Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsinin daha bir parlaq ifadəsi idi

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ayrı-ayrı komitələrinin ilin sonunda keçirilən iclaslarında növbəti qış sessiyasının gündəliyinə və müzakirə dairəsinə daxil ediləcək məsələlər ətrafında araşdırmalar aparılır, hesabatlar dinlənilərək qətnamə layihələri təsdiqlənir.   

Noyabrın 6-da Avropa Şurasının qərargahında AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin iclası keçirilmişdir. Komitə üzvlərinin “Beynəlxalq təşkilatların insan haqları pozuntularına görə məsuliyyəti”, “İnsan bədəni orqanlarının ticarətinə qarşı Avropa Şurası Konvensiyasının layihəsi”, “Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsinin zəruriliyi” mövzularında hazırladıqları məruzələr müzakirə edilmişdir.

Ənənəvi olaraq Avropa Şurası üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini həm müşahidə edir və həm də seçkilərdən sonrakı sessiyalarda bu məsələlərin ətraflı müzakirələrini aparır. Oktyabr ayında Azərbaycanda keçirilən prezident seçkiləri də Avropa Şurasının diqqət mərkəzində olmuş, qurumun xüsusi missiyası həm seçki öncəsi müşahidələr aparmış, həm də geniştərkibli nümayəndə heyəti ilə səsvermənin gedişini izləmişdir. AŞPA-nın noyabrın 22-də Vyanada keçiriləcək daimi komitəsinin gündəliyinə artıq həmin seçkilərin müzakirəsi ilə bağlı ayrıca hesabat daxil edilmişdir və qarşıdakı qış sessiyasında da bu mövzunun gündəlikdə yer alacağı gözlənilir.

Hüquq komitəsinin iclasının gündəliyinə bu məsələ ayrıca olaraq daxil edilməsə də, seçki dövründə müxtəlif Avropa ölkələrindən  müşahidəçi qismində Azərbaycanda olmuş deputatlar mövzu ətrafında fikir mübadilələri aparmışlar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu məsələ ilə AzərTAc-ın xüsusi müxbirinə demişdir: “Həqiqət müqayisələrdə daha artıq üzə çıxır. İş elə gətirib ki, 22 illik müstəqillik dövründə Azərbaycanda keçirilmiş altı prezident seçkisinin hər birində mən ya prezidentliyə namizədlərdən hansınınsa səlahiyyətli nümayəndəsi, ya rəsmi müşahidəçi, ya da jurnalist qismində yaxından iştirak etmişəm. Yəni, altı seçkinin altısında da prosesləri yaxından izləmək imkanına malik olmuşam. Amma, eyni zamanda, 2001-ci ildən Avropa Şurasının üzvü olaraq bir sıra ölkələrdə Parlament Assambleyasının müşahidə qrupunun üzvü kimi parlament və prezident seçkilərini izləmişəm. Ona görə də Azərbaycanda keçirilmiş seçkiləri həm Azərbaycanın özünün daha əvvəlki seçkiləri ilə, həm də Avropa ölkələrində keçirilmiş seçkilərlə müqayisə etmək imkanım vardır. Qətiyyən şübhə yoxdur ki, gənc demokratiyalardan olan Azərbaycan son 20 ildə, xüsusən Avropa Şurasına üzv qəbul edildiyi axırıncı 13 ildə demokratik təsisatların daha artıq bərqərar olması, o cümlədən seçki mədəniyyətinin təkmilləşməsi istiqamətində ciddi irəliləyişlərə nail olmuşdur. Əvvəlki seçkilərlə müqayisə edilərsə, Azərbaycandakı son prezident seçkiləri irəliyə doğru əhəmiyyətli addım hesab edilməlidir. Azərbaycanda budəfəki prezident seçkilərini çoxsaylı yerli və beynəlxalq müşahidəçi izləmiş, seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə canlı yayımla hər kəsin səsvermənin hər anını birbaşa izləmək fürsəti olmuşdur. Təbii ki, bu da seçkilərin şəffaflığını təmin edən əsas amillər olmuşdur. Müşahidəçilərin əksəriyyətinin, o cümlədən Avropa Şurası müşahidə missiyasının rəyləri müsbət olmuşdur. Təəssüf ki, məsələyə ifrat tənqidi, həm də insafsızca, ədalətsizcə, həqiqətləri təhrif edərək yanaşanlar, bütün müsbət cəhətlərə inadla göz yumaraq hər şeyi qara boyalarla təsvir etməyə cəhd edənlər də tapılmışdır. Lakin dünyanın bir çox ölkələrindən gəlmiş müşahidəçilərin və mötəbər beynəlxalq təşkilatların əksəriyyətinin müsbət rəyləri fonunda bu cür qərəzli yanaşmaların qeyri-obyektivliyi aşkar sezilir, bunların Azərbaycana qarşı təzyiq siyasəti yeridən ayrı-ayrı qüvvələr tərəfindən təşkil edildiyi duyulur. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ayrı-ayrı təmsilçilərinin müxtəlif vaxtlarda AŞPA-da və digər yerlərdə çıxışlarını dinləmiş, rəylərini oxumuş və təhlil etmişəm. Bu qurumun Avropa demokratiyasından daha çox Mərkəzi Kəşfiyyat İdarəsinə bağlılığı qənaətinə gəlmişəm. Çünki onların ayrı-ayrı bəyanat və çıxışları siyasətçilərdən daha artıq kəşfiyyatçıların, xüsusi xidmət orqanları şəbəkəsinə bağlı şəxslərin mövqeyini xatırladır, yoxlanılmamış əməliyyat məlumatları əsasında icra edilən məqsədli qarayaxma, gözdənsalma, müsbət təəssüratlara kölgə salmaq kompaniyası qənaətini doğurur. İyirmi iki illik demokratiya yolu hər halda Azərbaycana yaxşını pisdən seçmək, demokratik tərəqqimizdə bizə səmimi qəlbdən yardımçı olmaq istəyənlərlə demokratiya pərdəsi arxasında xeyirxah olmayan niyyətlərə qulluq edənləri fərqləndirmək bacarığı vermişdir.

Bu günlərdə Bakıda üçüncü dəfə Beynəlxalq Humanitar Forum keçirilirdi və həmin möhtəşəm tədbirə 70 ölkədən 800-dən çox iştirakçı qatılmışdı. Dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının, yaradıcı şəxslərin, jurnalistlərin də daxil olduğu iştirakçılar sırasında 10-dan artıq Nobel mükafatı laureatı var idi. Onlardan biri, bütün dünyada məşhur olan amerikalı alim Rocer Kornberqlə müxtəlif mövzularda geniş söhbətlərimiz oldu. R. Kornberq bir saatdan artıq müddətdə ABŞ-da seçki sisteminin qüsurları, zahirən dünya demokratiyasının liderlərindən sayılan ölkəsində bu sahədə müşahidə etdiyi çatışmazlıqlardan bəhs etdi. Mən onun iradlarını, tənqidi qeydlərini normal və təbii qəbul edirdim. Demokratiya davamlı inkişaf edən proses, sonu olmayan yoldur. ABŞ-ın dövlət müstəqilliyinin yaşı Azərbaycanın müstəqilliyinin yaşından 15 dəfə çoxdur. Birləşmiş Ştatlarda və digər dövlətlərdə bu sahədə hələ çox problemlər varsa, bizdə də ayrı-ayrı qüsurların olması qaçılmazdır. Əsas bu deyil. Əsas daha demokratik olmaq yolunda canatmaların, çalışmaların varlığıdır. Əsas olan seçilən yolun səmtidir. Azərbaycan isə demokratik inkişaf yolunu özünə strateji məqsəd olaraq müəyyənləşdirmişdir və bu istiqamətdəki fəaliyyətlərində həm səmimi, həm də ardıcıldır. Azərbaycan demokratik dəyərlərə sadiqdir və heç bir qüvvə onu bu doğru yoldan döndərmək iqtidarında deyildir.

Azərbaycandakı son prezident seçkiləri bunun daha bir təsdiqinə çevrilmişdir. Həmin seçkilərin Prezident İlham Əliyevin inamlı qələbəsi ilə nəticələnməsi dövlət başçısının Azərbaycan cəmiyyətindəki yüksək nüfuzunun daha bir əyani ifadəsi, xalqın ölkədə son 10 il ərzində aparılan işlərə verdiyi tutarlı qiymətdir.

Müqayisə edərək tam məsuliyyətlə bildirirəm ki, Azərbaycanda indiyədək prezident seçkilərində xalqın bu qədər mütəşəkkilliyi, səsvermə günündə bu qədər fəallığı və ruh yüksəkliyi olmamışdır. Səksən faizdən artıq səs toplamaq üçün vətəndaşların mütləq etimadını və etibarını qazanmaq lazımdır. Prezident İlham Əliyev məhz buna müvəffəq olmuşdur.

Azərbaycan mətbuatına müsahibə verən, ilk növbədə adətinə uyğun olaraq sərt tənqidi mövqedən çıxış edən və ölkəmizin ucqar regionlarından birində seçkiləri izləyərkən rast gəldiyi nöqsanları qabardan həmkarımız Andreas Qross da qalib gəlmiş namizədin obyektiv olaraq nail olduğu çox yüksək səs faizlərinə müşahidə etdiyi ayrı-ayrı texniki xətaların nəticə etibarı ilə təsir göstərmədiyini etiraf etmişdir.

Son Prezident seçkiləri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsi idi və zənnimcə, bu aydın həqiqətlə barışmamaq mümkün deyildir".

Rafael Hüseynov bildirmişdir ki, daimi komitənin qarşıdakı iclasında da o, Azərbaycandakı prezident seçkiləri mövzusunda çıxış edəcəkdir, çünki çox uğurlu keçmiş bu seçkilər haqqında həqiqətlərin Avropa və bütövlükdə dünya ictimaiyyətinə daha geniş və dəqiq şəkildə çatdırılması üçün bütün mümkün imkanlardan yararlanmaq vacibdir.

   Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında