Avropa Şurasının Parlament Assambleyası internet azadlığında həm də insan hüquqlarına qarşı təhlükələr görməkdədir

 

 

 

İnsan hüquqlarına ardıcıl ehtiramı, söz və ifadə azadlığına sistemli şəkildə riayət edilməsini əsas iş prinsiplərindən birinə çevirmiş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son illərdəki müzakirələrində həmin mövzular internet azadlığı kontekstində daha tez-tez yer almağa başlamışdır.

AŞPA Mədəniyyət, elm, təhsil və media komitəsinin dekabrın 4-də təşkilatın Parisdəki qərargahında keçirilən iclası da bu baxımdan istisna təşkil etməmişdir. Noyabr ayının son həftəsində Strasburqda keçirilmiş Dünya Demokratiya Forumunda olduğu kimi, hazırkı komitə iclasında da internet azadlığının, internetdən istifadə şəbəkəsinin genişlənməsinin ayrı-ayrı aspektlərini əks etdirən bir neçə mövzu ətrafında fikir mübadilələri aparılmışdır.

Lüksemburqlu deputat Ənn Brasserin “İnternet və siyasət - yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri”, Finlandiyadan olan deputat  Jaan Pelkonenin “İnternetə qoşulma hüququ”, almaniyalı deputat Aksel Fişerin “Kiberfəzada istifadəçinin qorunması və təhlükəsizliyinin yaxşılaşdırılması” mövzusundakı məruzələrinin yaxın gələcəkdə Parlament Assambleyasının açıq müzakirələrinə çıxarılacağı gözlənilir.

Deputat Rafael Hüseynov diskussiyalara qatılmış, müzakirə olunan problemlə bağlı qənaətlərini bölüşmüşdür. Azərbaycanda azad internetin olduğunu, internet istifadəçilərinin sayının ildən-ilə artdığını bildirən R.Hüseynov, eyni zamanda, internetdən istifadədə ifrat sərbəstliyin müəyyən fəsadlar törətməsi məsələsinə toxunaraq demişdir: “Bu, aydın həqiqətdir ki, istənilən ölkədə internetdən istifadənin sərbəstlik dərəcəsi həmin dövlətin söz və ifadə azadlığına yaratdığı imkanların genişliyinin göstəricisidir. İnformasiyanı, düşüncələri, mövqeləri ani şəkildə nəhəng məkanda tirajlamağa qadir olan internet müstəvisi, təbii ki, dünyanı daha yığcam edir, hər kəsi yalnız öz ölkəsinin deyil, dünyanın vətəndaşına çevirir.

Təsadüfi deyil ki, hələ də mövcud olan bir sıra qapalı, yaxud yarımqapalı rejimlər azad internetdən çəkinir, bu istiqamətdə öz ölkələrində müəyyən məhdudiyyətləri də yaradırlar. Lakin internetdən istifadənin tam azad olduğu, yetərincə demokratiya təcrübəsi olan ölkələrin bu gün ifrat sərbəstlikdən ara-sıra şikayətlənməsi də anlaşılandır. Bu, birbaşa olaraq demokratiya anlayışının mahiyyəti, fəlsəfəsi ilə bağlı məqamlardır. İnternetdən azad istifadə haqqımız olsa da, bu zaman biz digər insanların hüquqlarına hörmətlə yanaşmağı da bir an belə yaddan çıxarmamalıyıq. Qeyri-dəqiq informasiya, böhtan, təhqir, insana hörmətsizlik, ekstremist çağırışlar tədricən internet məkanında ciddi problemə çevrilməyə başlamışdır. Böyük dünya güclərinin həm də internetdən total izləmə şəbəkəsi kimi yararlanması insan hüquqlarına qarşı ciddi narahatlıq mənbəyinə çevrilmişdir. Ona görə də indiki halda dalan vəziyyəti yaranır. Bütün bu fəsadların qarşısını necə almalı?

Məhdudiyyətlər qoyulması insan hüquqlarına, söz, mətbuat, ifadə azadlığına, bütövlükdə demokratiya ölçülərinə əks olacaqdır. Lakin internet sərbəstliyindən qanunazidd istifadələr də insan hüquqlarına qarşı başqa arzuolunmaz təsirlərin ortaya çıxmasını şərtləndirir. Həmin səbəbdən də rəqəmsal əsrimizdə ayrı-ayrı şəxslərin də, ayrı-ayrı dövlətlərin də internet istifadəçiliyində demokratik meyarlara əməl etməsində məsuliyyətlərini qat-qat artırması tələb olunur. Burada isə, söhbət sadəcə olaraq, mənəvi məsuliyyətdən yox, ilk növbədə, hüquqi məsuliyyətdən getməlidir ki, səmərəli nəticələr əldə edilə bilsin”.

R.Hüseynov bildirmişdir ki, AŞPA-nın 2014-cü il yanvar ayının son həftəsində keçiriləcək qış sessiyasında da bəhs edilən bu mühüm mövzularla bağlı müzakirələr davam etdiriləcəkdir.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında