Vaşinqtonda Şərq Tərəfdaşlığı barədə müzakirələr keçirilmişdir

 

 

 

Noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə zirvə görüşü okeanın digər tayında da kifayət qədər geniş maraq doğurur, Vaşinqtonun siyasi və ictimai dairələrinin diqqət mərkəzindədir.

Bu maraqları cavablandırmaq məqsədi ilə ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “İrs Fondu” (Heritage Foundation) tərəfindən noyabrın 18-də “Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə Assosiasiya Sazişləri” mövzusunda tədbir təşkil olunmuşdur. Avrasiya regionu üzrə geniş tədqiqatlara malik olan “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koeninin moderatorluq etdiyi müzakirələrin birinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynanın səfiri Oleksandr Motsik, Gürcüstanın səfiri Arçil Qeqeşidze, Azərbaycanın səfiri Elin Süleymanov və eləcə də zirvə görüşünə ev sahibliyi edəcək Litvanın səfiri Jiqimantas Pavilionis çıxış etmişlər. Müzakirələrdə Ukrayna səfiri ölkəsində Avropa İttifaqına inteqrasiya, o cümlədən Assosiasiya Sazişinin imzalanması üzrə milli konsensusun mövcud olduğunu qeyd etmişdir.

Gürcüstan səfiri ölkəsinin Avratlantik məkana qatılmaq siyasətini davam etdirdiyini, Vilnüsdə paraflanacaq Assosiasiya Sazişinin Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yeni bir səhifə açacağını və Gürcüstanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirmişdir.

Tədbirdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərin inkişafında keçdiyi yola nəzər salmış, mövcud əlaqələrin yüksək səviyyəsindən danışmış və bu mənada, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyununda Brüsselə səfərinə istinad etmişdir. Müxtəlif sahələrdə qabaqcıl inkişaf səviyyəsini təmin etmək məqsədi ilə Azərbaycanın Avropaya inteqrasiya seçiminə sadiq qaldığını deyən səfir E.Süleymanov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində tədbirlərdə fəal iştirakı barədə məlumat vermişdir. Səfir Vilnüs zirvə görüşü zamanı Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurlarının asanlaşdırılması haqqında sazişin imzalanmasının gözləndiyini qeyd edərək, digər mühüm sənədlər üzərində işin davam etdiyini açıqlamışdır. O, bundan əlavə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi və münaqişənin nizamlanması üzrə prinsipial mövqe nümayiş etdirməsinin daşıdığı ümdə əhəmiyyəti önə çəkmişdir.

Litva səfiri öz növbəsində Vilnüs zirvə görüşünün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşərək, Avropa İttifaqının digər üzvləri ilə birlikdə Şərq Tərəfdaşlığının uğur qazanması üçün səylərini davam etdirdiklərini demiş və tərəfdaş ölkələrə bütün sahələrdə dəstək verməyə hazır olduqlarını açıqlamışdır. Səfir Jiqimantas Pavilionis ölkəmizdən bəhs edərkən, Avropa İttifaqı və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə ehtiyacı olduğunu göstərmişdir.

Qeyd etmək lazımdır ki, müzakirələr əsnasında Ermənistanın 3 illik danışıqlardan sonra Avropa İttifaqı ilə inteqrasiya prosesindən geri çəkilərək, Gömrük İttifaqına qoşulmaq qərarına dair müxtəlif şərhlər səsləndirilmişdir.

Müzakirələrə yekun vuran A.Koen Azərbaycandan danışarkən, ölkəmizdə demokratik dəyərlər və dünyəvi idarəçiliyin bir əsrlik tarixi köklərə malik olduğunu və o cümədən, Azərbaycanda qadınların bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ qazandığını xatırlatmışdır. O, həmçinin bir daha Azərbaycanın Avropa İttifaqına verə biləcəyi töhfələrdən söz açaraq, ölkəmizin strateji əhəmiyyətini vurğulamışdır.

“İrs Fondu”nun aparıcı tədqiqatçısı Ted Bromundun moderatorluq etdiyi ikinci hissədə Avropa Siyasəti Təhlili Mərkəzinin Tədqiqat üzrə direktoru Piter Doran, Gürcüstanın Yeni İqtisadiyyat Məktəbinin vitse- prezidenti Qia Janderi, “WilmerHale” beynəlxalq hüquq təşkilatının əməkdaşı Marik Strinq, “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koen Şərq Tərəfdaşlığına dair məruzələrlə çıxış etmişlər. Avropa İttifaqının əhəmiyyətini vurğulayan MakKeyn adına Beynəlxalq Liderlik İnstitutunun direktoru Kert Volker tədbiri öz çıxışı ilə yekunlaşdırmışdır.

Yusif BABANLI

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında