Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti noyabrın 29-da MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburq şəhərində keçirilən 39-cu plenar iclasında iştirak etmişdir.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirmişdir ki, iclası giriş sözü ilə MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matviyenko açmışdır. O, artıq neçə illərdir ki, ənənəyə çevrilmiş bu cür tədbirləri yüksək qiymətləndirmiş, MDB çərçivəsində ikitərəfli, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildirmişdir. V.Matviyenko demişdir ki, qəbul olunan model qanunlar qanun yaradıcılığı baxımından parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayır.
Sonra plenar iclasda “Arxeoloji irsin qorunması haqqında”, “Elektron sənəd haqqında”, “Antikorrupsiya monitorinqi haqqında”, “Kommersiya sirri haqqında”, “Ekoloji audit haqqında”, Təhsil Məcəlləsi və Vergi Məcəlləsi haqqında, “Elmi parklar haqqında” və digər model qanun layihələri müzakirə olunmuş, bu layihələrə dair şərh və tövsiyələr dinlənildikdən sonra qəbul edilmişdir.
Ümumilikdə, iclasın gündəliyində duran 25 məsələ müzakirə olunmuş və qəbul edildikdən sonra parlament nümayəndə heyətlərinin rəhbərləri mətbuat qarşısında çıxış edərək iclasın yekunları barədə fikirlərini açıqlamış, jurnalistlərin suallarını cavablandırmışlar.
Günün ikinci yarısında “Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başlamışdır. Qazaxıstan parlamentinin təşəbbüsü ilə keçirilən tədbirin əvvəlində parlament sədrləri Tavriya Sarayında təşkil olunmuş “Müasir dünyada nüvə təhlükəsizliyi” adlı sərgidə nümayiş etdirilən fotolara tamaşa etmişlər.
Konfransı giriş sözü ilə MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matviyenko açmışdır. O, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasında bu cür konfransların əhəmiyyətini vurğulamış və bu işdə parlamentlərin rolunun daha da artırılmasının vacibliyini bildirmişdir.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin konfrans iştirakçılarına Prezident Nursultan Nazarbayevin müraciətini oxuduqdan sonra mövzu ətrafında geniş məruzə ilə çıxış etmişdir.
Sonra MDB iştirakçısı olan ölkələrin parlament sədrlərinin çıxışları olmuşdur. Milli Məclisin sədri Oqtay Əsədov öz çıxışında nüvə təhlükəsizliyi və nüvə silahlarının tərksilah olunması məsələsinin bu gün beynəlxalq aləmdə qlobal bir problem olduğunu və bütün dövlətlərin kollektiv məsuliyyət daşıdığını qeyd etmişdir. Nüvə materialının xüsusiyyətləri elədir ki, təyinatından asılı olmayaraq ona qarşı məsuliyyətsiz münasibət qəbuledilməzdir. Buna misal olaraq böyük faciəyə və insan tələfatı ilə nəticələnmiş Çernobıl və Fukusima qəzalarını göstərmək olar. Beynəlxalq birlik tərəfindən nüvə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kompleks tədbirlər həyata keçirilir ki, bunların arasında “Nüvə silahının yayılmaması haqqında” Müqaviləni qeyd etmək olar. Bu müqavilə 43 il öncə qüvvəyə minmişdir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq birliyin əsas məqsədlərindən biri də nüvə terrorizminin qarşısının alınmasıdır. Bu istiqamətdə 2005-ci il aprelin 13-də qəbul edilmiş Nüvə Terrorizmi ilə Mübarizə Haqqında Beynəlxalq Konvensiya çox əhəmiyyətlidir. Azərbaycan Respublikasında bu müqavilə 2005-ci ilin sentyabr 12-də imzalanaraq 2008-ci il dekabrın 2-də ratifikasiya olunmuşdur. Bu gün bu mühüm sənədi artıq 115 dövlət imzalamış, 88 dövlətdə isə onun ratifikasiyası ilə əlaqədar qanunvericilik prosedurları həyata keçirilmişdir. Köhnəlmiş nüvə obyektlərinin bütöv regionlara böyük təhlükə yaratdığı və onların fəaliyyətinin tam dayandırılmasının vacibliyi bildirilmişdir. Buna misal olaraq Ermənistanın Metsamor Atom Elektrostansiyası göstərilmişdir.
Milli Məclisin sədri nüvə silahının yayılmaması üçün hüquqi bazanın formalaşdırılmasını təmin etmək istiqamətində milli parlamentlərin rolu və məsuliyyətini vurğulamışdır. O, qeyd edilən məsələ ilə bağlı müasir çağırışlara mümkün qədər tez cavab verərək, beynəlxalq müqavilələrin operativ ratifikasiyasını təmin etmək üçün parlamentarilərə müraciət etmişdir. Bütün milli parlamentlərə nüvə silahı olmayan bir dünyaya nail olmaq üçün möhkəm hüquqi bazanın yaradılması istiqamətindəki fəaliyyətlərində uğurlar arzulamışdır.
Digər parlament nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra tədbir başa çatmışdır.
Azərbaycan nümayəndə heyəti noyabrın 29-da axşam Vətənə dönmüşdür.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.