Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunmuşdur

 

 

Dekabrın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda konfrans keçirilmişdir.

Tədbir 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr olunmuşdur.

Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqları sahəsində sonralar qəbul edilən digər sənədlərin əsasını təşkil etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Bəyannamənin prinsipləri bir çox beynəlxalq konvensiyalarda, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericiliyimizdə öz əksini tapmışdır.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atıldığını deyən müvəkkil bildirmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunmuşdur. Bu proqram yeni dövrün xüsusiyyətlərinə uyğun  mühüm vəzifələri müəyyənləşdirmişdir. Hazırda proqramın icrası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek 1948-ci ildə qurum tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, həmin beynəlxalq sənəd bu gün də öz aktuallığını itirməmişdir. İnsan hüquqlarının təşviqi BMT-nin əsas məqsədlərindən biridir.  Təşkilat Azərbaycan dövləti ilə insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə əməkdaşlığını daha da genişləndirməyə hazırdır.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova nəzərə çatdırmışdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan haqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil etmişdir. Hazırda 360-dan çox dilə tərcümə edilmiş Bəyannamə dünyada ən çox istinad olunan sənəddir ki, bu da onun ümumbəşəri mahiyyətini və əhatə dairəsinin genişliyini bir daha təsdiq edir.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və insan hüquqlarının perspektivləri” mövzusunda məruzə etmişdir.

Qeyd olunmuşdur ki, konsepsiyanın təsdiq olunması uzun müddətli dövr üçün insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması məsələsini daha da aktuallaşdırmışdır.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın hüquq mühafizə sistemində aparılan islahatlardan, insan hüquqlarının təmin olunmasında ədliyyə orqanlarının rolundan, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, insan hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin fəaliyyətindən bəhs olunmuşdur.

Sonda müvəkkilin ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazılarının və “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında