Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan 2013-cü ilin oktyabrında qurumun sədri vəzifəsini həyata keçirmişdir. Bu ilin oktyabr ayı qeyri-daimi üzv kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasında ikinci sədrlik dövrü olmuşdur. Bu dövrdə qurumun gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etmişdir.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirilmişdir ki, 2012-ci ilin mayında həyata keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə mayın 4-də “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli iclas keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılmışdır.
Azərbaycanın 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilmişdir. İclasın məqsədi BMT ilə üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyətlə bağlı müzakirələrin aparılması olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə BMT TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak etmişlər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərdən, qlobal və regional proseslərdən danışılmış, onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd olunmuşdur.
İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyi qeyd edilərək, İslam dininə hücum və təhqir hallarına qarşı mübarizə aparmaq məqsədi ilə birgə səylərə və dialoqa ehtiyac duyulduğu bildirilmiş, qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulanmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə olunmuş və problemin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair çağırışlar səslənmişdir.
BMT TŞ sədrinin yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və bu əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilmişdir. Bəyanatda, həmçinin münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nin qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanmışdır.
BMT-nin baş katibi Pan Gi Mun görüş çərçivəsində işçi nahar müzakirələrində Keniya, Suriya və Somalidəki vəziyyət barədə məruzələrlə çıxış etmişdir.
Azərbaycanın sədrliyi dövründə, həmçinin oktyabrın 3-dən 9-dək BMT TŞ üzvlərinin Afrikaya səfəri təşkil edilmişdir. Məqsədi Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və müvafiq səviyyələrdə görüşlər keçirmək, habelə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi olan bu səfər çərçivəsində BMT TŞ-nin üzvləri Konqo Demokratik Respublikası, Ruanda, Uqanda və Efiopiyada olmuşlar.
Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutmuşdur. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılmış və yekunda birgə kommünike qəbul edilmişdir.
BMT TŞ-nin Yaxın Şərq, qadınlar, sülh və təhlükəsizlik və qurumun iş metodları ilə bağlı üç açıq iclası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Sudan və Cənubi Sudan münasibətləri, Sudanın Darfur və Abyei bölgələri, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi və Livanda vəziyyət və Fil Dişi Sahili üzrə Sanksiyalar Komitəsinin məruzəsi ilə bağlı çoxsaylı iclasları və qapalı məsləhətləşmələri keçirilmişdir.
Oktyabrın 30-da Şuranın son bir il ərzində fəaliyyətini, o cümlədən keçirilmiş iclaslar, müzakirələr və qəbul olunmuş qərarları əks etdirən hesabat qəbul edilmişdir.
Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nin qeyri-rəsmi görüşünü təşkil etmişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində dörd qətnamə qəbul edilmişdir. Bunlar BMT-nin Haitidəki sabitləşdirmə missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və Şuranın oktyabrın 18-də “Qadınlar və sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.
BMT TŞ sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində oktyabrın 2-də Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Afrika İttifaqı və BMT-nin Sudanın Darfur bölgəsindəki birgə əməliyyatı, BMT-nin Mali və Konqo Demokratik Respublikasındakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilərlə əlaqədar altı bəyanatı qəbul edilmişdir.
Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən Təhlükəsizlik Şurasının və BMT-nin digər üzv dövlətlərinin, BMT-nin Katibliyinin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ölkəmizin qurumda sədrliyinin başa çatması münasibətilə rəsmi tədbir keçirmişdir.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və bununla bağlı davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq hüququn və ədalətin bərqərar olmasına mühüm töhfələrini vermişdir. Bu müddətdə etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın Təhlükəsizlik Şurasının və BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq münasibətləri inkişaf etdirilmişdir.
Noyabr ayında BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycandan Çinə keçmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.