Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli bayram günlərindən biri də məhz 15 iyun Qurtuluş Günüdür.
Bu gün haqqında qürurla danışdığımız tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün yeni bir başlanğıc , ictimai tərəqqidə keyfiyyətcə yeni bir mərhələdir. 15 iyun əsl qurtuluş tarixi olmaqla yanaşı, Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcıdır . Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan insan-Heydər Əliyev idi.
Ulu öndərimiz Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq onu sevir, parlaq zəkasını qiymətləndirir və öz Liderinə, onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Əslində Heydər Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin 35 illik böyük bir dövrü ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq və izah etməyə çalışmaq mümkün deyil.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yayında Moskvadan vətənə qayıdan ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ olmuşdur. Onun rəhbərliyi altında muxtar respublika Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynayırdı. Əsas amillərdən biri o idi ki, onun muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarının erməni təcavüzündən xilas olmasında başlıca rol oynamışdı. Məhz Heydər Əliyevin müdrikliyinin, siyasi təcrübəsinin və iradəsinin nəticəsi idi ki, Naxçıvan MR-sı üzləşdiyi bütün çətinlikləri dəf etmiş, muxtar respublika daxilində sabitliyi, əmin-amanlığı təmin etmişdir. Bütün bu faktlar bir daha təsdiqləyir ki, 1993-cü ilin yayında Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda, xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyil. Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti ölkənin formalaşdırılmasına hesablanmışdısa, onun ikinci hakimiyyəti əsl QURTULUŞ oldu.
Xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş mübarihəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıtdı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən bir məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasətinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir.
1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Azərbaycan həmin müharibəni yalnız Ermənistanla aparmırdı. Hamıya bəlli idi ki, Ermənistana silah pulsuz verilirdi. Ermənistana müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdən də yardımlar göstərilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə razılıq vermək məcburiyyətində qaldı.
Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi. Hamıya bəllidir ki, o dövrdə ayrı-ayrı qrupların nəzarətində qanunsuz fəaliyyət göstərən silahlı dəstələr var idi. Bu silahlı dəstələrin, hökumətə, hakimiyyətə tabe olmayan qanunsuz hərbi birləşmələrin mövcudluğu dövlətçilik və müstəqillik, o cümlədən vətəndaşların təhlükəsizliyi üçün qorxu törədirdi. Heydər Əliyevin atdığı ilk əhəmiyyətli addımlardan biri belə silahlı dəstələrin ləğv edilməsi, onlarda olan silahların yığılması oldu.
Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri ordu yarada bilməmişdilər. Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Az zaman içərisində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı.
Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-cü ilin oktyabrında xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Keçmiş baş nazir S.Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd edən dairələrin məqsədi ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı. Dövlət çevrilişinə cəhd təsadüfən baş verməmişdi. O dövrdə Azərbaycan öz təbii sərvətlərini dünyaya çıxarmaq və neft-qaz ixracının köməyilə iqtisadi problemlərini həll etmək üçün addımlar atırdı. Xəzərdə Azərbaycana məxsus neft yataqlarının birgə işlənməsi ilə əlaqədar xarici neft şirkətləri ilə danışıqlar aparılırdı. Bu danışıqları pozmaq istəyən qüvvələr 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərdilər. Qeyd etdiyimiz kimi, Heydər Əliyevin qətiyyəti sayəsində bu cəhdin qarşısı alındı və ictimai-siyasi sabitlik qorundu.
1995-ci ilin martında yenidən dövlət çevrilişinə cəhd olundu. Xarici dairələr Azərbaycanda sabitliyi pozmaq və ölkənin həyata keçirdiyi siyasəti əngəlləmək üçün dövlət çevrilişinə cəhd etdilər. Bu cəhdin də qarşısı qətiyyətlə alındı. Beləliklə, Heydər Əliyevin fədakar zəhməti sayəsində Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ulu öndərin həyata keçirdiyi siyasət praktik olaraq silahlı çevrilişin Azərbaycan siyasətindən çıxarılmasına gətirib çıxardı. Bu, müasir Azərbaycanın tarixində Heydər Əliyevin adı ilə bağlı olan çox böyük bir nailiyyətdir. İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Bütün bunlar ulu öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi. Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin-Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.
Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi. Məhz bu səbəbdən Azərbaycanın regionda yeri daha da möhkəmləndi, beynəlxalq təşkilatlarda nüfuzu artdı. Biz bunu Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda görə bilərik. Azərbaycanın artan nüfuzunun nəticəsi idi ki, respublikamız bölgənin lider dövlətinə çevrildi. Eyni zamanda artan nüfuzun nəticəsi idi ki, Ermənistanın Azərbaycana təcavüzü BMT səviyyəsində, ATƏT çərçivəsində ölkəmizin xeyrinə qərar və qətnamələrin qəbul edilməsi ilə müşayiət olundu.
Ulu öndərin əsasını qoyduğu yeni neft strategiyası bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən yeni neft strategiyası xalqımızın öz sərvətinə sahib olmasında mühüm rol oynayır. Bu gün BTC və BTƏ Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu layihələr Xəzər regionu ilə Avropa arasında qırılmaz tellərdir, Azərbaycanla Türkiyəni polad kəmərlərlə bir-birinə bağlayıb. Bu bağlılığı hansısa bədxah qüvvələr, çirkin niyyətli dairələr qıra bilməzlər. Bu gün Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Bu, ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.
Heydər Əliyevin həyata keçirdiyi siyasətin başqa bir istiqaməti iqtisadi tənəzzülün qarşısının alınmasıdır. 1995-1996-cı illərdən başlayaraq iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatların bəhrəsi xalqın rifahına da müsbət təsir göstərməyə başladı. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi baxımdan Qafqazın ən qabaqcıl ölkəsi oldu.
Azərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri təməl prinsipləridir. Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda gələcəyə yönəlib. Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz.
Ümummilli lider Heydər Əliyev şəxsiyyəti haqqında fikir söyləmək, onun Azərbaycan dövləti və xalqı üçün həyata keçirdiyi siyasi fəaliyyəti layiqincə qiymətləndirmək böyük məsuliyyət tələb edir. Ölkə Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirində deyir: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar,elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
Azərbaycan vətəndaşları bugünkü gerçəkliyi və reallığı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Belə ki, İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə başçısının ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir.
Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində son on il ərzində Azərbaycan bölgənin iqtisadi baxımdan ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilib. Bir tərəfdən zəngin neft və təbii qaz qaynaqlarının dünya bazarına nəqlinə imkan verən layihələrin reallaşması, bunun nəticəsində Azərbaycan gəlirlərinin sürətlə yüksəlməsi, digər tərəfdən isə bu gəlirlərin səmərəli şəkildə nəzarət edilməsinə və iqtisadiyyatın fərqliliyinə yönəlik ardıcıl islahatların həyata keçirilməsi öz müsbət nəticələrini verir. Azərbaycan iqtisadiyyatı son 10 ildə dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmaqla ötən bu müddətdə ölkəyə 130 milyard dollardan çox sərmayə qoyulub, ümumi daxili məhsul 3 dəfə, sənaye istehsalı 2,5 dəfə artıbdır. Ölkənin valyuta ehtiyatlarının həcmi 2013-cü ildə 50 milyard dollar səviyyəsinə yüksəlib. Xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq ölkənin valyuta ehtiyatlarının ilbəil artmasına və ölkədə 10 ildə yoxsulluq səviyyəsinin 10 dəfə azalaraq 50 faizdən 5,5 faizə düşməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanda işsizlik göstəricisi 5 faiz həddindədir, ölkəmizin xarici borcunun həcmi təxminən ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi səviyyəsindədir.
Eyni zamanda, ötən bu müddət ərzində iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi artaraq, iqtisadiyyatın neftdən asılılıq riskini azaldıb. Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən bölgədə və onun xaricində böyük əhatəli investisiyalar yatıran ölkəyə çevrilib. Ötən on il ərzində sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülüb- minlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilib və təmir edilmişdir. İnvestisiya proqramında nəzərdə tutulmuş layihələr bu gün də uğurla həyata keçirilir.
Dövlətimizin qarşısında duran ən əsas vəzifələrdən biri qeyri-neft sektorunu inkişaf etdirmək idi. Bununla əlaqədar ölkəmizdə bir çox iş görülməklə yanaşı, bu gündə böyük uğurla davam etdirilir. 2012-ci ilin statistik göstərircilərinə baxsaq, qeyri-neft sektorunda 11 faizdən çox artmı görə bilərik. Bu artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinin göstəricisidir. Ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarına çoxlu sərmayə qoyulur. 2012-ci ilin fevral ayında Azərbaycanın “Azərspace-1” adlı ilk süni telekommunikasiya peykinin orbitə buraxılması ölkəmizin bu sahədəki inkişafın ən yüksək göstəricisidir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan kosmik ölkələr klubuna daxil olub, texnoloji tərəqqiyə, innovasiyalı iqtisadiyyata sahib olan və uğurla inkişaf edən ölkədir.
Dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən bir il sonra 2004-cü ildə Azərbaycanın bütün gələcək inkişafı müəyyən edən “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”-nı qəbul etməsi, bu iqtisadi inkişaf proqramında qarşıya qoyulmuş məqsədlərin mərhələ-mərhələ həyata keçirilməsi və əldə olunan inkişaf dünyada iqtisadi inkişafın yeni bir modelinin-Azərbaycan iqtisadi inkişaf modelinin yaranmasına səbəb oldu. Beləliklə, dünyanın öndə gələn maliyyə təşkilatlarının diqqəti Azərbaycana yönəldi. Dünya Bankı və beynəlxalq maliyyə şirkətlərinin illik hesabatlarında Azərbaycan investisiya yatırılacaq ölkələrin sırasında ön yerlərdən birini tutmaqla, dünyanın inkişaf etmiş ölkələrinin diqqətini özünə cəlb etməyi bacardı. Dünya siyasi arenasında əhəmiyyətli bir yer tutan Azərbaycan, əlbəttə, bu zirvəyə Prezidentimiz cənab İlham Əliyevin icra etmiş olduğu uğurlu siyasəti ilə nail olub.
Bu günlərdə keçirilən Vilnüs sammitində Prezident İlham Əliyev bir daha Azərbaycan siyasətinin müstəqil olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın mövqeyini qəti şəkildə ifadə etdi. Qürurverici haldır ki, sözügedən mötəbər tədbirdə Azərbaycan diplomatasiyası çox gərgin mübarizə şəraitində gedən politik dartışmadan uğurla və qalibiyyətlə çıxdı.
Beləliklə, bütün bu əldə olunan uğurlar Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra gələn ikinci böyük siyasi xadimə çevirib. Qeyd olunanlara əsaslanaraq, əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyev bu gün də bizimlə yaşayır, onun ideyaları uğurla davam etdirilir.
Mübariz QURBANLI
Milli Məclisin deputatı, YAP İcra katibinin müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.