Baş prokuror Zakir QARALOV: Azərbaycanın korrupsiyaya qarşı mübarizədə əldə etdiyi yüksək göstərici həyata keçirilən kompleks və davamlı siyasətin nəticəsidir

 Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Transparensy İnternational”ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya Qavrama İndeksində Azərbaycan keçən illə müqayisədə 12 pillə irəliləmiş, eyni zamanda, ölkəmizin qiymətləndirmə balı 27-dən 28-ə yüksəlmişdir. Əgər keçən ilin hesabatı üzrə də ölkəmizin əvvəlki illə müqayisədə 4 pillə irəlilədiyini nəzərə alsaq, bu zaman indeksdə son illər Azərbaycan ilə bağlı dinamikanın müsbət olduğunu görərik.

Ümumən, ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir və indeksə daxil edildiyi 2000-ci ildən bəri Azərbaycan Respublikası son on üç ilin ən yüksək nəticəsini göstərmişdir.

Bu sözləri Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov AzərTAc-a müsahibəsində demişdir.

Baş prokuror bildirmişdir ki, 2013-cü ilin Korrupsiya Qavrama İndeksi üzrə müsbət nəticələri “Transparency İnternational” təşkilatının bu ilin iyulunda “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olması barədə ölkəmizin göstəricilərinin məntiqi davamı kimi də qiymətləndirmək olar. Belə ki, “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı üzrə Azərbaycanda respondentlərin 68 faizi korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirlərinin səmərəli olduğunu bildirmişdir. Bu da dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən üç dəfə yüksəkdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişin əsas amillərindən danışan baş prokuror demişdir ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətidir. Dövlətimizin başçısının təşəbbüsü ilə beynəlxalq təcrübə nəzərə alınaraq mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir.

Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə hazırlanmış “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı” qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə hüquqi zəmin yaratmaqla uğurla icra edilmişdir. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına müvafiq olaraq ixtisaslaşdırılmış qurumlar - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təsis edilmişdir. Bununla bərabər, beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək digər dövlətlərin hüquq mühafizə orqanları və antikorrupsiya qurumları ilə səmərəli əlaqələr qurulmuş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Dövlətimizin başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini bir daha nümayiş etdirərək 2012-ci il sentyabrın 5-də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair Sərəncam imzalamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas hədəflər kimi müəyyənləşdirilmişdir.

Baş prokuror demişdir ki, 2013-cü ilin Korrupsiya Qavrama İndeksində Azərbaycanın 12 pillə irəliləməsi bizim üçün gözlənilməz deyildir. Bu nailiyyətlər korrupsiyaya qarşı mübarizə sahəsində siyasi rəhbərlik səviyyəsində həyata keçirilən kompleks və davamlı islahatların real nəticəsidir. Lakin qeyd etməliyəm ki, 2013-cü ilin Korrupsiya Qavrama İndeksində əks olunan göstəricilər reallıqda mövcud olan daha uğurlu nəticələri tam əks etdirmir. Bunun səbəbi “Transparensy İnternational”ın istinad mənbələri olan bəzi təşkilatların qeyri-obyektiv siyasi baxışları, o cümlədən “Freedom House” kimi qurumların ölkəmizə münasibətdə ikili standartlara yol verməsi olmuşdur. Lakin bu qurumların qeyri-obyektiv mövqeyi belə ölkəmizə münasibətdə müsbət nəticələrə ciddi təsir göstərə bilməmişdir. Məsələn, Davos İqtisadi Forumunun 2012-2013-cü illər üçün Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyərək 46-cı sıraya yüksəlmişdir. Həmçinin Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətliliyinə görə 39-cu yerdədir. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının elan etdiyi “Doing Business 2013” hesabatında Azərbaycan 185 ölkə arasında 67-ci yeri tutaraq 118 ölkəni qabaqlamışdır.

Əldə edilmiş nailiyyətlərin əsası kimi beynəlxalq mexanizmlərin uğurlu tətbiqi, mötəbər beynəlxalq qurumlarla əməkdaşlıq xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikası beynəlxalq konvensiyaların tətbiqini tam şəkildə təmin etmək məqsədilə Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Konvensiyanın Əlavə Protokoluna Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətimizin başçısının 2012-ci il iyunun 29-da Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında Sazişə qoşulması barədə” Qanunu imzalaması bu beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə vermişdir. BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə Ofisi ilə birgə BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasının implementasiyası istiqamətində uğurlu əməkdaşlığa başlanılmışdır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur. 2013-cü il sentyabrın 23-25-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsini müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.

Azərbaycan Prezidentinin təsdiq etdiyi “Açıq Hökumət”in təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının icrası ölkəmizdə dövlət orqanlarının şəffaflıq, açıq hökumət prinsipləri əsasında idarə edilməsini və korrupsiyanı istisna edən idarəçilik mühitinin yaradılmasını təmin edir. Bunların sırasına elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və elektron hökumətin inkişaf etdirilməsi tədbirləri də daxildir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılmasının da mühüm antikorrupsiya tədbirlərindən biri olduğunu deyən Zakir Qaralov bu mərkəzlərin vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiya və ya digər mənfi hallar olmadan dövlət xidmətləri göstərdiyini vurğulamışdır.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılmış, prokurorluq orqanları ilə vətəndaşların qarşılıqlı ünsiyyətinin asan və səmərəli forması olan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilmiş, eyni zamanda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış səlahiyyətlərinin verilməsindən sonra latent xarakterli korrupsiya cinayətlərinin aşkar edilməsi istiqamətində tədbirlər daha da gücləndirilmişdir.

Cari il noyabrın 22-29-da Panamada keçirilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının Konfransının 5-ci sessiyasında qəbul edilmiş tərəqqi hesabatında Azərbaycan Respublikası qarşılıqlı hüquqi yardımın göstərilməsini müvəffəqiyyətlə təmin edən 8 ölkə sırasında xüsusi vurğulanmışdır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin perspektivlərindən danışan baş prokuror demişdir ki, Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamları ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş, dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən mühüm konseptual sənədlərdir. Bu sənədlərdən irəli gələn vəzifələrin icrası üçün dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin səmərəliliyinin artırılması, korrupsiya və süründürməçiliyin qarşısının alınması məqsədilə elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Elektron xidmətlər korrupsiyanın, məmur özbaşınalığının, süründürməçilik hallarının qarşısını alınmasında, şəffaflığın, hesabatlılığın, operativliyin, səmərəliliyin təmin edilməsində mühüm vasitələrdən olmaqla çevik idarəçiliyin uğurlu formuludur.

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar “İnformatorların (korrupsiya halları haqqında məlumat verən şəxslərin) müdafiəsi haqqında” qanun layihəsi, korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vəzifəli şəxslərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması, şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə təkliflər və bununla əlaqədar qanunvericiliyə dəyişiklik və əlavələr edilməsi barədə qanun layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar vermişdir. Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə istiqamətində möhkəm siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirlərin vacibliyini vurğulamış, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiq olunmasının zəruriliyini qeyd etmiş, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bildirmişdir.

Göründüyü kimi, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə istiqamətində işlər bundan sonra da eyni intensivliklə və daha qətiyyətlə davam etdiriləcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında