Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm işlər görülmüşdür

 

 

 

Dekabrın 9-da Azərbaycan Respublikası Milli Məclisində “Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr və milli qanunvericilik” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

“Dəyirmi masa”nı açan insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova xatırlatmışdır ki, dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir.

İkinci Dünya müharibəsindən sonra qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışan R.Aslanova vurğulamışdır ki, bu Bəyannamə insan haqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil etmişdir.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyini və nəticədə 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayan komitə sədri XXI əsrdə BMT-nin bir üzvünün digər üzvünə qarşı işğalçılıq siyasəti yeritməsinin yolverilməz hal olduğunu demişdir.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində çox mühüm addımlar atıldığını qeyd edən R.Aslanova demişdir ki, bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı buna bariz nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar qazanmışdır.

Bildirilmişdir ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çəkilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova “Azərbaycanda insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının tələblərindən irəli gələn vəzifələr və nəticələr” mövzusunda məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm vermişdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.  Bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artırır.

Regionlarda keçirilən dinləmələrdə vətəndaşların fəal iştirak etdiklərini deyən Elmira Süleymanova həmin dinləmələrdə aparılan monitorinqlərin nəticələrinin əlaqədar dövlət qurumlarına təqdim olunmasının bu istiqamətdəki fəaliyyətin təkmilləşdirilməsinə müsbət təsir göstərdiyini bildirmişdir.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və XXI əsrdə insan hüquqları” mövzusunda məruzə ilə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek vurğulamışdır ki, BMT insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan insan haqları ilə bağlı BMT-nin 158 tövsiyə və təklifini qəbul etmiş, xüsusi prosedur üzrə mandat sahibinə çevrilmişdir.

Tədbirdə “İnsan hüquqlarının qorunmasında müasir informasiya texnologiyalarının rolu” mövzusunda çıxış edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etmişdir ki, Azərbaycanda insan hüquqlarının təmin olunmasının ən bariz nümunəsi və bu istiqamətdə atılan addımlardan biri “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. O bildirmişdir ki, “ASAN xidmət” mərkəzlərində 500 mindən artıq vətəndaşa xidmət göstərilmişdir. Təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir. Bu xidmətin fəaliyyətini ölkəmizdəki aşkarlığın və şəffaflığın ən mühüm göstəricisi kimi qiymətləndirən komitə sədri bildirmişdir ki, “ASAN xidmət” “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərə nail olunmasında ən təsirli vasitədir.

“İnsan hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə vətəndaş cəmiyyətinin ölkəmizdə insan haqlarının qorunmasındakı fəal iştirakından danışmışdır.

Milli Məclisin deputatı Fəttah Heydərov Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların doğma torpaqlarından didərgin düşməsi və onların hüquqlarının kobud şəkildə pozulması faktından danışaraq bu məsələnin beynəlxalq təşkilatları daha çox düşündürməli olduğunu söyləmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay rəhbərlik etdiyi qurumun Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində bütün dövlət təşkilatları ilə sıx əməkdaşlıq etdiyini demişdir.

 K.Tarqay Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusi vurğulamışdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında