2014-cü ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunmuşdur

 

 

 

 

Noyabrın 6-da Milli Məclisin elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, mədəniyyət komitələrinin birgə iclası keçirilmişdir.

İclasda “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə baxılmışdır.

İclası açan Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, gələn il dövlət büdcəsində ölkənin bütün prioritet sahələrinə ayrılan büdcə vəsaitləri artırılacaqdır. 2014-cü il dövlət büdcəsi layihəsini müsbət xarakterizə edən cəhətlərdən danışan komitə sədri qeyd etmişdir ki, ölkədə çox səriştəli büdcə institutu formalaşmışdır. Gələn ilin dövlət büdcəsi layihəsi ölkənin makroiqtisadi vəziyyəti, dünyada baş verən maliyyə, iqtisadi proseslər nəzərə alınmaqla tərtib olunmuşdur. Layihə qarşıya qoyulan hədəflərə çatmağa, ölkənin müxtəlif sahələrdə inkişafını sürətləndirməyə tam cavab verir.

Komitə sədri demişdir ki, son 10 ildə ölkədə ümumi daxili məhsulun həcmi 3,4 dəfə artmışdır. Əgər 2003-cü ildə Cənubi Qafqazda istehsal olunan məhsulun 50 faizi Azərbaycanın payına düşürdüsə, indi bu göstərici 85 faizə çatmışdır. 2003-cü ildə büdcənin gəlirləri 1,2 milyard manat təşkil edirdisə, indi bu rəqəm 20 milyard manatı ötür. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatmışdır.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov  bildirmişdir ki, 2014-cü il üçün dövlət və icmal büdcə layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyanın həyata keçirilməsi üçün müvafiq maliyyə təminatı yaradır. Büdcə layihəsi dövlətimizin başçısının daim diqqətində olan bütün vəzifələrin uğurla və ardıcıl surətdə həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkəmizin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafının stimullaşdırılmasına şərait yaradır. Azərbaycan Respublikasının 2014-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrə müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən amillər və Azərbaycan iqtisadiyyatının inkişafının əsas meylləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.

Nazir demişdir ki, 2014-cü ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən, növbəti ildə ümumi daxili məhsulun 5,2 faizlik, qeyri-neft ümumi daxili məhsulunun 10 faizlik artım sürəti əsas götürülmüş, dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barrel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.

S.Şərifov bildirmişdir ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla mütləq ifadədə 18 milyard 384 milyon manat nəzərdə tutulmuşdur.

Nazir qeyd etmişdir ki, funksional istiqamətlər üzrə bu ilə nisbətən 2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elmlə bağlı xərclər 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artımla proqnozlaşdırılmışdır.

S.Şərifov diqqətə çatdırmışdır ki, dünya iqtisadiyyatında tənəzzül meyllərinin davam etdiyi, avrozonada və digər inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəiflədiyi bir dövrdə Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin silsilə sərəncamları ilə 2013-cü ilin sentyabrından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq-mühafizə orqanlarında çalışanların əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin orta hesabla 10 faiz artımı təmin edilmişdir. Həmin artımların maliyyə təminatı üçün 2014-cü il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur. Tətbiq olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaqdır.

Nazir bildirmişdir ki, dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı digər məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcəkdir ki, bu da 2013-cü illə müqayisədə 421 milyon manat və yaxud 14,8 faiz çoxdur.

Sosial sahəyə aid olan elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə və sosial təminat xarakterli proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün 885 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 241 milyon manat və ya 37,3 faiz çoxdur.

S.Şərifov demişdir ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası üçün 2014-cü ilin dövlət büdcəsində məqsədli olaraq müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur.

2014-cü il dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün ümumilikdə 4 milyard 910 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2013-cü illə müqayisədə 10,7 faiz və yaxud 476 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 17,2 faiz və yaxud 720 milyon manat artım nəzərdə tutulmuşdur. Bütövlükdə, həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edəcəkdir ki, bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur.

Diqqətə çatdırılmışdır ki, mütləq ifadədə sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir ki, bu da 2013-cü ilə nisbətdə 299 milyon manat və yaxud 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətdə isə 597 milyon manat və yaxud 12,6 faiz artım deməkdir. 

Qeyd olunmuşdur ki, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 205 milyon manat vəsait ayrılmışdır.

Bələdiyyələrə maliyyə köməyinin davam etdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsindən 5,2 milyon manat vəsait ayrılacaqdır.

Samir Şərifov bildirmişdir ki, 2014-cü ildə rayon və şəhərlərin yerli xərclərinə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində və yaxud 1 milyard 629 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2013-cü ilə nisbətən 115 milyon manat və yaxud 7,6 faiz çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə bu məbləğ 383 milyon manat və ya 30,7 faiz çox təşkil edəcəkdir.

Daha sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və Milli Məclisin deputatları büdcə layihəsi ilə bağlı çıxış etmişlər. Növbəti ilin dövlət büdcəsi xərclərinin sosial və investisiya yönümlülüyü saxlanılmaqla  əhəmiyyətli hissəsinin dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün istiqamətləndirilməsinin məqsədəuyğunluğu bildirilmişdir.

Maliyyə naziri Samir Şərifov səslənən fikir və təkliflərə

baxılacağını, bəzilərinin bu layihədə, bəzilərinin isə növbəti illərin büdcə sənədləri hazırlanarkən nəzərə alınacağını diqqətə çatdırmışdır.

Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında