Təhsil xalqın intellektual potensialını formalaşdıran və elmi səviyyəsini yüksəldən mühüm sosial sahədir. Hər bir ölkənin inkişafı, ilk növbədə, qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemi ilə ölçülür.
Çünki təhsil sahəsində əldə olunan nailiyyətlərin iqtisadi amilə çevrilməsi sosial-iqtisadi inkişafın təmin edilməsində əsas məsələdir. Son illər muxtar respublikada təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, yeni məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, təhsil infrastrukturu yenilənmişdir.
Noyabrın 26-da Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan şəhərində təhsil ocaqları müasir tələblər səviyyəsində qurulmuş, yeni məktəb binaları tikilmişdir. Son illər Naxçıvan şəhərində 14 məktəb binası istifadəyə verilmişdir. Hazırda isə 1 məktəb binasında tikinti işləri davam etdirilir. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəb binalarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Ölkəmizdə təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. Yeni məktəb binaları tikilir, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılır. Görülən işlərin davamı kimi Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin binası da müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilmişdir.
Ali Məclisin sədri bu münasibətlə kollektivi təbrik etmiş və demişdir: Hər bir ölkənin gələcək inkişafı məktəblərdən asılıdır. Ona görə ki, bu gün məktəblərdə yetişdirilən gənc nəsil dövlətin gələcək inkişafını müəyyən edəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev bu amili yüksək qiymətləndirərək deyirdi: “Məktəbin ən əsas vəzifəsi xalqımıza və ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”.
Pedoqoji kollektivin fəaliyyətini yüksək qiymətləndirən Ali Məclisin sədri demişdir ki, 16 nömrəli tam orta məktəbdə qazanılan nailiyyətlər tələbkarlığın, işə məsuliyyətlə yanaşmanın və müəllim-şagird münasibətlərinin düzgün qurulmasının nəticəsidir. Ötən tədris ilində məktəbin məzunlarının ali və orta ixtisas məktəblərinə qəbul olunması, tələbə adını qazanan 23 məzundan 5-nin 500-700 intervalında yüksək bal toplaması məktəbin nailiyyətidir.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur. Məlumat verilmişdir ki, 846 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 47 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompyuter otağı, kitabxana, idman zalı və bufet vardır.
Muxtar respublikanın orta məktəb kitabxanalarının bədii və elmi ədəbiyyatlarla təchiz olunması şagirdlərin mütaliə imkanlarını xeyli artırmışdır. Bu günə qədər muxtar respublikanın ümumtəhsil məktəblərinə 1 milyon 700 mindən artıq dərslik, 620 min 117 ədəd bədii ədəbiyyat verilmişdir. 16 nömrəli məktəbin kitabxanasında 12 min 490 kitab vardır. Kitabxanaya bir ədəd kompyuter qoyulmuş, elektron kataloq yaradılmışdır.
Ali Məclisin sədri məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2013-2014-cü tədris ilində məktəbdə birinci sinfə 58 şagird qəbul olunmuşdur.
Son illər məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramına əsasən təhsil ocaqlarının kompyuterləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər daha intensiv xarakter almış, muxtar respublikanın ümumtəhsil məktəblərində 3267 kompyuter dəsti və 500-dən artıq elektron lövhə quraşdırılmışdır. Məktəbin kompyuter otaqlarında da internetə çıxışı olan 57 kompyuter dəsti quraşdırılmış, 4 elektron lövhəli sinif yaradılmışdır.
Hərbi kabinədə yaradılan şərait dərslərin yüksək səviyyədə tədrisinə, şagirdlər arasında hərb sənətinə marağın artmasına imkan verəcəkdir. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında da ən müasir sınaq-təcrübə avadanlıqları quraşdırılmış, əyani vəsaitlər qoyulmuşdur.
Təhsil ocaqlarında idman dərslərinin yüksək səviyyədə tədrisi şagirdlərin sağlam böyüməsi ilə yanaşı, həm də gənc idmançıların yetişdirilməsində mühüm əhəmiyyətə malikdir. 16 nömrəli tam orta məktəbədə də idman dərslərinin günün tələbləri səviyyəsində tədrisi üçün lazımi şərait yaradılmış, müasir idman zalı, futbol meydançası və açıq idman qurğuları istifadəyə verilmişdir.
Ali Məclisin sədri müəllimlərlə söhbət zamanı demişdir ki, müasir məktəb binalarının tikilməsi təhsilin inkişafında başlıca amildir. Şagirdlərin hərtərəfli biliklərlə təmin edilməsi, milli dəyərlərə və dünyagörüşə malik olan vətənpərvər gəncliyin yetişdirilməsi pedaqoji kollektivin qarşısında duran əsas vəzifələrdir. Məktəb binasında yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.
Məktəbin müəllimləri yaradılan şəraitə görə minnətdarlıq etmiş və bundan sonra daha səylə çalışacaqlarını bildirmişlər.
Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, meyvə bağı salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.