Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov Qəbələ rayonuna səfər etmişdir

 

 

III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.

AzərTAc xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən qarşılanan qonağa Qəbələnin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Qəbələ rayonu irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı, turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür.

Qəbələ rayonu ilə yaxından maraqlanan Georgi Pırvanov “Qafqaz Karvansaray” otel kompleksi ilə yaxından tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. “Karvansaray” otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və  əlillər üçün 2 otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir.

Daha sonra Georgi Pırvanov 1200 yerlik Qəbələ Konqres Mərkəzinə baxmışdır. Bildirilmişdir ki, dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Diqqətə çatdırılmışdır ki, mərkəzin birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir.

Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə konsert, iclas və digər məqsədlər üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmiş, binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir.

Qəbələyə sonuncu səfərindən sonra burada əsaslı dəyişiklik  olduğunu vurğulayan Georgi Pırvanov rayonun böyük infrastruktura malik olduğunu qeyd etmiş, turizm sektoru üçün əlverişli təbii məkanda yerləşən rayonun bura gələn turistlərdə geniş marağa səbəb olacağını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında