“ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubu, ilk növbədə, onun hörmət və ehtiramının əlaməti kimi dəyərləndirilir”. Bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə üçüncü müddətə Azərbaycan Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə göndərdiyi təbrik məktubuna münasibət bildirərkən demişdir.
Təbrik məktubunun əsas məqamlarını şərh edən Ə.Həsənov bildirmişdir ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalmışdır: “İndiyə qədər biz bu ölkə ilə strateji tərəfdaşlıq sahəsində Azərbaycanın öhdəsinə düşən bütün məsələləri vicdanla və lazımi səviyyədə həyata keçirmişik və bu sahədə də bizim başımız ucadır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə artıq 20 ilə yaxındır, ümummilli lider Heydər Əliyevin dövründən strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır. Bu strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycana aid olan bütün müddəalarını biz yerinə yetirmişik. Lakin, təəssüflər olsun ki, Azərbaycanın ABŞ-dan müəyyən gözləntiləri var ki, indiyə qədər ona ya yetərincə, ya da lazımi şəkildə cavab ala bilməmişik və bununla bağlı ABŞ-dan müəyyən narazılıqlarımız var idi. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, bu məktubda ABŞ-ın hörmətli Prezidenti Barak Obama, demək olar ki, o gözləntilərin əksəriyyəti ilə bağlı məsələlərə aydınlıq gətirmişdir”.
Administrasiya rəsmisi bildirmişdir ki, ABŞ Prezidenti məktubda öz Administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə etmişdir.
Ə.Həsənovun fikrincə, bu, ilk növbədə, belə bir fikrə gəlməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı ilə bağlı qarşı tərəfin, yəni ABŞ-ın mühüm addımlar atmaq iradəsi var, bu iradə ortadadır və Azərbaycan bu iradəyə böyük ümid bəsləyir: “Bundan başqa, təbrik məktubunda Azərbaycanın davamlı olaraq ABŞ-la münasibətlərdə ön plana çıxardığı əsas məsələlərdən, əsas istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Təbrik məktubunda ABŞ Prezidenti bu ağrılı problemə diqqət ayırdığını, bu münaqişənin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu, Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu problemi diqqətdə saxlayacağını bildirmiş, mövcud status-kvonun aradan qaldırılması və ATƏT-in Minsk qrupunun həmsədri olan digər dövlətlərlə birlikdə bu münaqişənin həll olunması istiqamətində bundan sonra da səyləri davam etdirmək iradəsini ortaya qoymuşdur. Bunu da biz yüksək qiymətləndiririk, cünki Azərbaycanın ABŞ-dan strateji tərəfdaş olaraq, ilk növbədə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına söykənən həllinin tapılmasına və bu münaqişənin həll olunmasına dəstək gözləntiləri var”.
Administrasiya rəsmisi bildirmişdir ki, məktubda ABŞ-ın Azərbaycanın müəllifi olduğu bütün transmilli, enerji, nəqliyyat, kommunikasiya layihələrinə bundan sonra da dəstək verəcəyinin qeyd olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlayaraq, sonrakı dövrdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, ondan sonra Bakı-Tbilisi-Qars dəmir yolu, indi TANAP, TAP və bu tipli layihələr, bundan başqa TRACECA, Şərq-Qərb kommunikasiya əlaqələri, digər layihələrin reallaşmasında ABŞ-ın həm mənəvi, həm maddi, həm də beynəlxalq dəstəyinə ehtiyacı olub və ABŞ bu ehtiyacları davamlı olaraq qarşılamışdır: “Məktubda da bu layihələrin davam etdirilməsi ilə bağlı ABŞ-ın iradəsi öz əksini tapmışdır və bunu Azərbaycan yüksək qiymətləndirir. Məktubda, o cümlədən, Azərbaycanın daxilində gedən proseslərin, ölkənin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la birgə strateji tərəfdaş olaraq verdiyi dəstəyin dəyərləndirilməsini biz tərəfdaş kimi indiyə qədər həyata keçirdiyimiz tədbirlərə, siyasətə verilən dəstək kimi qiymətləndiririk. Düşünürük ki, bu, münasibətlərimizdə Azərbaycanın xidmətlərini dəyərləndirmək cəhdidir və müsbət qarşılanmalıdır. Bütövlükdə, düşünürük ki, cənab Barak Obamanın məktubunda qeyd olunan maraqlara əsaslanaraq bundan sonra da ABŞ-Azərbaycan münasibətləri davam etdiriləcək, Azərbaycanın həyata keçirdiyi siyasətə ABŞ dəstək verəcək və bu, nəinki ABŞ-ın, eyni zamanda, onun tərəfdaşlarının, müttəfiqlərinin dəstək verməsidir”.
Ə.Həsənov demişdir ki, məktubda Barak Obama Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı və bütün dünyada etiraf olunan son 10 ildəki inkişafı ilə bağlı məsələləri xüsusi vurğulayır, bunu Azərbaycan Prezidentinin, Azərbaycan Respublikasının müvəffəqiyyəti kimi qeyd edir və bundan sonra da ABŞ-ın tərəfdaş dövlət kimi Azərbaycanın nailiyyətlərinə sevinəcəyini bəyan edir: “Prezident Barak Obama məktubda iki ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün bundan sonra demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini də vurğulayıb ki, bu da Azərbaycan tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar ABŞ-ın Azərbaycanı regionda özünün ən güclü strateji tərəfdaşlarından biri kimi qəbul etməsinin, onunla əməkdaşlığa xüsusi önəm verməsinin göstəricisi kimi dəyərləndirilir və Azərbaycan bir tərəfdaş kimi bu əlaqələrin inkişafına həm ABŞ-ın, həm də onun müttəfiqlərinin bundan sonra da dəstək verəcəyinə inanır”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.