Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclas keçirilmişdir

 

 

 

Rəsmi açılış mərasimindən sonra Bakı Beynəlxalq Humanitar Forumu plenar iclasla işini davam etdirmişdir.

Plenar iclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar MƏMMƏDYAROV sədrlik etmişdir.

İclasda çıxış edən Estoniyanın sabiq Prezidenti Arnold RÜÜTEL Avropa İttifaqının üzvü olan ölkəsində həyata keçirilən islahatlardan danışdı.

“Problemlərə humanist yanaşma dəyərlər üzərində qurulmalıdır”, - deyən Arnold Rüütel vurğuladı ki, Estoniya Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramını dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. O, davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli ilə bağlı fikirlərini çatdırdı.

* * *

Xorvatiyanın keçmiş Prezidenti Stepan MESİÇ bu Beynəlxalq Forumun dünyanı narahat edən ən mühüm məsələlərin müzakirəsinə həsr edildiyini dedi. Bildirdi ki, indi vahid Avropanı multikulturalizmsiz düşünmək çox çətindir. Yalnız bu halda Avropa İttifaqını səmərəli qurum kimi qəbul etmək olar, çünki dünyanın gələcəyi multikulturalizmin təmin olunmasından keçir.

* * *

Rumıniyanın sabiq Prezidenti Emil KONSTANTİNESKU Prezident İlham Əliyevə Forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Çıxışında cəmiyyətlərdə savad və bilik məsələlərinə toxunan E.Konstantinesku bunun bütün cəmiyyətlərdə inkişafın təməli və müasir dünyanın lokomotivi olduğunu dedi.

* * *

Latviyanın keçmiş Prezidenti Valdis ZATLERS də artıq üçüncü dəfədir keçirilən Forumun yüksək təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da çıxışında dünyada multikulturalizm ənənəsinin davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini vurğuladı, bu məsələdə Latviya təcrübəsini Forum iştirakçıları ilə paylaşdı.

* * *

Bolqarıstanın sabiq Prezidenti Georgi PIRVANOV yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. “Bakı Humanitar Forumu ideyaların və təcrübə mübadiləsinin bir növ laboratoriyasıdır”, - deyən Georgi Pırvanov iqtisadi münasibətlərdən danışarkən enerji və nəqliyyat məsələlərinə xüsusi diqqət ayırdı. O, Forum iştirakçılarının tərkibinin intellektual baxımından müzakirələrin uğurlu alınacağına təminat verdiyini dedi.

* * *

 “Bakı ildən-ilə öz əhəmiyyətini artırır. Əminəm ki, bu cür nüfuzlu şəxsləri bir araya gətirərək müxtəlif mövzular üzrə müzakirələrin aparılması vacibdir”. Bu sözləri isə Serbiyanın keçmiş Prezidenti Boris TADİÇ dedi. O, beynəlxalq ictimaiyyəti təhdid edən münaqişələrin həllinin vacibliyinə diqqəti cəlb edərək bildirdi ki, indi dünya birliyinin əvvəlki kimi təsiredici təəssürat bağışlamaması təəssüf doğurur.

* * *

Azərbaycanın xarici işlər naziri Elmar MƏMMƏDYAROV müzakirələrə qoşularaq Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm ideyasının əslində bütün çıxışların təməl prinsipinə çevrildiyini, bununla bağlı Avropa ənənəsinin diqqət mərkəzində olduğunu dedi. Nazir bildirdi ki, sabiq dövlət başçılarının səsləndirdiyi fikirlər bir daha multikulturalizmin alternativinin olmadığını təsdiqləyir.

* * *

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil AKINCI oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin şəffaf, ədalətli və obyektiv keçdiyini dedi və seçki günü apardıqları müşahidələrin də bunu təsdiqlədiyini vurğuladı. Forumun ənənəvi hal almasını yüksək dəyərləndirən Xəlil Akıncı son illərdə rəhbərlik etdiyi təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrdən danışdı.

* * *

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının Milli Elmlər Akademiyasının prezidenti Akif ƏLİZADƏNİN sədrliyi ilə keçən ikinci hissəsində Nobel mükafatı laureatları çıxış etmişlər.

Forumun əhəmiyyətindən danışan Akademiyanın prezidenti belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış, müasir cəmiyyətlərdə elmin, təhsilin rolunun zəruriliyini qeyd etmişdir.

* * *

İclasda çıxış edən fizika üzrə Nobel mükafatı laureatı (1985) Klaus fon KLİTZİNQ bəşəriyyəti narahat edən problemlərin həlli üçün BMT-nin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Alim bildirmişdir ki, insanlar artıq ətraf mühitə kifayət qədər zərər vurmuşlar. Buna görə də alimlər və mühəndislər vaxt itirmədən bir araya gələrək bu təhlükənin qarşısının alınması yollarını tapmalıdırlar.

Yüksək yaşayış standartlarının təmin edilməsində enerjinin böyük rolu olduğunu vurğulayan alim yenilənən təmiz enerji mənbələrinin təkmilləşməsi istiqamətində tədqiqatların aparılmasının vacibliyini bildirmişdir. O vurğulamışdır ki, əgər bu əsrdə bunu edə bilməsək gələcək nəsillərə çox acı nəticələr miras qoyacağıq.

* * *

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən kimya üzrə Nobel mükafatı laureatı (1992) Rudolf Artur MARKUS elm sahəsində ötən illərdə əldə olunmuş nailiyyətlərin insanı valeh etdiyini demişdir. Elm sahəsində böyük irəliləyişlər əldə edilmiş, elmin inkişafı kəskin surətdə artmışdır. Qlobal istiləşmə, aclığın aradan qaldırılması, tibbin inkişafı istiqamətində elmin bir sıra imkanlar təqdim etdiyini diqqətə çatdıran alim elmin bəzi problemlərin həllində hələ də zəif olduğunu da qeyd etmişdir. 

* * *

Müasir cəmiyyətdə yaşayış səviyyəsinin artırılmasının davamlı inkişaf nəticəsində mümkün olduğunu deyən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1995) Robert Emerson LUKAS bu prosesdə biliyin mühüm rol oynadığını bildirmişdir. Biz elm adamları hər zaman problemləri həll etməyə çalışırıq. Yalnız bu baxımdan elm adamlarının fəaliyyətini təşviq edən cəmiyyətlər inkişaf edir. Bunun qarşısını almaq çox acınacaqlı nəticələr doğurur. Məhz bu baxımdan belə forumların əhəmiyyəti böyükdür.

* * *

Fizika üzrə Nobel mükafatı laureatı (1998) Robert Betts LAFLİN çıxışında müasir texnologiyaların, o cümlədən internetin dünyada yaratdığı çox böyük dəyişikliklərdən danışmışdır. Müasir texnologiyaların mühüm yeniliklərə səbəb olduğunu qeyd edən alim bununla yanaşı, onların bir sıra problemlər doğurduğunu da diqqətə çatdırmışdır. İnternet vasitəsilə əldə edilmiş faktlarla real faktlar arasında uyğunsuzluq olur, - deyən Nobel mükafatçısı yeni texnologiyalara can atan gənc nəslin bir növ deformasiyaya uğradığını qeyd etmişdir. Çünki onların böyük həcmdə məlumatları analiz etmək qabiliyyətləri yoxdur. Buna görə də elm adamlarının fikirlərinin öyrənilməsinə imkan verən belə mötəbər tədbirlərin təşkili son dərəcə mühüm əhəmiyyət kəsb edir.

* * *

Bakı Forumunda artıq üçüncü dəfə iştirak etdiyini diqqətə çatdıran iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2004) Fin KİDLAND ölkələrin sürətli inkişafında güclü təsisatların əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, mühüm təsisatlar zəif olduqda ən yaxşı siyasət də uğursuzluğa məruz qalır.

Alim F.Kidland son 10-15 ildə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsi olduğunu vurğulamışdır. Azərbaycan vətəndaşlarının bacarıqlı olduqlarını qeyd edən alim bu inkişafın davamlılığının təmin olunması üçün təhsil sahəsinin xüsusilə diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirmişdir.

* * *

Bakıda böyük dəyişikliklərin, sürətli inkişafın müşahidə olunduğunu bildirən fizika üzrə Nobel mükafatı laureatı (2004) Deyvid Conatan QROSS Forumun təşkilinin mühüm problemləri həll etmək istəyindən qaynaqlandığını vurğulamışdır. Bu gün dünyanın hər yerində bütün dövlətlər tərəfindən elm sahəsinin inkişafına böyük diqqət yetirildiyini deyən D.C.Qross bəşəriyyəti narahat edən problemlərin həlli yolunda bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

* * *

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2004) Edvard PRESKOTT çıxışında davamlı inkişaf üçün səmərəli idarəçiliyin vacibliyindən danışmışdır. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən alim inkişaf etmiş ölkələrin bəzilərində belə ürəkaçan irəliləyişlərin olmadığını vurğulamışdır. Azərbaycanın inkişafı möcüzəyə bənzəyir. Azərbaycanın istedadlı əhalisi vardır və bu insanlar davamlı surətdə təhsil alırlar. Azərbaycan səmərəli idarəçiliyi davam etdirsə, çox yaxşı inkişaf etmiş ölkəyə çevriləcəkdir.

* * *

Fizika üzrə Nobel mükafatı laureatı (2006) Corc Ficerald SMUTT bildirmişdir ki, hər hansı problemin həllinə nail olmaq üçün insanlar bir araya gəlib ortaq addım atmalıdırlar. Elm və texnologiya elə yüksək sürətlə inkişaf edir ki, insanlar bunu tam qavraya bilmirlər. Ona görə də burada təhsildən, cəmiyyətin maarifləndirilməsindən çox şey asılıdır. Bizim gələcəyimiz texnologiyaları hansı şəkildə tətbiq edəcəyimizdən asılı olacaqdır.

* * *

Bu gün tibb sahəsindəki nailiyyətlərin insan intellektinin təntənəsi olduğunu vurğulayan kimya üzrə Nobel mükafatı laureatı (2006) Rocer David KORNBERQ müasir dövrdə elmlər arasında hüdudların aradan qaldırıldığını bildirmişdir.

Azərbaycanın sürətli inkişafından söz açan Nobel mükafatçısı bu tərəqqinin ölkəmizdə insan kapitalına vəsait qoyuluşu, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin diqqət mərkəzində saxlanılması nəticəsində mümkün olduğunu bildirmişdir. Bu amillər yerli potensialın ölkədə qalmasını təmin edir.     

* * *

Kimya üzrə Nobel mükafatı laureatı (2009) Ada YONAT çıxışında insan sağlamlığı və son illərdə bu istiqamətdə atılan addımlardan, xüsusilə antibiotiklərin hazırlanması istiqamətində irəli sürülən təşəbbüslərdən danışmışdır. O, bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını bildirmişdir. Qeyd edilmişdir ki, bəzən xəstələr antibiotiklərin düzgün istifadə edilməməsi nəticəsində dünyasını dəyişirlər. Bu gün dünyada yeni nəsil antibiotiklər, dərmanlar tələb olunur. Çünki son dərəcə həssas olan bakteriyalar öz tərkiblərini tez dəyişərək antibiotiklərə qarşı müqavimət göstərə bilir. Buna görə də 8-10 il əvvəl təsirli sayılan antibiotiklər bu gün eyni gücdə qala bilmir. Ona görə də antibiotiklər mütəmadi olaraq yenilənməlidir.

* * *

 “Bəşəriyyətin inkişafına töhfə verməyə qadir olan istedadlı və qabiliyyətli insanlara ehtiyacımız vardır”, - deyən kimya üzrə Nobel mükafatı laureatı (2011) Dan ŞEXTMAN belə insanların bir araya gətirilməsi baxımından bu cür mötəbər tədbirlərin əhəmiyyətindən danışmışdır.

D.Şextman çıxışında elm və müasir texnologiyaların insanlara gənc yaşda aşılanmasının vacibliyini bildirmişdir. Çünki elmlə yaxından maraqlanan uşaqların gələcəkdə elmə münasibəti müsbət olacaqdır ki, bu, elmli cəmiyyətin yaradılmasına töhfə verə bilər. O, öz ölkəsi İsraildə bu istiqamətdə işlərə başlandığını diqqətə çatdırmışdır.

* * *

Foruma dəvət olunduğuna görə minnətdarlığını çatdıran kimya üzrə Nobel mükafatı laureatı (2011) Arye VARŞEL də çıxışında insanların xəstəliklərə dözümlülüyü və bakteriyaların uzunmüddətliliyindən danışmışdır. O, bakteriyalarla mübarizənin aparılması üçün bu sahədə intensivliyin və davamlılığın vacibliyini qeyd etmişdir.

* * *

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (2013) Ceyms ROTMAN bildirmişdir ki, cəmiyyətlər fundamental tədqiqatlara vəsait qoyduqca daha böyük səmərəli nəticələrə nail olurlar. Elementar tədqiqatlarda əldə edilən ən sadə irəliləyiş digər sahələri də əhatə edir. Tədqiqatların hər hansı praktiki nəticənin əldə edilməsinə yönəldilməsi ən elementar anlaşmanı təmin edir.

* * *

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işini noyabrın 1-də “dəyirmi masa”larla davam etdirəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında