Romada “Postsovet məkanında geosiyasi qurumlar” mövzusunda konfrans keçirilmişdir

 

 

 

Romada La Sapienza Universiteti və Demokratiya və Əməkdaşlıq İnstitutunun birgə təşkilatçılığı ilə “Postsovet məkanında geosiyasi qurumlar” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycanın, Rusiyanın, Ukraynanın, Özbəkistanın, Belarusun və Qazaxıstanın diplomatik nümayəndəliklərinin üzvləri, İtaliyanın ictimai xadimləri və başqaları iştirak etmişlər.

Tədbiri açan La Sapienza Universitetinin rektoru Luici Frati və prorektor Antonello Biacini konfransın əhəmiyyəti haqqında danışmışlar.

Konfransda məruzə ilə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirmişdir ki, 1975-ci il avqustun 1-də Helsinkidə Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Konfransın Yekun Aktı imzalanmışdır. Təşkilata üzv ölkələr üçün müəyyən edilmiş əsas prinsiplər barədə danışan Vaqif Sadıqov demişdir: “Bu gün sual olunur ki, həmin prinsiplərə hörmət edilirmi? Təəssüflə qeyd etmək istərdim ki, cavab mənfidir”.

Səfir diqqətə çatdırmışdır ki, bir sıra regional münaqişələrin hələ də öz həllini tapmaması ATƏT, NATO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların səmərəli fəaliyyətinə mənfi təsir göstərir. Bəzi münaqişələr, xüsusilə də səhvən “dondurulmuş” adlandırılan münaqişələr hər an qanlı müharibəyə çevrilə bilər. Bu baxımdan Azərbaycan hər zaman böyük problemlərlə üzləşmişdir. O demişdir: “Təhlükəsizlik olmadan əməkdaşlıq etmək mümkün deyildir”. 

Vaqif Sadıqov vurğulamışdır ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan hüquqi və demokratik dövlət quruculuğu yolunda bir sıra çətinliklərlə üzləşmişdi. Bu maneələrin aradan qaldırılmasında, sabitliyin bərqərar edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycanın dünyada tolerant bir ölkə kimi nüfuz qazandığını deyən səfir qeyd etmişdir ki, ölkəmizin bir çox beynəlxalq qurumlarla, iqtisadi təşkilatlarla yaxşı əlaqələri vardır.

Cari ildə İtaliya Respublikası Nazirlər Şurasının prezidenti Enriko Lettanın Azərbaycana səfərini xatırladan Vaqif Sadıqov ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən də danışmışdır. Bildirmişdir ki, İtaliya Azərbaycanın önəmli ticarət tərəfdaşıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat diqqətə çatdırmışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. ATƏT çərçivəsində aparılan danışıqlar hələ heç bir müsbət nəticə verməmişdir. BMT-nin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağıran qətnamələri vardır. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, hələ də bu qətnamələrə əməl olunmur və beynəlxalq ictimaiyyət tərəfindən hər hansı təsirli addım atılmır. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi aydındır. Səfir demişdir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalı və münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş vətəndaşlarımız doğma yurdlarına geri qayıtmalıdırlar. Münaqişə həll edilmədən regionda təhlükəsizliyin bərqərar olunması və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin qurulması ilə bağlı ölkəmizin mövqeyi müzakirəyə qoyula bilməz. Çünki ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

 

Vaqif Sadıqov Dağlıq Qarabağ probleminə baxmayaraq Azərbaycanda son illərdə sürətli iqtisadi inkişafın getdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik 5,2 faizə düşmüşdür. Azərbaycan artıq xarici ölkələrə sərmayə qoyan bir ölkəyə çevrilmişdir.

Qeyd olunmuşdur ki, son illərdə Azərbaycanda bir sıra enerji layihələri uğurla həyata keçirilməkdədir. Ölkəmizdə yeni qaz yataqları kəşf olunmuşdur və bu qazın ixracı istiqamətində Trans-Adriatik kəməri (TAP) böyük əhəmiyyət kəsb edir. TAP vasitəsilə Azərbaycan qazının İtaliyaya nəql olunması təmin ediləcəkdir. 

Tədbirdə postsovet məkanında geosiyasi vəziyyət, problemlər və onların həlli istiqamətində görülən işlər və digər mövzularla bağlı müzakirələr aparılmış, məruzələr dinlənilmişdir.

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında