Noyabrın 12-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə paketinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanmışdır.
İclasda Baş nazir Artur Rasizadə iştirak etmişdir.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə 12 noyabr - Konstitusiya Günü münasibətilə təbriklərini çatdırmışdır.
Sədr demişdir ki, bu il Azərbaycan xalqının tarixində çox əlamətdar bir il olmuşdur. Azərbaycanda prezident seçkiləri keçirilmişdir və xalqımızın böyük oğlu İlham Əliyev inamlı qələbə qazanmışdır. Azərbaycan seçiciləri öz parlaq gələcəklərinə və inkişafa səs vermişlər.
Çox əlamətdar hadisədir ki, Prezidentin andiçmə mərasimi də Milli Məclisdə olmuşdur və dövlətimizin başçısının təqdimatına əsasən Baş nazirin də təyinatına razılıq vermişik.
Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra Hökumət üzvləri ilk dəfədir ki, Milli Məclisin iclasında iştirak edirlər.
Milli Məclisin sədri Hökumətin bütün üzvlərini səmimi qəlbdən təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
O.Əsədov daha sonra demişdir: “Azərbaycan Respublikasının Konstitusiyasına və ”Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələri, 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizi müasir dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata və ya 25,6 milyard ABŞ dollarına çatmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 150 milyard dollardan çox sərmayə yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmışdır. Dövlətimizin başçısının da söylədiyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.
Sədr vurğulamışdır ki, müzakirəyə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycanın bugünkü inkişaf səviyyəsini və sosial-iqtisadi həyatımızın reallıqlarını əks etdirir. Layihə kütləvi informasiya vasitələrində dərc olunmuş və geniş ictimaiyyətin müzakirəsinə verilmişdir.
Hesablama Palatası büdcə zərfi barəsində rəyini bildirmişdir. Dövlət büdcəsinin layihəsi və digər sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Büdcə sənədlərindən göründüyü kimi, 2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır. Makroiqtisadi proqnozlara görə, bu il ölkədə ümumi daxili məhsul istehsalının 55 milyard manat və yaxud da 70 milyard dollar həcmində olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir.
Bu məqsəd əsasən iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı hesabına əldə edilməlidir. Cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnozlaşdırılan 10 faizlik artım bunu söyləməyə əsas verir.
Daha sonra layihə barədə məlumat verən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, layihə hazırlanarkən Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsas götürülmüşdür. Qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması meyilləri qorunub saxlanılacaqdır. Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycanın iqtisadi inkişaf sürəti region, Avropa və dünya üzrə olan göstəricilərdən yüksək olacaqdır. Bu meylin davam etməsi ölkəmizə yaxın gələcəkdə iqtisadi inkişafına görə inkişaf etmiş ölkələr səviyyəsinə qalxmağa imkan verəcəkdir.
O bildirmişdir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın büdcəsindən 5, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur. Cənubi Qafqaz ölkələrinin ümumilikdə dövlət büdcələrinin 80 faizi Azərbaycanın payına düşür.
Sonra maliyyə naziri Samir Şərifov cari ilin büdcə proqnozlarının icrası, eləcə də 2014-cü ilin dövlət büdcəsinin və icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat vermişdir.
Nazir demişdir ki, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106,1 faiz, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17, 3 faiz çoxdur.
Cari ilin 8 ayında dövlət büdcəsinin xərcləri isə 93,3 faiz, yəni 11 milyard 623 milyon manat səviyyəsində icra olunmuşdur. Bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur.
Gələn ilin dövlət və icmal büdcə gəlirləri hesablanarkən 1 barrel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək üzrə işlər əsas prioritet məsələ kimi qəbul edilmişdir.
Maliyyə naziri qeyd etmişdir ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat nəzərdə tutulmuşdur. 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaqdır. Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat çox nəzərdə tutulmuşdur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulmuşdur.
Gələn il Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur.
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz artıqdır.
Gələn il dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat proqnozlaşdırılmışdır.
Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaqdır ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi və yaxud 781 milyon manatı isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Nazir vurğulamışdır ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalmışdır.
Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə saxlanılmışdır. 2014-cü ilin dövlət büdcəsində proqramların və tədbirlərin maliyyələşdirilməsi üçün 9 milyard 526 milyon manat nəzərdə tutulmuşdur. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz artıqdır.
Nazir bildirmişdir ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat, ipoteka kreditləri üçün isə 40 milyon manat ayrılacaqdır.
Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaqdır. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində proqnozlaşdırılmışdır.
S.Şərifov onu da bildirmişdir ki, icmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcəkdir. Xərclər isə 24 milyard 444 milyon manat nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 5,2 faiz, qeyri-neft ÜDM-in isə 10 faiz artım sürəti əsas götürülmüşdür.
Gələn il sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərcləri 13, 9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin isə 14 faiz artımı proqnozlaşdırılır.
Dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14 faiz artırılması nəzərdə tutulmuşdur. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 milyard manat ayrılacaq ki, bu da cari illə müqayisədə 65 milyon manat çoxdur.
Nazir bildirmişdir ki, 2014-cü ilin dövlət büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır. Bu proqnozlar göstərir ki, ölkə 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olacaqdır. Dünyada davam edən böhran fonunda Azərbaycanda makroiqtisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilər ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il üçün qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün hədəflər büdcə paketində öz əksini tapmışdır. Yeni büdcəni fərqləndirən əsas cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektorunun nisbət dəyişməsidir. Belə ki, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilmişdir. Yaxın gələcəkdə qeyri-neft sektorunun yükü artacaqdır. Proqnozlara baxsaq görərik ki, 2017-ci ildə dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaqdır. Bu gün neftin ÜDM-də xüsusi çəkisi 41 faiz təşkil edir. 2017-ci ildə bu rəqəm 27 faiz təşkil edəcəkdir. Bu, bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaqdır.
Nazir qeyd etmişdir ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 milyon, sahibkarlığın güzəştli kreditləşdirilməsinə 150 milyon, kənd təsərrüfatının inkişafı üçün isə “Aqrolizinq” ASC-yə 35 milyon manat ayrılması planlaşdırılır.
S.Şərifov vurğulamışdır ki, Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 5 nümayəndəlik, 9 baş konsulluq orqanlarının saxlanılması üçün 58 milyon manat nəzərdə tutulmuşdur.
Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək bəzi göstəricilərlə bağlı məlumat vermişdir. O demişdir ki, yaxın illərdə neft-qaz sektoruna nisbətən qeyri-neft sektorunda sabit inkişaf müşahidə ediləcəkdir. Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5,2 faiz, növbəti 3 ildə isə orta illik iqtisadi artım 5,5 faiz təşkil edəcəkdir.
Nazir müavini qeyd etmişdir ki, bu dövrdə ölkə iqtisadiyyatının artımı qeyri-neft sektorunun dinamik inkişafı ilə səciyyələnəcəkdir. Neft hasilatı proqnozlaşdırılan dövrdə orta hesabla 40,5 milyon ton, qaz hasilatı laylara vurulanlar da nəzərə alınmaqla 27,4 milyard kubmetr səviyyəsində olacaqdır. Qeyri-neft sektorunun 2014-cü ildə 10 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faizdən çox artması gözlənilir. Nəticədə 2017-ci ildə ÜDM-in 72 faizdən çoxu məhz qeyri-neft sektorunda formalaşacaqdır.
S.Həsənova əlavə etmişdir ki, neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş və 1 barrel neftin qiyməti gələn il üçün 100 ABŞ dolları, növbəti 3 il üçün isə sabit olaraq 80 dollar qəbul edilmişdir.
Növbəti illərdə də manatın məzənnəsinin cari sabitliyinin saxlanılması nəzərdə tutulmuşdur və inflyasiya tempi 3-4 faiz civarında proqnozlaşdırılmışdır.
Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov gələn ilin dövlət büdcəsi ilə bağlı palatanın rəyini açıqlamışdır. Bildirilmişdir ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən bütün standartlara əməl olunmuşdur, proqnozlar elmi əsaslara söykənir.
Sonra büdcə layihəsi ilə bağlı müzakirələr olmuş, deputatlar rəy və təkliflərini bildirmişlər.
Müzakirələr noyabrın 13-də davam etdiriləcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.