İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir

 

Xəbər verdiyimiz kimi, dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyası keçirilmişdir.

İƏT-lə sıx əməkdaşlıq edən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu da (DƏ-İKGF) sessiyada təmsil olunmuşdur.

DƏ-İKGF tərəfindən sessiyaya Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq barədə qətnamə layihəsi təqdim edilmişdir.

Forumun İstanbulda yerləşən baş qərargahından AzərTAc-a bildirmişlər ki, İƏT XİNŞ həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir.

DƏ-İKGF nümayəndə heyətinin rəhbəri kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirmişdir ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF-in mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.

E.Mehdiyev qeyd etmişdir ki, kampaniya çərçivəsində DƏ-İKGF-in apardığı iş nəticəsində ilk dəfə olaraq Xocalı faciəsi İƏT Parlamentlər İttifaqı tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmışdır. İƏT XİNŞ isə faciəni soyqırımı aktı kimi ilk dəfə 2012-ci ilin noyabrında Cibutidə keçirilən 39-cu sessiyasında tanımışdır. Görülən işlərin nəticəsində 2013-cü ilin fevralında Qahirədə keçirilən İƏT-in ali orqanı olan dövlət başçılarının zirvə görüşündə Xocalı faciəsi insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmışdır.

Sözügedən qətnamədə, həmçinin DƏ-İKGF tərəfindən həyata keçirilən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” beynəlxalq mükafat layihəsi alqışlanmış və üzv dövlətlər bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırılmışdır. Həmin mükafat layihəsinə 2011-ci ilin noyabrında Bakıda DƏ-İKGF-in və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsis konfransı zamanı start verilmişdir və ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərara alınmışdır. İƏT XİNŞ-in 40-ci sessiyasında DƏ-İKGF-ə 2014-cü ildə İƏT ölkələri gənclər və idman nazirlərinin konfransını təşkil etmək həvalə olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında