Azərbaycan beynəlxalq antikorrupsiya tədbirlərində fəal iştirak edir

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) ən fəal və təşəbbüskar üzvlərindən biridir. Son illər IAACA çərçivəsində əlaqələrimiz daha da inkişaf etmiş, qurumun prezidenti Çao Cianminq bu ilin aprelində respublikamızda səfərdə olmuş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Ç.Cianminq Azərbaycan Prezidenti İlham Əliyevə yenidən bu vəzifəyə seçilməsi münasibətilə səmimi təbrik məktubu göndərməklə, korrupsiyaya qarşı mübarizədə səylərimizi və əldə olunmuş nailiyyətləri, bu məsələyə dövlət səviyyəsində müstəsna əhəmiyyət verilməsini, Azərbaycanın beynəlxalq əməkdaşlığa və assosiasiyanın inkişafına verdiyi mühüm töhfələri yüksək qiymətləndirmişdir.

Cari il noyabrın 22-dən 24-dək Panamada assosiasiyanın “Qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə: çağırış və imkanlar” mövzusunda 7-ci illik konfransı, habelə ümumi yığıncağı keçirilmişdir.

Konfransda Azərbaycanı ədliyyə naziri, assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Ümumilikdə 105 ölkə və beynəlxalq təşkilatdan 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdikləri forumun açılışı və ilk sessiyasına sədrlik Azərbaycanın ədliyyə nazirinə həvalə olunmuşdur.

Giriş nitqi ilə çıxış edən nazir korrupsiyanın qanunun aliliyinə  mənfi təsiri, IAACA-nın mühüm rolunu və onun fəaliyyətinə ölkəmizin dəstəyini qeyd etmiş, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və yaxşı təcrübələrin mübadiləsinə dair təkliflər irəli sürmüşdür.

Açılış mərasimində Panamanın baş prokuroru xanım Ana İzabel Belfon Vexas, assosiasiyanın prezidenti - Çinin baş prokuroru Çao Cianminq, Beynəlxalq Prokurorlar Assosiasiyanın prezidenti Qerhard Yaroş, habelə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxsləri çıxış etmişlər.

Konfransda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlər, hüquq-mühafizə orqanlarının fəaliyyəti, antikorrupsiya qurumlarının səmərəliliyinin artırılması və bu kimi aktual məsələlər müzakirə olunmuşdur.

Tədbirdə respublikamızın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev də çıxış edərək qəti antikorrupsiya tədbirləri barədə məlumat vermiş, əldə olunmuş nailiyyətləri, o cümlədən dövlət başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in korrupsiyanın qarşısının alınmasında mühüm rolunu vurğulamışdır.

Nümayəndə heyətimizin üzvləri müxtəlif mövzular üzrə keçirilmiş müzakirələrdə fəal iştirak etmişlər.

Eyni zamanda, ümumi yığıncaqda təşkilatın prezidentinin, vitse-prezidentlərinin və icraiyyə komitəsi üzvlərinin seçkisi keçirilmişdir. Çin Xalq Respublikasının baş prokuroru yenidən bu mötəbər təşkilatın prezidenti, ölkəmizin ədliyyə naziri isə qurumun vitse-prezidenti seçilmişdir.

Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Bəyannamə qəbul olunmuşdur.

Tədbirin yekun mərasimində Birləşmiş Millətlər Təşkilatı  baş katibinin müavini, Vyana ofisinin rəhbəri Yuri Fedotov çıxış edərək IAACA-nın işini təqdir etmiş və onun fəaliyyətinə BMT tərəfindən gələcəkdə də dəstək göstəriləcəyini vurğulamışdır.

Konfrans çərçivəsində, həmçinin bir sıra ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında