Noyabrın 7-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfransın mövzusunun aktuallığından danışmışdır. Elnur Aslanov bildirmişdir “Ərəb baharı” mövzusu son 2-3 ildə bir çox tədqiqatçıların, siyasətçilərin, iqtisadçıların, sosial-mədəni inkişafla məşğul olan ekspertlərin diqqət mərkəzindədir. Təhlilçilərin bir çoxu bu hadisələri demokratikləşmənin, digər qismi tənəzzülün başlanğıcı, bir qrupu isə müasir inkişaf mərhələsi və dünya xəritəsinin yenidən cızılması kimi qiymətləndirirdilər. Lakin bir müddətdən sonra “Ərəb baharı”nın həqiqi mahiyyəti ilə bağlı məsələlər hər kəsi narahat etməyə başladı.
Şöbə müdiri diqqətə çatdırmışdır ki, ümumi qlobal iqtisadi böhran fonunda “Ərəb baharı”nın digər bölgələrə təsiri hamı üçün maraqlıdır. “Ərəb baharı”nın nəticələri haqqında danışsaq, ilk növbədə bu hadisələrdən sonra insanların həyatında, ərəb ölkələrinin iqtisadiyyatında hansı dəyişikliklərin baş verməsi ilə bağlı sual meydana çıxır. Çünki istənilən dəyişiklik təkcə siyasi deyil, eyni zamanda, iqtisadi dividentlərlə ölçülür. Bu konfransda yerli və beynəlxalq ekspertlər həmin məsələlərə diqqət yetirəcəklər.
Prezident Administrasiyasının rəsmisi demişdir: “Ərəb baharı”nın demokratikləşmə olduğunu deyənlər bir şeyi unutmamalıdırlar ki, istənilən cəmiyyətdə demokratikləşmə həmin cəmiyyətin tarixi, mədəni, siyasi və iqtisadi inkişafı ilə müşayiət edilməlidir. Ərəb ölkələrində birdən-birə demokratikləşmə gözləyən insanlar başa düşməli idilər ki, demokratikləşmə cəmiyyətin sosial, siyasi, iqtisadi inkişafı ilə birgə həyata keçirilən amildir”.
Elnur Aslanov bildirmişdir ki, “Ərəb baharı” bir sıra ölkələrdə, eyni zamanda, transformasiyalara gətirib çıxarmışdır. Bəzi ölkələrdə radikal qrupların fəallaşması və hakimiyyətə gəlməsi gözlənilməz nəticələrlə yekunlaşa bilər. Bunun da İslamın nüfuzuna müəyyən mənada mənfi təsiri vardır. Müxtəlif ölkələrdə islamofobiyanın geniş yayılması bizi təəssüfləndirir. Azərbaycan bununla bağlı dəfələrlə öz mövqeyini bildirmişdir. Ölkəmiz islamofobiyanın istənilən formasına qarşı mübarizənin hər zaman önündədir. Çox təəssüf ki, “İslam” dedikdə bəzi qüvvələr dərhal terror barədə düşünürlər. Lakin İslam və terror bir yerdə müzakirə olunacaq mövzular deyildir, çünki terrorun nə dini, nə də milliyyəti vardır. Azərbaycan isə ən böyük terrorla üzləşən ölkələrdən biridir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Buna görə də müxtəlif dövlətlər, qurumlar anlamalıdırlar ki, “terror” dedikdə daha çox separatçı qüvvələrdən, əsl terror mövqeyindən çıxış edən dövlətlərdən söhbət gedir.
Elnur Aslanov demişdir: “İnqilab həyata keçirmək istəyən qüvvələr bir şeyi başa düşməlidirlər ki, istənilən inqilabın və ya çevrilişin çox acı nəticələri olur. Acı nəticələr isə ondan ibarətdir ki, bəzən daha qəddar qüvvələrin hakimiyyətə gəlməsi radikallaşma meyillərini artırır. Bu da ümumi geoiqtisadi və geosiyasi mənzərənin dəyişməsinə gətirib çıxara bilər. Bu hadisələr bizi narahat etməyə bilməz. Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərqdə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasında və qorunmasında maraqlıdır”.
Ərəb Dövlətləri Liqasının Türkiyədəki missiyasının rəhbəri Məhəmməd əl-Fəttah Nəsiri demişdir ki, “Ərəb baharı” hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzində olmuş və narahatlıq doğurmuşdur. O bildirmişdir ki, demokratiya əldə etmədən digər sahələrdə inkişafa nail olmaq mümkün deyildir. Bir neçə ərəb ölkəsində inkişaf, islahatlar uğrunda mübarizələr aparıldı, lakin bu hadisələr sonradan təəssüf ki, silahlı toqquşmalara çevrilməyə başladı. Bu kimi hadisələrin bir daha təkrarlanmasına imkan verilməməlidir.
SAM-ın direktoru Fərhad Məmmədov rəhbərlik etdiyi qurumun son altı ildə ənənəvi olaraq bu kimi araşdırma tədbirləri keçirdiyini söyləmişdir. O bildirmişdir ki, konfransın məqsədi “Ərəb baharı” baş verən ölkələrdə son siyasi proseslər və sosial-iqtisadi dəyişikliklərlə bağlı məsələlərin geniş müzakirədir. Bu beynəlxalq konfrans da baş verən inqilablardan sonra siyasi, iqtisadi, sosial, ictimai sahələrdəki dəyişiklikləri təhlil edir. Bu məsələləri müzakirə etmək üçün konfransa ABŞ-dan, Avropa İttifaqı dövlətlərindən və “Ərəb baharı”nın baş verdiyi ölkələrdən nümayəndələr dəvət edilmişdir.
SAM-ın direktoru diqqətə çatdırmışdır ki, bütün bu proseslərin fonunda düzgün informasiya təminatı çox vacib məsələdir. Çünki həmin hadisələrlə bağlı bir-birinə zidd olan informasiyalar yayılır.
İki gün davam edəcək tədbirdə “Ərəb baharı”nın baş verdiyi ölkələrdə mövcud siyasi proseslər, sosial, iqtisadi həyatdakı dəyişikliklər, bu hadisələrin digər ölkələrə təsiri ilə bağlı müzakirələr aparılacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.