Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunmuşdur

 

Noyabrın 4-də Milli Məclisin təhlükəsizlik və müdafiə, iqtisadi siyasət, aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya və sosial siyasət komitələrinin birgə iclası keçirilmişdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçən iclasda “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirə olunmuşdur.

İclasda əvvəlcə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsinə baxılmışdır.

İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev bildirmişdir ki, fondun 2014-cü il büdcəsinin layihəsinin tərtibi zamanı real iqtisadiyyatın növbəti ildəki inkişaf meylləri və əsas makroiqtisadi göstəricilərin proqnozları, qurumun cari il büdcəsinin indiyədək icrasının nəticələri, 2014-cü ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri və. s nəzərə alınmışdır.

Qeyd olunmuşdur ki, DSMF-nin 2014-cü il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da ötən ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,2 faiz və ya 295,8 milyon manat çoxdur. Bildirilmişdir ki, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir.

Sədr müavini demişdir ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660,4 milyon manat müəyyən edilmişdir. Sosial sığorta daxilolmalarının 62,9 faizi və ya 1 milyard 120 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək DSMF-nun büdcəsi və 2014-cü ilin dövlət büdcəsinin layihələri barədə çıxış etmişlər.

Sonra maliyyə naziri Samir Şərifov 2014-cü ilin dövlət büdcəsi haqqında məlumat vermişdir. Əvvəlcə cari ilin 8 ayı ərzində dövlət büdcəsinin icrasından danışan nazir bildirmişdir ki, bu ilin dövlət büdcəsinin gəlirləri 106,1 faiz, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17,3 faiz çoxdur. Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93,3 faiz səviyyəsində, yəni 11 milyard 623 milyon manat icra olunmuşdur ki, bu da 2012-ci ili müvafiq dövrü ilə müqayisədə 19,5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur.

Gələn ilin dövlət büdcəsi və növbəti 3 il üçün icmal büdcəsi barədə məlumat verən nazir demişdir: “2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən gələn il ümumi daxili məhsulun (ÜDM) 5,2 faiz həcmində artırılması, qeyri-neft sektorunda ÜDM-in 10 faizlik artım sürəti əsas götürülmüşdür. Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul olunmuşdur”.

Maliyyə naziri bildirmişdir ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ilin faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1102,5 milyon manat çox nəzərdə tutulmuşdur: “2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaqdır.

Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulmuşdur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulmuşdur. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaqdır.

Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur". 2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat proqnozlaşdırılmışdır. Büdcə gəlirlərinin qalan hissəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi və s. daxil olmalardan formalaşacaqdır.

Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaqdır. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir". 

Qeyd olunmuşdur ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalmışdır. Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə qalmışdır. Gələn ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Gələn ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosialyönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur.

Nazir bildirmişdir ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat vəsait ayrılacaqdır. İpoteka kreditləri üçün isə 40 milyon manat nəzərdə tutulmuşdur.

Avropa Olimpiya oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaqdır.

Ümumiyyətlə ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində nəzərdə tutulmuşdur.

İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcəkdir. Xərclərin isə 24 milyard 444 milyon manat olacağı proqnozlaşdırılmışdır.

Sonra Hesablama Palatasının rəyi dinlənilmişdir.

Ziyafət Əsgərov çıxış edərək demişdir ki, gələn ilin dövlət büdcəsində nəzərdə tutulmuş artımlar, icmal büdcənin parametrləri bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf edir və bu inkişafı ilə regionda liderliyini qoruyub saxlamışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yerli və regional layihələr Azərbaycanın dinamik inkişafı, beynəlxalq nüfuzunun artması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra deputatlar, müvafiq nazirliklərin nümayəndələri çıxış etmiş, büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında