Egemen BAĞIŞ: “Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”

 

 

 

Azərbaycandakı bacı və qardaşlarımız erməni işğalından hələ də əziyyət çəkdikləri üçün Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz həqiqətən də, bir millət, iki dövlətik. Hazırda Azərbaycan Türkiyənin ən əhəmiyyətli sərmayəçilərindən biridir”. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bunu Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış demişdir.

E. Bağış bildirmişdir ki, iki ölkənin enerji sektorundakı sıx əməkdaşlığı (söhbət Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrindən gedir) növbəti bir neçə onilliklər ərzində Avropanın enerji problemlərinin həllində əhəmiyyətli rol oynayacaq: “Bizim rəhbərlərimiz - Baş nazir Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında nümunəvi qardaş münasibətləri var. Liderlərimiz bütün məsələləri səmimi və şəffaf şəkildə müzakirə edirlər. Bu da məndə inam yaradır ki, bizim gələcək münasibətlərimiz bugünkündən də parlaq olacaq.

Türkiyənin münasibətlərinin gündən-günə gücləndiyi digər qonşu ölkə isə əlbəttə ki, Gürcüstandır. Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli müttəfiqlik əlaqələri var. Bu münasibətlərin xaricində qalan ölkə isə Ermənistandır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığa mənfi təsir göstərir. Əgər biz ötən iyirmi ilə nəzər salsaq, Azərbaycan və Gürcüstanın necə inkişaf etdiyini, Ermənistanın isə inkişafdan kənarda qaldığını görərik. Odur ki, hansı ölkənin nələri itirdiyini aydın şəkildə görmək olar”.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan kəməri üçtərəfli əməkdaşlığın inkişafı üçün sadəcə, bir başlanğıc idi: “Sözügedən layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etibarın yaranmasına çox köməklik etdi. Mən 10 il bundan əvvəl Gürcüstana etdiyim səfəri xatırlayıram. O zaman Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze idi. Gürcüstanın iqtisadi durumu o qədər də ürəkaçan deyildi. Yolları bərbad, insanların həyat səviyyəsi təsəvvürə gəlməz dərəcədə aşağı, mən deyərdim, fəlakət həddində idi. Lakin regional investisiya layihələrinin həyata keçirilməsi sayəsində bu gün Gürcüstanda vəziyyət çox yaxşılaşıb”.

E. Bağış bildirmişdir ki, son 10 ildə Azərbaycan da hədsiz dərəcədə inkişaf etmişdir: “Bu gün Azərbaycan və Bakı öz inkişaf tempinə görə dünyanın əsas ölkələri və şəhərləri ilə rəqabət aparmaq iqtidarındadır. Lakin son onillikdə Ermənistanın əhalisi 4 milyondan 2 milyona enmişdir. Çünki insanlar yoxsulluq və iqtisadi çətinliklərin ucbatından ölkədən baş götürüb gedirlər və kütləvi miqrasiyanın əsas səbəbi Ermənistan hökumətinin öz qonşuları ilə olan problemlərini həll etmək istəməməsindən irəli gəlir.

Təəssüf  ki, Azərbaycanın 20 faizə qədər ərazisi hələ də Ermənistanın işğalı altındadır və bir milyona yaxın azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistan özünün işğalçılıq siyasətinə  son qoymalıdır. Bizim Azərbaycandakı bacı və qardaşlarımız erməni təcavüzündən hələ də əziyyət çəkdikləri üçün Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq.

Rəsmi İrəvan öz vətəndaşlarının maraqlarına cavab verən düzgün qərarlar qəbul etməlidir. Düzgün olan da Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanla yaxşı münasibətlər yaratmaq və bununla da Türkiyə və Gürcüstanla da yaxşı münasibətlər qurmaqdır ki, ermənilər də onların xeyrinə olacaq regional investisiya layihələrinin bir hissəsindən yararlana bilsinlər. Lakin bunun üçün onlar düzgün qərarlar verməlidirlər” .


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında