” əsərində etiraf etmişdi ki, hazırda İrəvanda, Qarabağda yaşayan ermənilər 1828-ci ildə İranda rus səfiri Qriboyedovun köçürdüyü ermənilərdir. “Bizim bir çox yaşayış məntəqələrimiz Qriboyedovun vaxtında salınmışdır”. Onların sırf Azərbaycan əraziləri olduğunu etiraf etmək əvəzinə, həqiqətə zidd cəfəng fikirlər söyləyir.
Prezident Putinə yazdığı açıq məktubda Z. Balayan dəfələrlə rus çarları I Pyotrun, II Yekaterinanın, I Aleksandrın adlarını çəkir, onların “cəfakeş erməni qardaşlarını” hərtərəfli müdafiə etdiklərini nəzərə çatdırır. Həm də Prezident Putindən öz sələflərinin əməllərini davam etdirməyi tələb edir. O, ermənilərin XVIII əsrin əvvəllərində I Pyotra yazdığı məktubu xatırladır: “Toyuq cücələrini qoruduğu kimi, sən də ey çar, bizi qoru və bizə xilasedici sipər və arxa ol”.
Qeyd edək ki, çarlara, hökmdarlara özünü yazıq, fağır kimi təqdim edən ermənilər rüşvət verərək onları satın almışlar. I Pyotrdan “xristian qardaşlarına” köməyi xahiş edən ermənilər 7 iyun 1712-ci ildə ona 31 adda qiymətli “hədiyyələr” təqdim etmişdilər. Həmin rüşvət içərisində 26 Qarabağ atı, 10-a qədər xalça, Şamaxı ipək parçası, qızıl və gümüş, digər hədiyyələr I Pyotrun xüsusilə xoşuna gəlmişdi. Bunun müqabilində I Pyotr azərbaycanlıları qovmağı, onların ən səfalı torpaqlarında “xristian qardaşlarını” yerləşdirməyi əmr etmişdi. 1722-ci ildə I Pyotrun Xəzəryanı vilayətlərə yürüşü bu planın reallaşmasında mühüm rol oynamışdı. I Pyotrun ermənipərəst siyasətini davam etdirən çar II Yekaterina Qarabağ xanlığına hücum edib İbrahimxəlil xanı qətlə yetirmək və ermənilərin tələblərini həyata keçirmək, yəni xristian dövləti yaratmaq barədə göstəriş vermişdi.
Rus tarixçiləri ermənilərin II Yekaterina ilə belə yaxınlığını və onu ələ almalarını çarın sarayında hökm sürən əxlaqsızlıq və korrupsiyanın dərin kök salması ilə izah edirlər.
Məktubda “Böyük I Aleksandr” adlandırılan rus çarı Azərbaycanı işğal edərkən ermənilərdən istifadə etdi. Ruslar Gəncə xanlığını işğal edərkən ermənilər bələdçilik etdilər.
Sonuncu Rusiya hökmdarı M.Qorbaçov da öz sələflərinin işini davam etdirdi. Balayanın razılıq etdiyi M.Qorbaçov 1987-ci ilin noyabrında Vaşinqtonda olarkən erməni biznesmenləri ona çox qiymətli hədiyyələr verdilər. Onun arvadı Raisa Maksimovnanın boynundan asdıqları 62 karatlıq, çox bahalı medalyonun üstündə isə “Arsak” (“Qarabağ”) sözü yazılmışdı. Elə o zamandan Qorbaçov ermənilərin Qarabağ tələblərinə yaşıl işıq yandırdı. O, erməni millətçilərinin ərazi iddialarını ödəmək üçün hər şeyi etdi.
Z.Balayan 200 il öncə Rusiyanın İranı məğlub edərək Azərbaycanın şimal xanlıqlarını özünə qatmasını, Xəzər dənizini özü üçün qapalı dəniz hesab etməsini razılıqla vurğulasa da, son illərdə dünyada baş verən proseslərdən narazı olduğunu bəyan edir. O yazır ki, Xəzər dənizi Gülüstan müqaviləsi ilə Rusiyanın daxili qapalı dənizi adlandırıldığı halda, hazırda onun 5 hissəyə parçalanması, Rusiyadan başqa Xəzər dənizi üzərində 4 dövlətin bayrağının dalğalanması yolverilməz haldır. O, Rusiya Prezidentindən Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərini bərpa etməyi, Azərbaycana məxsus Xəzər sektorunu dərhal işğal etməyi tövsiyə edir.
Balayanın məktubunu güc dövlətlərini 200 il əvvəlki müstəmləkələri bərpa etməyə çağırış kimi qiymətləndirmək olar. Belə çıxır ki, İngiltərə, Fransa, İspaniya və digər dövlətlərin də öz əvvəlki müstəmləkələrini geri qaytarmağa haqqı vardır.
Sərsəm fikirlərlə dolu məktubda yerli-yersiz Stalinin adı çəkilir, onun ermənilərin ərazi iddialarını ödəmədiyi göstərilir. Xüsusilə 5 iyul 1921-ci ildə Qafqaz Bürosunun plenumunda onun Dağlıq Qarabağın Ermənistana verilməməsinin səbəbkarı olduğu vurğulanır.
Əsl həqiqət isə Z.Balayanın riyakar, böhtançı olduğunu təsdiqləyir. Leninin göstərişi ilə Azərbaycana rəhbərliyi ələ keçirən S.Orconikidze və S.Kirov açıq şəkildə ermənipərəst siyasət yeridib 4 iyul 1921-ci il tarixli plenumda Myasnikyan və Fiqatnerlə birlikdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin lehinə səs vermişdilər. N.Nərimanov isə dərhal haray təbili çalaraq həmin qərara etirazını bildirmiş və məsələnin RK(b)P MK-nın müzakirəsinə verilməsini tələb etmişdi.
İyulun 5-də Qafqaz Bürosu həmin məsələyə yenidən baxaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlamaq haqqında qərar qəbul etdi.
Balayanın Qafqaz bürosu Stalinin təkidi ilə öz qərarına yenidən baxmışdır,-deməsi böhtandır. Beləki N.Nərimanovun təkidi ilə Qafqaz bürosu öz qərarını dəyişdirmişdir. Həm də tarixi həqiqət ondan ibarətdir ki, qərarla Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması təsdiqlənmiş, ermənilərin Dağlıq Qarabağı ələ keçirmək səyləri nəticəsiz qalmışdır.
Məktubda dəfələrlə adıçəkilən Stalin isə xəbis Mikoyanın təsiri altına düşərək, 20-40-cı və sonrakı illərdə tarixi Azərbaycan torpaqlarını Ermənistana vermək, erməni ərazisini genişləndirmək üçün hər şey etdi. Heç bir əsas olmadan 1947-1953-cü illərdə Qərbi Azərbaycandan 200 mindən artıq azərbaycanlının ata-baba yurdlarından qovulması və deportasiyaya məruz qalması birbaşa Stalinin adı ilə bağlıdır.
Azərbaycan torpaqlarını hərraca qoyaraq, Zəngəzuru, Qaraqoyunlu mahalını, Göyçə elini və s. yerləri ermənilərə verən satqın Orconikidze olmuşdur. Yazıçı C.Abdullayev düzgün göstərir ki, Azərbaycan əhalinin sayına görə Gürcüstan və Ermənistandan xeyli çox olmasına baxmayaraq, 1922-ci ildən 1937-ci ilə qədər federasiyaya gürcülər başçılıq etmişlər.
Stalinin himayəsi sayəsində Bakı Komitəsinə uzun müddət Mikoyan, Danilyan, Sarkisyan başçılıq etmişlər. 1933-cü ilin sonuna qədər Azərbaycan KP MK-nın I katibi vəzifəsində özgə millətlərin nümayəndələri işləmişlər və həmişə antiazərbaycan siyasəti yeritmişlər.
İki xalq arasında düşmənçiliyin əsas ideoloqu öz cızmaqarasında dəfələrlə SSRİ-nin sonuncu başçısı Qorbaçovun adını çəkir, Silva Kaputikyanla birlikdə 1988-ci il fevralın 28-də onunla görüşündə Dağlıq Qarabağ məsələsinin həllini sürətləndirməyi vəd etməsini, lakin qətiyyətsizlik göstərdiyini vurğulayır. Əslində, ilk gündən Şahnazaryan, Aqanbekyan, Brutens, Osipyan, Sitaryan kimi erməni şovinistlərlə əhatə olunan və onların girovuna çevrilən M.Qorbaçov açıq şəkildə antiazərbaycan siyasəti yeritdi. Ermənilərin ərazi iddialarını ödəmək üçün ulu öndər Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırdı. 1987-ci ilin sonunda Vaşinqtonda, Parisdə rəsmi dövlət səfərlərində olarkən erməni milyonçularından qiymətli hədiyyələr aldı, əvəzində Dağlıq Qarabağı Ermənistana verəcəyini bildirdi.
Ermənilərin ərazi iddialarını körükləyən Qorbaçov onlarla sıx təmasda olduğu üçün o zamankı Azərbaycan KPMK-nın birinci katibi K.Bağırovu qəbul etməkdən imtina etdi. Həyasızlıq o dərəcəyə çatdı ki, Dağlıq Qarabağa böyük qayğı göstərən Heydər Əliyevi vilayətə diqqət yetirməməkdə və “düzgün beynəlmiləl xətt yeritməməkdə” suçladı.
Dağlıq Qarabağla əlaqədar Qorbaçovun başçılığı altında qəbul edilən 60-dan artıq qərarın hamısı antiazərbaycan, antikonstitusion xarakter daşıyırdı.
Hiyləgər Balayan, Qorbaçovun adını çəkməklə Putini ələ almağa, Azərbaycana qarşı sərt mövqe tutmasına səy göstərir. Dönə-dönə Ermənistanı Qafqazda Rusiyanın “möhkəm dayağı və dostu” kimi qələmə verir.
(ardı var)
Xəlil KÖÇƏRLİ,
tarix elmləri doktoru, professor, əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.