Xalqımız oktyabrın 9-da İlham Əliyevə yenidən etimad göstərdi. Bu, təsadüfi seçim deyildi. Ulu öndərin əsasını qoyduğu sosial-iqtisadi siyasəti ötən 10 ildə inamla davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyev Azərbaycanı sürətlə inkişaf edən ölkələr sırasına çıxardı. Respublikamız Cənubi Qafqazın lider dövlətinə çevrildi. Azərbaycanın ötən on ildə qazandığı nailiyyətləri sadalamaqla qurtaran deyıl. Abadlaşan yollar, şəhər və kəndlərin əvvəlki görkəmini dəyişməsi, körpülərin, keçidlərin salınması, Bakının gözəlliklər diyarına çevrilməsi... Bu ölkədə hər sahədə yeniliklər var, tərəqqi, inkişaf var. Bunun səbəbi isə ulu öndərin ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilməsi, islahatların davamlı xarakter almasıdır.
Son on ildə Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!” - deyən Prezident İlham Əliyev ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında önəmli dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir.
Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi strategiya yeni keyfiyyət göstəricilərinin əldə olunması, regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son on ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Möhtərəm İlham Əliyev haqqında çox məşhur bir deyimi burada xatırlatmaq istərdim: “İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin ən uğurlu tapıntısı və istedadlı məzunudur. Bu, inkarolunmaz həqiqətdir. Bu məktəbin öyrətdiyi ən başlıca dərs dövlətçilik dərsidir. Bu məktəbdə dövlət quruculuğu, dövlət intizamı, dövlətin və millətin taleyi ilə bağlı məsuliyyətlilik, səriştəlilik, peşəkarlıq, vətənpərvərlik, böhranlardan itkisiz çıxmaq fərasəti, tolerantlıq, strateji hədəflərə çatmağın ən optimal yollarını tapmaq, ölkənin köklü milli maraqlarını ən çətin situasiyalarda da qorumaq və bu maraqları dünya siyasətində əsas götürülən prinsiplərlə uzlaşdırmaq istedadı təmin edilir. Bu mənada Heydər Əliyev erası Azərbaycanın gələcəyini də təmin etmişdir. Ulu öndər Heydər Əliyev kursunun davamçılarının başda İlham Əliyev olmaqla bütöv bir nəsli formalaşmış, “əliyevçilik” və “dövlətçilik” məfhumları artıq eyni anlamda işlədilir”.
Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Son on ildə həyata keçirilən tədbirlərə nəzər salanda görülən işləri müqayisəli şəkildə təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir.
Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.
Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da yönəltmək istərdik. Azərbaycan Milli Bankının yaydığı son məlumata əsasən, adıçəkilən qurumun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin yarım ili ərzində 1 025,6 milyon ABŞ dolları (8,8 faiz) artmışdır. Artıq valyuta ehtiyatlarının həcmi 12 720,4 milyon ABŞ dolları təşkil edir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2012-ci illərdə respublika dünyada əhalinin sayı və insan inkişafı indeksi göstəriciləri üzrə sürətlə irəli gedib. Məsələn, əgər 10 il bundan əvvəl ölkədə təxminən 8,35 milyon nəfər yaşayırdısa, 2008-ci ildə bu göstərici 8,9 milyon nəfərə yaxın olub, 1 yanvar 2013-cü il tarixinə isə 9,356 milyon nəfəri keçib. Bu isə 10 il ərzində 1 milyondan çox və yaxud 12,1 faizlik artım deməkdir. Bu, həm də Qarabağ münaqişəsi nəticəsində ölkənin genofondunun üzləşdiyi itkinin artıqlaması ilə kompensasiya edilməsidir. Belə ümidverici dönüş yalnız təminatlı şəraitdə baş verə bilərdi.
Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusilə həssas yanaşıb. Əgər 2003-cü ildə ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi 4,845 milyard manata yaxın olub. Adambaşına düşən kənd təsərrüfatı məhsulu göstəricisi isə 177 manatdan 528 manata çatıb. 2003-2012-ci illər ərzində Azərbaycanda 1 milyondan artıq yeni iş yeri yaradılıb ki, bunun da təxminən 823 mini daimi olub. Bu müddətdə Azərbaycanda orta aylıq əmək haqqı 5 dəfədən çox artaraq 77 manatdan 398 manata çatıb. Əməkhaqqı səviyyəsinə görə, Azərbaycan MDB məkanında Rusiya və Qazaxıstanla birlikdə ilk üçlükdədir.
İlham Əliyevin rəhbərliyi ilə əhalinin hər nəfərinə düşən gəlirin məbləği 5,4 dəfə artaraq 3784 manata çatıb. Bu artımda əhalinin SSRİ dövründən qalmış əmanətlərinin qaytarılması da rol oynayıb. Dövlət büdcəsindən bu məqsədlə 1 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da postsovet məkanında ən əlverişli şərtlərlə əmanətlərin qaytarılmasına imkan verib və vətəndaşların bank sektoruna inamını gücləndirib. Banklara etimadı artıran həm də Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yaradılmasıdır. Artıq ölkə vətəndaşları heç bir narahatlıq keçirmədən banklara əmanət yatırır.
Həyata keçirilmiş sosial siyasət nəticəsində 2003-cü ildən bəri Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enib. Bununla da ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə vaxtından əvvəl əməl edib və təxminən 3,5 milyon nəfər yoxsul yaşamaqdan yaxa qurtarıb. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artmışdır. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 milyard manatdan 17,4 milyard manata çatmışdır, xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15 faiz artmışdır. On il ərzində ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 milyard manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 milyard manat olmuşdur.
Mütəxəssislərin fikrincə, bütün bu uğurlar dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik yaratmışdır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na görə, Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidən qurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.
Görülən işlər deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə də artıq ölkəmiz öncül yerlərdədir. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması bunun bariz ifadəsidir.
Ölkənin gələcək sosial-iqtisadi inkişafı həm də bilik səviyyəsinin artırılmasını tələb edir. Bu baxımdan təhsil sisteminin müxtəlif sahələri üzrə inkişaf proqramları çərçivəsində təhsilin məzmununun yeniləşdirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki-peşə təhsilinin təkmilləşdirilməsi, istedadlı uşaq və gənclərin potensialının inkişafı və digər sahələrdə tədbirlər həyata keçirilir. Bu gün ulu öndərin müəllifi olduğu təhsil islahatı davamlı olaraq həyata keçirilir. Son on ildə milli təhsilin inkişafı ilə bağlı 20-dən çox Dövlət Proqramı qəbul olunmuşdur. Həmin proqramların bir qismi həyata keçirilmiş, bir qisminin icrası isə hələ davam etməkdədir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində də təhsil alan xaricilərin sayı artmış və “Qlobal innovasiya indeksi”nə əsasən, təhsil alan xarici tələbələrin xüsusi çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 37-ci, MDB ölkələri arasında 2-ci yerdədir.
Son illər Azərbaycanda 2 mindən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompyüter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla həyata keçirilir. Son vaxtlar fond tərəfindən 400-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
Ən mühüm hadisələrdən biri 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Bu qanun ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edir, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda duran əsas məsələlərdən biri Silahlı Qüvvələrin modernləşməsi, ən son texnologiyaların orduya cəlb edilməsidir. Bunu daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütünlüklə dövlət büdcəsindən çoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artıqca hərbi sahəyə ayrılan xərclər də artırılacaq, ordunun qüdrətləndirilməsi və modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcək.
Fərəhlisi odur ki, Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir.
Cənab İlham Əliyev eyni zamanda ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmişdir. Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur. Xatırladaq ki, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçımız İlham Əliyevin xarici siyasətinin əsas istiqamətləridir.
Azərbaycanın dünyada əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi son on ilin unudulmaz tarixi hadisələrindən biridir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində gənclər siyasəti də həmişə mühüm önəm daşımışdır. Bunun bariz ifadəsi kimi möhtərəm dövlət başçımız tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən bir qisminə diqqət yetirək. Ölkə rəhbəri 2005-ci ilin avqustunda “Azərbaycan gəncliyi Dövlət Proqramı”nı təsdiq etmişdir. 2007-ci il “Gənclər ili” elan olunmuşdur. “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” gənclərin xaricdə təhsili üçün geniş imkanlar açmışdır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında isə gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması və digər vacib məsələlər qarşıya mühüm vəzifələr kimi qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, artıq müasir Azərbaycan gəncliyi böyük bir qüvvə kimi ölkəmizin müstəqilliyi və dövlətçiliyi yolunda mütəşəkkil şəkildə təşkilatlanmışdır və cənab İlham Əliyevin yeritdiyi siyasi xətti dəstəkləyir, müdafiə edir.
Bu gün hər bir Azərbaycan vətəndaşı gələcəyə böyük ümidlə baxır, nikbin hisslərlə yaşayır. Bunu Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəaları da aydın göstərir. Müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf xüsusiyyətlərindən, məqsədli dövlət proqramları vasitəsilə yeni yüksəliş mərhələlərinə keçidin zərurətlərindən, ən nəhayət, gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsindən irəli gələn bu mühüm sənəd dövlətimizin davamlı inkişafının təmin olunmasında, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artırılmasında, Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində, bütün istiqamətlərdə tərəqqiyə nail olunmasında, keyfiyyətcə mükəmməl inkişaf modelinin formalaşdırılmasında müstəsna rol oynayacaqdır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çoxşaxəli olmaqla yanaşı, qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə “yüksək insan inkişafı ölkələri” qrupunda üstün mövqelərə yüksəlməsi hədəflənir. Respublikanın beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır.
Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirmiş, onun müstəqil siyasət yeritməsini təmin etmuişdir. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, - deyən cənab İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.
Bütün bunlar Azərbaycanın xoşbəxt gələcəyinə əsaslı zəmin yaradır. Ölkəmiz növbəti beşilliyə də bu uğurları xalqımıza bəxş edən Prezident cənab İlham Əliyevlə gedir. Bu yaxınlarda keçirilən prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi xalqımızın öz Prezidentinə böyük inamının nəticəsi idi. Azərbaycanın gələcək inkişafı yolunda cənab Prezidentə uğurlar diləyir, ona möhkəm cansağlığı arzulayırıq.
Raya NƏCƏFOVA,
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.