Azərbaycanın xarici siyasəti ölkəmizin maraqlarını yüksək səviyyədə təmin edir

Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasəti barədə söz açarkən hər bir soydaşımız üçün tarixi məsuliyyət hissi yaradan və milli dövlətçiliyimiz qarşısında hamımızın borcunu yada salan məqamları qabardırdı: “ Biz bu siyasətin təməl prinsiplərini elə şəkildə yaratmışıq ki, yeritdiyimiz kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət etsin”. Ümummilli liderimizin həmin siyasi müdrikliyi bu gün artıq xarici siyasətimizin möhtəşəm uğurlarında öz təsdiqini tapır.

Ölkəmizin xarici siyasəti barədə söz açan mütəxəssislər qeyd edirlər ki, coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində, zəngin neft-qaz ehtiyatlarına malik olan, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır. Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq vacibdir. Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla yürütdüyü balanslaşdırılmış xarici siyasətimizin əsas istiqamətləri demokratiyanın inkişaf etdirilməsindən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən, dövlətimizin təhlükəsizliyinin, siyasi müstəqilliyinin təmin olunmasından, suverenliyimizin və respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılmasından ibarətdir.

Ona görə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Bu zaman gənc müstəqil respublikamızın  NATO, Avropa Birliyi və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiyasını xüsusilə vurğulamaq gərəkdir.

Sadalanan bu məqamların reallaşdırılması üçün son 10 il ərzində Azərbaycan dövləti kəmiyyətcə kifayət qədər, keyfiyyətcə isə çox ciddi  nailiyyətlərə imza atıb. Bu nailiyyətlər bir neçə vacib amilə əsaslanır. Belə ki, Azərbaycanda daxili siyasi sabitliyin yaradılması və uzunmüddətli xarakter alması, iqtisadiyyatda əldə edilmiş uğurlar və bunun təsiri ilə dövlətin iqtisadi qüdrətinin artması, beləliklə də xarici asılılığın tamamilə aradan qalxması bizim diplomatik uğurlarımızın sırasındadır. Eyni zamanda ölkənin xarici siyasət kursunu müəyyən edən şəxsin, yəni, dövlət başçısının milli maraq və mənafelərimizin qorunmasını əsas şərt kimi ortaya qoyması dövlətimizə xüsusi uğurlar gətirir.

Ölkəmizin uğurlarına sevinən mütəxəssislərin fikrincə, ötən 10 il ərzində Azərbaycanın xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri kimi Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin reallaşması göstərilə bilər. Azərbaycan bu strateji əhəmiyyətli layihənin reallaşması üçün diplomatik səyləri artırmış və onu regional siyasətinin əsas prioritetlərindən biri halına gətirmişdir.

Bu layihənin əhəmiyyətini təkcə iqtisadiyyatla bağlayanlar kifayət qədər yanılırlar. Çünki bu layihənin çox böyük siyasi əhəmiyyəti də vardır. Hətta, Ermənistan və Qərb ölkələrindəki erməni lobbisi bu layihənin Ermənistanı regionda daha da təcrid olunmuş duruma salacağı barədə hay-küy qaldıraraq onun reallaşmasını əngəlləməyə yönələn səylər göstərirdilər. Məhz erməni lobbisinin səyləri nəticəsində ABŞ Konqresi Birləşmiş Ştatların Exim bankının Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə kredit ayırmasına qadağa qoymuşdu. Lakin Azərbaycan kifayət qədər cəsarətli siyasi gediş edərək Gürcüstana bu layihənin maliyyələşdirilməsi üçün aşağı faizli kredit ayırdı. Beləliklə də layihəni əngəlləməyə yönələn cəhdlər fiaskoya uğradı. 2007-ci il fevralın 7-də, Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın Prezidenti Mixail Saakaşvilinin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə layihənin həyata keçirilməsinə dair sazişlər imzalanmışdır. Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimi bu layihənin həyata keçirilməsi Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirmiş, onun mühüm tranzit ölkəsi statusunu möhkəmləndirmişdir.

Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri də Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı məsələsidir. Belə ki, son on ildə bu məsələ ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial əhəmiyyət kəsb etmişdir. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Aİ-Azərbaycan Fəaliyyət Planı qəbul edilib, bu plan Azərbaycan və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı inkişaf etdirir, əlaqələrin  keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün əsaslar yaradır. Təbii ki, Aİ-Azərbaycan Fəaliyyət Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

2009-cu ilin aprelində ölkəmizin ən yaxın strateji müttəfiqi, qardaş ölkə Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlər yaratmaq, sərhədləri açmaq ərəfəsində olanda Azərbaycanın xarici siyasəti növbəti ciddi sınaqla üzləşdi. Türkiyə-Ermənistan protokollarının mətni razılaşdırılıb başa çatdırılmışdı və 2009-cu il aprelin 7-də İstanbulda ABŞ prezidentinin, dövlət katibinin iştirakı ilə keçirilən “Mədəniyyətlər İttifaqı” forumu çərçivəsində onların paraflanması baş verməliydi. Həmin foruma Azərbaycan Prezidenti də dəvət edilmişdi. Foruma qatılmaq və protokolların paraflanmasına şahidlik etmək üçün ABŞ Prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton Prezident İlham Əliyevə telefon zəngləri edirdi. Lakin Azərbaycan onun milli maraqlarını təhlükə qarşısında qoyan bu təşəbbüsə dəstək verə bilməzdi və Prezident İstanbula getməkdən imtina edib Bakıda Təhlükəsizlik Şurasının iclasını çağırmışdı. Həmin iclasda Azərbaycan Prezidenti aşağıdakı bəyanatla çıxış etdi: “Bizim ölkəmiz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb, qarışmır və gələcəkdə də bizim belə niyyətimiz yoxdur. Eyni zamanda Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə heç vaxt müdaxilə etməyib və etməyəcək. Ancaq bununla bərabər regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik”.

Prezident İlham Əliyev həmin günlərdə sözün həqiqi mənasında mükəmməl bir liderlik nümunəsi nümayiş etdirmişdi. Məhz onun bölgədə maraqları olan bütün dövlətlərlə qarşılıqlı maraqlar üzərində qurulan bərabərhüquqlu tərəfdaşlıq strategiyası imkan verdi ki, Azərbaycan həmin kritik situasiyada öz xarici siyasətində uğurlu manevrlər edərək öz milli maraqlarına qarşı olan təşəbbüsün həyata keçirilməsinə imkan verməsin. Beləliklə, Türkiyə-Ermənistan protokolları imzalansa da onun həyata keçirilməsi baş vermədi. Daha sonra isə Türkiyə Azərbaycanın maraqlarına qarşı yönələn heç bir addım atmayacağına dair qəti mövqeyini ortaya qoydu. Bir daha təsdiqləndi ki, Azərbaycan bölgənin aparıcı dövlətidir və onun iştirakı, razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz.

 Respublikamızın böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də onun ötən 10 il ərzində yeritdiyi xarici siyasətin əsas nailiyyətlərindən biridir. Ekspertlərin fikrincə bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərinin sayını artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq yeni-yeni ölkələrlə uğurlu ikitərəfli münasibətlərin formalaşdırılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv iş, effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. Heç bir azərbaycanlının unuda bilməyəcəyi məqamlardan birini yada salaq. 2011-ci il oktyabrın 25-də Azərbaycan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Dünyanın 155 ölkəsinin Azərbaycanı bu səsvermədə dəstəkləməsi böyük diplomatik uğur kimi hamı tərəfindən tanınıb. Bu səsvermə Azərbaycanın təkcə region üçün deyil, dünya üçün önəmli ölkələrdən biri olduğunu ortaya qoyub. Sonradan məlum olub ki, Ermənistan da əvvəlcə BMT Təhlükəsizlik Şurasına seçilmək iddiasına düşüb, ancaq heç bir şansı olmadığını görərək bəri başdan öz namizədliyini geri çəkib.

Prezident İlham Əliyevin xarici siyasətdə ən böyük önəm verdiyi məsələlərdən biri də formalaşdırılmış ənənəvi diplomatiyanın hücum diplomatiyası taktikası ilə əvəz edilməsi prinsipidir. Xarici siyasətin daha dinamik forma alması, bu siyasəti həyata keçirən qurumlar arasında koordinasiyanın gücləndirilməsi üçün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin Bakı müşavirələrinin ənənəsi qoyulub. İlk belə müşavirə 2004-cü il iyulun 27-də keçirilib. Həmin müşavirədə çıxış edən Prezident İlham Əliyev səfirlərin qarşısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində “hücum diplomatiyası” vəzifəsini qoyub. Təsadüfi deyil ki, hücum diplomatiyası sayəsində uzun illər Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbisi son illər müdafiə taktikası seçməli olub. İndi Ermənistan rəhbərliyində də etiraf edirlər ki, Azərbaycan informasiya, təbliğat diplomatiyasında daha güclü mövqedədir. Azərbaycanın diplomatik təmsilçilikləri ilə xaricdəki diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub, bunun sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində vəziyyət müsbətə doğru xeyli dəyişib.

Beləliklə, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə sürətli inteqrasiyasını təmin edən Heydər Əliyev siyasi kursu cəmiyyət həyatının bütün sahələrində olduğu kimi xarici siyasətdə də öz uğurlu nəticələrini verməkdədir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında