Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı münasibətilə rəsmi qəbul təşkil edilmişdir

 

 

 

Türkiyə Cümhuriyyətinin yaradılmasının 90-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Azərbaycan və Turkiyə Respublikalarının dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Əli Rza Akıncı XX əsrin əvvəllərində türk xalqının istiqlal uğrunda apadığı mübarizədən danışmışdır. Qeyd olunmuşdur ki, Osmanlı dövlətinin süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi və türk xalqının iradəsi ilə həyata keçirilən azadlıq mübarizəsi öz bəhrəsini vermiş, müstəqil, demokratik, hüquqi və dünyəvi Türkiyə Cümhuriyyəti yaradılmışdır.

Əli Rza Akıncı Türkiyə—Azərbaycan əlaqələrinin qarşılıqlı inam və etibar, strateji müttəfiqlik zəminində uğurla inkişaf etdiyini bildirərək demişdir ki, hazırda ikitərəfli münasibətlərimiz dünya birliyində nümunə kimi qəbul olunur. Öz kökünü xalqlarımızın qədim tarixindən, ortaq soykökdən və milli-mənəvi dəyərlərdən alan bu münasibətlərin inkişafına Naxçıvan da öz layiqli töhfəsini verir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Baş konsul bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikasının milli bayramını - qardaş ölkədə respublika elan olunmasının 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, qardaş Türkiyə xalqına və dövlətinə inkişaf və tərəqqi arzulayaraq demişdir: “Hər bir ölkənin ən böyük milli sərvəti onun dövlət müstəqilliyidir. 90 il bundan əvvəl müstəqillik və Cümhuriyyət yolunu tutan Türkiyə Respublikası bu gün regionda və dünyada söz sahibi olan inkişaf etmiş dövlətə çevrilmişdir. Qardaş Türkiyənin inkişaf yolunu müəyyənləşdirən böyük Mustafa Kamal Atatürkün tarixdə ən böyük xidmətlərindən biri də Türkiyə—Azərbaycan dostluğunun əsasını qoymasıdır. İyirminci əsrin əvvələrində əsası qoyulan bu münasibətlər həmin əsrin sonunda ümummilli lider Heydər Əliyev tərəfindən ”Bir millətin iki dövləti" səviyyəsinə qaldırılmışdır".

Ali Məclisin sədri daha sonra demişdir: “Xalqlarımızın milli liderləri - Atatürk və Heydər Əliyev Türkiyə-Azərbaycan birliyini inkişafın və siyasi mövcudluğun mühüm şərti kimi müəyyənləşdirmişlər. Bu gün bu yola, bu siyasətə sadiq olan xalqlarımız və dövlət rəhbərlərimiz Azərbaycan—Türkiyə strateji birliyinin nəyə qadir olduğunu nümayiş etdirirlər”.

Ali Məclisin sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni - bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu, bizi çox sevindirir. Bizim gücümüz bizim birliyimizdədir. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır”.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında