Türkiyənin milli bayramı şərəfinə

 

 Oktyabrın 29-da Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 90 illiyi münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir İsmail Alper Coşkun Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Səfir qeyd etmişdir ki, Türkiyə dinamik inkişaf yolunda siyasi, iqtisadi, hərbi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada mövqeyini möhkəmləndirmişdir.

İkitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan İsmail Alper Coşkun demişdir ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaratmışdır.

Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynamışdır. Bildirilmişdir ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olmuşdur və ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Türkiyəli iş adamları da qardaş Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səylərini əsirgəmirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulamışdır. O demişdir ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik etmiş, qardaş ölkəyə firavanlıq və uğurlar arzulamışdır. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Abid Şərifov elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu söyləmişdir. O vurğulamışdır ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Ulu öndərlərin - Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olmuşdur.

Baş nazirin müavini bildirmişdir ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri almış, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənmişdir. Türkiyə və Azərbaycan eyni kökə, tarixə, mədəniyyətə söykənən sarsılmaz münasibətlər qurmuşlar. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir.

Abid Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirmişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət edir. Abid Şərifov demişdir: “Biz türkiyəli iş adamlarının ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, qardaşlıq münasibətlərimiz gələcək nəsillər tərəfindən də davam etdiriləcəkdir”.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında