Avqustun 5-də Milli Məclisin sədri Oqtay Əsədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, sədr Fikrət Akçuranı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, ölkəmizin BMT və onun bir sıra ixtisaslaşmış orqanları və qurumları ilə sıx, səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda BMT-nin müxtəlif layihələri çərçivəsində bir sıra proqramlar indi də davam etməkdədir. BMT Azərbaycanda səhiyyə, qadın problemləri, yoxsulluğun azaldılması və digər sahələrdə onlarla proqram və tədbirlər həyata keçirmişdir.
Son illərdə BMT çərçivəsində görülən işlərə verilən töhfələr sırasında qlobal səviyyədə terrorçuluğa qarşı aparılan mübarizədə ölkəmizin fəal iştirakı xüsusi qeyd edilməlidir. Bu baxımdan respublikamızın BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Komitəsi ilə əməkdaşlığı təqdirəlayiq hal kimi qiymətləndirilir.
Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Uşaq Fondu (YUNİCEF) ilə geniş əməkdaşlıq edir.
Parlamentin sədri BMT və onun ayrı-ayrı qurumları ilə Milli Məclis arasındakı əlaqələrdən bəhs etmiş və bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı məsələləri ön plana çəkən sədr qeyd etmişdir ki, BMT-nin Təhlükəsizlik Şurasının bu məsələyə dair 4 qətnaməsi var və bundan başqa, BMT Baş Məclisi Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair 2008-ci ildə qətnamə qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edərək, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyədək yerinə yetirilməmişdir.
Sədr belə bir inam ifadə etmişdir ki, qəbul olunmuş qətnamələrin yerinə yetirilməsi, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün BMT öz imkanlarından daha fəal istifadə edəcək, regionda sabitlik və təhlükəsizlik bərqərar olacaqdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura təmsil etdiyi beynəlxalq təşkilatla və onun ayrı-ayrı strukturları ilə Azərbaycan arasında daha yaxın münasibətlər qurmağın və iş birliyi yaratmağın vacib olduğunu söyləmişdir. O qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə BMT ilə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi üçün ölkəmizə yaxından kömək edəcək, əlindən gələni əsirgəməyəcəkdir. O, bundan sonra da bir sıra istiqamətlərdə həyata keçirilən layihələr çərçivəsində proqramların davam etdirilməsinin zəruri olduğunu vurğulamışdır.
Rezident əlaqələndirici bir sıra digər beynəlxalq təşkilatların fəaliyyətindən danışarkən TürkPA-nın yaradılması, onun Katibliyinin Bakıda fəaliyyət göstərməsi, tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı fikirlərini açıqlamışdır. Ümidvar olduğunu bildirmişdir ki, beynəlxalq statuslu bu təşkilat gələcəkdə öz fəaliyyət dairəsini və imkanlarını genişləndirəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olacaqdır.
Qonaq bir daha BMT ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına diqqət ayıraraq bildirmişdir ki, o, bu əlaqələrin hərtərəfli inkişafı üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
***
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Avstriya Respublikasının Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür.
Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən sədr ölkələrimiz və xalqlarımız arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi işində ona uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Avropa regionunda olan bütün ölkələrlə, o cümlədən Avstriya ilə əlaqələrin yüksək səviyyədə qurulmasına böyük önəm verir. Ölkəmiz Avstriya ilə yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.
İki ölkə arasında BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan belə əməkdaşlığın səmərəliliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir.
Sədr qeyd etmişdir ki, biz beynəlxalq aləmdə və beynəlxalq parlamentlərarası səviyyədə böyük təcrübəyə malik Avstriya parlamenti ilə əlaqələri daha da inkişaf etdirməyə xüsusi önəm veririk. Bildirilmişdir ki, deputatlarımızın qarşılıqlı səfərləri, qanunvericilik sahəsində fikir və təcrübə mübadiləsi ölkələrimizin qanunvericilik orqanlarının işinə səmərə verərək, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişlənməsinə xidmət göstərə bilər. Bu işdə parlament dostluq qruplarının fəallığı daha da artırılmalıdır.
İqtisadi əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlərə toxunan spiker qeyd etmişdir ki, gündən-günə inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində xüsusi rol oynayır. Azərbaycan Nabukko qaz layihəsini dəstəkləyir və Avstriyanın da bu layihəyə dəstəyini və onun həyata keçirilməsində yaxından iştirakını yüksək qiymətləndirir.
Görüşdən məmnun qaldığını bildirən xanım Silvia Mayer-Kaybiç Avstriya parlamentinin Milli Şurasının sədrinin salamlarını spiker Oqtay Əsədova çatdırmışdır. O, ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu söyləmişdir. Qeyd etmişdir ki, Azərbaycanda tarazlaşdırılmış xarici siyasət konsepsiyası mövcuddur. Bunu enerji sahəsinə də aid etmək olar. Bu isə diqqətəlayiq işdir.
Görüşdə Azərbaycanda seçkilərlə bağlı bir sıra məsələlərə də toxunulmuşdur.
Avstriyalı səfir qeyd etmişdir ki, bir sıra beynəlxalq təşkilatların və ekspertlərin rəyinə görə, həqiqətən də, Azərbaycanda keçirilən seçkilərdə xüsusi irəliləyişlər vardır. O, ümidvar olduğunu bildirmişdir ki, bu ilin noyabrında keçiriləcək parlament seçkiləri də obyektiv olacaq və Azərbaycanda demokratiyanın növbəti təntənəsinə çevriləcəkdir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və onun həlli yolları, Azərbaycanın Avropaya inteqrasiyası, ölkəmizdə demokratik dəyərlərin inkişafı, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.