Ulu öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır

 

 

 

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz

Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Ulu öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi isrimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır.

 Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır və siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük.

 XX əsrdə Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyət - ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan ulu öndər Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlı idi. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür. Bu gün daha çox ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır.

Bildiyimiz kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin sovet dövrü tarixində dönüş nöqtəsi oldu.

Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.

Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana Vətənini unutmayasan”.

Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.

Beləliklə, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də onun xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini göstərən mühüm mərhələdir. Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiyada idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.

Mövcud durum 1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anlamaq üçün sadəcə bir neçə fakta nəzər yetirmək kifayət edir.

Belə ki, milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə görülən işlər sırasında muxtar respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

O zaman Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin “marionetka”ları qismində çıxış edən hakimiyyətdəki “piyada”lar Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin muxtar respublikada etdiyi çevriliş cəhdi oldu. Amma ulu öndər Heydər Əliyevin siyasi məharəti sayəsində bəhs edilən çevriliş cəhdlərinin qarşısı alındı.

Bunlarla yanaşı, ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Bütün bunlarla yanaşı, Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Digər tərəfdən, blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda rasional strateji münasibətlər sistemi formalaşdırmaq lazım idi ki, ümummilli lider Heydər Əliyev bu yöndə strateji addımlar atdı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət töhfə oldu. Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt respublikaya “rəhbərlik” edən subyektlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında, “kölə psixologiyası” ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı. Bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Məhz Azərbaycanın o zamankı iqtidarın müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov çarəni hakimiyyətdən istefa verməkdə gördü.

Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin “piyada”sı kimi çıxış etməkdən başqa, xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər. Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi, ölkədə vətəndaş müharibəsi, separatizm təhlükəsi artdı.

Bu durum 1993-cü ilə, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı.

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Müstəqillik əldə etdikdən sonra xaotik və antaqonist siyasi proseslərin fonunda ölkəmizin qarşısında duran başlıca strateji vəzifələrdən biri də ictimai-siyasi institutlaşma prosesinin həyata keçirilməsi idi. Bunun başlıca istiqamətlərindən biri də plüralist prinsiplər əsasında müxtəlif orientasiyalara malik olan siyasi partiyaların təsis edilməsi və onların fəaliyyət mexanizmlərinin milli maraqlar və dəyərlər əsasında təşkilinə şərait yaradılması idi.

Beləliklə, hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın əsasında siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.

Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı.

Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu.

 

(ardı var)

 

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin komissiya sədri

YAP İcra katibinin müavini

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında