Portuqaliya-Azərbaycan Dostluq Cəmiyyəti hər iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfələr verəcəkdir

 

 

 

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclaslarında iştirak etmək üçün Portuqaliyada səfərdə olan Milli Məclisin deputatı, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Lissabonda yeni yaradılmış və ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına yardım etmək məqsədi daşıyan cəmiyyətin üzvləri ilə görüşmüşdür.

AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində Rafael Hüseynov bildirmişdir ki, hələ Portuqaliyada Azərbaycanın ayrıca səfirliyi yaradılmadığından və bu ölkədə yaşayan soydaşlarımızın sayının azlığı səbəbindən yenicə təsis edilmiş cəmiyyət Azərbaycan ilə Portuqaliya arasında müxtəlif istiqamətlərdə birbaşa əlaqələrin dərinləşməsinə əhəmiyyətli töhfələr verə bilər. Portuqaliya-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi və rəhbəri Eduardo Lemoş ilə görüşünün təəssüratlarını bölüşən Rafael Hüseynov bu cəmiyyətin indiki fəaliyyəti ilə əlaqədar demişdir: “Portuqaliya ilə Azərbaycan arasındakı ”Dünya" dostluq və mədəni əlaqələr assosiasiyasının təsisçisi, ixtisasca hüquqşünas olan Eduardo Lemoş bir çox Avropa dillərini sərbəst bilir və onun Lissabonda tərcümə işləri ilə məşğul olan şirkəti vardır. Özünün dediyinə görə, belə bir cəmiyyəti yaratmaq, Azərbaycan xalqını, bütövlükdə ölkəmizi Portuqaliyada daha yaxşı tanıtmaq arzusu onda iki il öncə yaranmışdır. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində uğurlu çıxışı və qələbəsini ekranlardan izləyən Eduardo Lemoş gördüklərinə heyran qalmış və ölkəmiz haqqında məlumat toplamağa başlamışdır. Kifayət qədər ciddi hazırlıq işləri apardıqdan sonra Lissabonda bu il mayın 26-da Azərbaycanın milli bayramı - Respublika Günü ərəfəsində cəmiyyətin təsis konfransı və ilk tədbiri keçirilmişdir. Qısa müddətdə Eduardo Lemoş təsis etdiyi Portuqaliya-Azərbaycan Dostluq cəmiyyətinin sıralarına siyasətçilər, hüquqşünaslar, mühəndislər, hərbçilər, memarlar, jurnalistlər, tələbələrdən ibarət 50 nəfərdən çox fəalı cəlb etməyə müvəffəq olmuşdur. Əsasən Portuqaliya vətəndaşlarından ibarət cəmiyyətin işinə bu ölkədə yaşayan bir neçə soydaşımız da cəlb edilmişdir. Qeyd etmək lazımdır ki, Portuqaliya Tərcüməçilər Assosiasiyasının və Portuqaliya Dillər Cəmiyyətinin üzvü olan Eduardo Lemoş Lissabondakı Böyük Britaniya, ABŞ, Mərakeş, Nigeriya, Filippin, Pakistan, Hindistan, Nepal səfirlikləri və həmin ölkə ilə əlaqədar təşkilatlarla sıx əməkdaşlıq edir, mövcud işbirliyindən istifadə edərək onların da Azərbaycan haqqında daha artıq müsbət informasiya almasına, Portuqaliya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinə cəlb edilməsinə səy göstərir. Yeni yaranmış cəmiyyət Azərbaycanın Mərakeşdəki səfiri, eyni zamanda, iqamətgahı Rabat şəhərində olmaqla ölkəmizin Portuqaliyada böyük elçisi vəzifəsini daşıyan Tarik Əliyevlə mütəmadi əlaqə saxlayır və işlərini daha səmərəli qurmaq üçün məsləhət və yardımlar alır".

AzərTAc-ın müxbirinin “Sizin Portuqaliya-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti”ndəki görüşünüzdən sonra əlaqələrin inkişafı üçün hansı addımlar atıla bilər?" sualını cavablandıran Rafael Hüseynov demişdir: “Portuqaliya ilə Azərbaycan arasında dostluq münasibətləri və əlaqələrinin yaşı yüz illərlə ölçülür və hələ XVI-XVII əsrlərdə, Səfəvilər zamanında bu əlaqələr xeyli intensiv olmuşdur. Təbii ki, bu gün belə bir cəmiyyətin mövcudluğu əlaqələrin gələcək inkişafına, xalqlarımızın və ölkələrimizin yaxınlaşmasına nəzərəçarpacaq təsir göstərə bilər. Görüşümüz nəticəsində bir sıra mühüm niyyətlərin gerçəkləşdirilməsi haqqında qərarlar qəbul edildi. Portuqaliya-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti nəzdində ”Azərbaycan kitabxanası" qurulacaqdır. Onlara müəyyən kitablar hədiyyə etdik və bundan sonra mütəmadi olaraq göndərəcəyimiz nəşrlər, video və audio materiallarla həmin kitabxananı zənginləşdirəcəyik. Zənnimcə, o kitabxana Lissabonda Azərbaycan haqqında biliklərin artmasına və ölkəmizin daha yaxşı tanınmasına müsbət təsirini göstərəcəkdir. Cəmiyyət qarşılıqlı olaraq Portuqaliyada və Azərbaycanda sərgilərin, konfransların, görüşlərin keçirilməsini planlaşdırır. Elə biz Lissabonda ikən artıq buranın Milli Muzeyi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi arasına işbirliyinin yaranması və əməkdaşlıq haqqında müqavilənin bağlanması, paytaxtlarımızda sərgilərin təşkil edilməsi ilə bağlı ilkin razılaşmalar əldə edildi. Bunu da nəzərə çatdırmaq istərdim ki, Eduardo Lemoş portuqal və fransız dillərində Azərbaycanın tarixi, mədəniyyəti və nailiyyətləri haqqında məlumatları və çoxsaylı rəngarəng fotoları əks etdirən kitabçalar nəşr etdirmişdir. Ortaq səylərimizlə gələcəkdə həmin kitabların bir qədər də təkmilləşdirilmiş nəşrlərini hazırlamağı nəzərdə tuturuq. Belə kitabların Lissabonda nəşr edilməsi heç şübhəsiz ki, ölkəmizə və xalqımıza rəğbət göstərən insanların sayını xeyli artıracaqdır".

Rafael Hüseynov AŞPA-dakı Portuqaliya nümayəndə heyətinin üzvlərinin də Portuqaliya-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin fəaliyyətlərinə yaxından cəlb edilməsi üçün iş aparılacağını bildirmişdir.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında