Növbəti beş ildə ölkəmiz daha da möhtəşəm tərəqinin şahidi olacaq
Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikası ötən illər ərzində özünün demokratik, iqtisadi, mədəni inkişafı ilə daim diqqət mərkəzində olmuş, qlobal və regional əhəmiyyətə malik mühüm layihələri həyata keçirməklə və bir sıra digər möhtəşəm yeniliklərə imza atmaqla dünya dövlətləri üçün nümunə göstərmişdir.
Məlum olduğu kimi, bir sıra ölkələrdə inauqurasiya mərasiminə milyonlarla dollar həcmində vəsait sərf olunur və bu da həmin ölkələrin ictimaiyyəti, siyasi dairələri tərəfindən bəzən narazılıqla qarşılanır. Böyük səs çoxluğu ilə üçüncü dəfə Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev həmin gün Milli Məclisdə – deputatların, hökumət üzvlərinin və ölkə ictimaiyyəti nümayəndələrinin qarşısında and içərək təvazökarlıq, sadəlik nümunəsi nümayiş etdirdi. Bununla da Azərbaycan Prezidenti respublikamız ilə eyni dövrdə müstəqillik qazanan dövlətlər üçün hər cür təmtəraqdan və dəbdəbəli mərasimdən uzaq olan sadə bir andiçmə nümunəsi formalaşdırdı. Nəticədə Azərbaycan siyasi-ictimai arenada tətbiq etdiyi müsbət təcrübələr silsiləsindən növbətisini dünyaya nümayiş etdirdi və sivil, demokratik inkişaf yolu tutan ölkələr üçün bu təcrübələrdən faydalanmaq örnəyi yaratdı.
Qürurla deyə bilərik ki, Azərbaycan Respublikası da müasir dünyanın qabaqcıl təcrübəsindən faydalanaraq demokratiya yolu ilə uğurla addımlayır, bu sahədə böyük nailiyyətlər qazanır. 9 oktyabr prezident seçkiləri bunun ən bariz nümunəsidir. Seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsi, siyasi sistemin demokratik tələblər çərçivəsində dayanıqlı fəaliyyətinin nəticəsiydi. Ona görə də prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə keçirilməsi gözlənilən idi. Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirən seçkilərin gedişi və onun nəticəsi adıçəkilən prosesi müşahidə etmiş beynəlxalq müşahidəçiləri, əcnəbi ekspertləri, politoloqları, siyasətçi və deputatları da razı salmışdır. Onların Azərbaycanın siyasi-demokratik mühiti barədə dediyi xoş sözlər hər birimizi qürurlandırır. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Beynəlxalq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan edərək, demokratiya sınağından uğurla çıxan ölkəmizi təbrik etdilər.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin daha da zənginləşdirilərək davam etdirilməsi nəticəsində qazanılan möhtəşəm uğurların bu şəkildə qiymətləndirilməsi, Azərbaycan xalqının növbəti beş ildə də cənab İlham Əliyevi dövlət başçısı seçməsi dünya ölkələrinin liderləri tərəfindən rəğbətlə qarşılandı. Bu münasibətlə Azərbaycan Prezidentinə telefonla zəng edən və ona təbrik məktubu ünvanlayan bir sıra ölkələrin dövlət başçıları onu prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmiş, xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulamışdır. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə rəhbərimizə ünvanladığı məktubda qeyd edir ki, “Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir”. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül dövlət başçımıza ünvanladığı məktubda deyir: “Azərbaycanda keçirilən prezident seçkiləri nəticəsində bu ən yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi öz adımdan və Türk xalqı adından ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm. Seçkilərin həmişəki kimi əmin-amanlıq və dinc şəraitdə uğurla keçməsindən böyük xoşbəxtlik duyduq. Nəticələrin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm”.
Ötən 10 il belə deməyə əsas verir ki, Azərbaycan Respublikası növbəti beş ildə də uğurla inkişaf edəcək, dövlətimiz daha da qüdrətlənəcəkdir. Çünki ötən illər ərzində qlobal təlatümlərin, maliyyə böhranının hökm sürdüyü, bəzi ölkələrdə müxtəlif səbəblərdən kütləvi çaxnaşmaların, qarşıdurmaların yaşandığı, qanlı toqquşmaların, müharibələrin, inqilabların baş verdiyi, zəif siyasi sistemlərin dağıldığı bir vaxtda dövlət başçısının apardığı çox uğurlu siyasət nəticəsində xalqımız və Azərbaycan dövləti bütün risklərdən, bəlalardan, təhlükələrdən qorundu. Xalq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşadı, bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirdi və onun inamlı inkişaf dinamikası saxlanıldı. On il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,7 dəfə artdı. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollar oldu. Ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyuldu, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşdı, orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artdı, 1,2 milyon iş yeri açıldı ki, onun 900 mini daimi iş yeridir. Bu dövrdə yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azaldı.
Bütün bunlar Prezident İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirməsi ilə mümkün olmuşdur. 2003-cü ilin payızında prezidentliyə namizəd olan İlham Əliyevin “Xalqın mənə etimad göstərəcəyi təqdirdə mən bütün azərbaycanlıların prezidenti olacağam” ifadəsi çox qısa bir müddətdə həyatda öz təsdiqini tapmışdı. Onun 2008-ci ildə prezidentliyə namizəd olarkən söylədiyi “Biz səsləndirilən vədlərə və bəyanatlara əsaslanan fəaliyyəti deyil, əməli işlərə, real tədbirlərə əsaslanan fəaliyyəti üstün tuturuq” ifadəsi də qısa müddət ərzində reallığa çevrilmişdi. Azərbaycanda bütün azadlıqlar – siyasi, söz, mətbuat, sərbəst toplaşmaq, vicdan azadlıqları təmin edilmiş, bütün demokratik proseslər müsbət istiqamətdə getmişdir. İqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Məhz buna görə də Azərbaycan xalqı son 10 il ərzində görülmüş işlərə yüksək qiymət verərək ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən cənab İlham Əliyevi dəstəklədi.
Azərbaycan daxili siyasətdə olduğu kimi xarici siyasətdə də möhtəşəm nailiyyətlərə imza atdı. Beynəlxalq münasibətlərin dəyişməsi, sürətlə qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxması fonunda mütəmadi qaydada Azərbaycanın xarici siyasətinə müəyyən düzəlişlər edilərək, müasir dövrün tələblərinə uyğunlaşdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, son on il ərzində bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə güclənmişdir, genişləndirilmişdir. Respublikamız son on il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və beləliklə, Bakıda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatmışdır. Prezident İlham Əliyev demişdir ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərdə öz prinsipial mövqeyini daim müdafiə edir, qoruyur və bütün tərəflərlə qarşılıqlı, bərabərhüquqlu tərfdaşlıq münasibətlərini inkişaf etdirir: “Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyildi”.
Bəli, bir vaxtlar beynəlxalq münasibətlər sistemində Azərbaycan qarşısında ciddi maneələr var idi. Xarici siyasət strategiyamızın uğurlu nəticələrindən ən birincisi də budur ki, bu gün ölkəmizlə tərəfdaş olmaq istəyən beynəlxalq subyektlərin, dövlətlərin sayı durmadan artır. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də rəsmi Bakının dünya miqyasında “dostlar düşərgəsi” qazanmasının nəticəsidir. Dövlət başçımızın dediyi kimi, bu, bizim böyük siyasi, diplomatik qələbəmiz, müstəqil Azərbaycanın böyük uğurudur. Hazırda ölkəmiz BMT Təhlükəsizlik Şurasında sədrlik edir və son iki il ərzində biz bu təşkilatda öz prinsipial mövqeyimizlə, ədalətli addımlarımızla və beynəlxalq hüquqa olan hörmətimizlə daha da böyük nüfuz qazana bilmişik.
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkəmizin strateji hədəflərini bir daha bəyan etdi. Təbii ki, bu hədəflər arasında ən önəmli məsələ Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsidir. Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində bu gün dünya birliyi torpaq bütünlüyümüzü tanıyır, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz işğal etdikləri ərazilərdən çıxmasını tələb edir. BMT kimi mötəbər beynəlxalq qurumun Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, ATƏT-in qərarlarında, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qətnamələrində Ermənistanın işğalçılıq siyasəti kəskin şəkildə pislənilir, ən əsası isə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanır. Andiçmə mərasimində bu məsələyə toxunan dövlət başçımız demişdir: “ Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir”.
Azərbaycanın həyata keçirdiyi möhtəşəm xarici siyasət Ermənistanı dalana dirəyib. Ermənistan rəhbərliyinin işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti ölkəni fəlakətlə üz-üzə qoyub. Azərbaycan Prezidenti qətiyyətlə bəyan edir ki, biz təcavüzkar dövləti bütün regional layihələrdən təcrid etmişik, bundan sonra da onları təcrid olunmuş vəziyyətdə saxlayacağıq. Bu taktika və bu siyasət öz bəhrəsini verir, ölkədə depopulyasiya meyilləri güclənir, demoqrafik böhran yaşanır. Bu böhran getdikcə dərinləşəcəkdir. Çünki nə qədər çox əmək qabiliyyətli insan ölkəni tərk edirsə, iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. İqtisadiyyatın inkişafı məsələsinə gəlincə isə, ümumiyyətlə, belə perspektiv yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır. Ermənistan bütün sahələrdə tənəzzülə uğrayıb, Azərbaycan isə hər sahədə, o cümlədən ordu qurucuğu sahəsində böyük uğurlar qazanıb. Təkcə onu demək kifayətdir ki, son on ildə ölkəmizin hərbi büdcəsi 20 dəfə artıb. Azərbaycanda möhtəşəm hərbi sənaye kompleksi formalaşıb. Hazırda 750 adda hərbi təyinatlı məhsul istehsal olunur. Yəni Ermənistanla Azərbaycan arasında balans artıq pozulub. Bu gün Azərbaycan büdcəsi Ermənistanın büdcəsindən 10 dəfə böyükdür, hərbi büdcəmiz də düşmən ölkənin büdcəsindən 10 dəfə daha çoxdur. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın!
Ölkəmiz enerji strategiyasını da uğurla həyata keçirir və növbəti illərdə bu sahədə tarixi nailiyyətlər əldə ediləcəkdir. Azərbaycanın qətiyyəti və tərəfdaş dövlətlərin dəstəyi nəticəsində 2006-2007-ci illərdə Bakı – Tbilisi – Ceyhan neft kəməri və Bakı – Tbilisi – Ərzurum qaz kəməri istifadəyə verilmişdir. İlk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb. Bu gün Azərbaycan qlobal enerji bazarında etibarlı, ciddi ölkə kimi tanınır. Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Yeni qaz yataqlarının kəşf edilməsi nəticəsində Azərbaycan dünya miqyasında böyük qaz ölkəsinə çevrilmişdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları üç trilyon kubmetrə bərabərdir ki, bu da 100 il boyunca Avropanı qazla təmin etməyimizə imkan verir. Azərbaycanın təşəbbüskarı olduğu TANAP və TAP boru kəməri layihəsi dünya miqyaslı, strateji əhəmiyyətə malik olan layihələrdir. Ölkəmiz qlobal enerji bazarında çox etibarlı və ciddi bir tərəfdaş kimi tanınır. Dövlət başçımız demişdir ki, bu gün enerji məsələsində Bakıda verilən qərarlar dünyanın enerji xəritəsində müsbət dəyişikliklərə səbəb olur: “Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur”.
Hər bir vətəndaşımız fəxrlə deyə bilər ki, bu gün Azərbaycan birmənalı, cəsarətli, xalqın iradəsinə əsaslanmış, milli maraqlar üzərində qurulmuş siyasət həyata keçirir. Bu, bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bir daha bəyan etdi ki, Azərbaycan daha da güclü ölkə olmalıdır. Çünki bizim məqsədimiz daha qüdrətli Azərbaycan dövləti qurmaqdır. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Dövlət başçımız qətiyyətlə demişdir: “Mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm”. Son seçkilər bir daha göstərdi ki, əslində bu, Azərbaycan xalqının ümumi arzusu, istəyidir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.