BMT-nin Təhlükəsizlik Şurasında sədrlik vəzifəsini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Təhlükəsizlik Şurasında ilk dəfə bu mövzu üzrə təşkil edilən iclasın məqsədi BMT və üzvlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatı arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi, tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün tədbirlərin reallaşdırılması ilə bağlı müzakirələrin aparılması olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə Təhlükəsizlik Şurasının yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.
Hər iki təşkilatın baş katibləri Yaxın Şərq problemi və Suriyadakı böhran da daxil olmaqla beynəlxalq gündəlikdə duran bir sıra problemlər üzrə qlobal və regional proseslərdən danışmış, bu problemlərin həlli yollarının tapılmasında BMT-nin müvafiq hökumətlərarası təşkilatlarla sıx əməkdaşlığının vacibliyini qeyd etmişlər.
İƏT-in baş katibi çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırmış, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlığını bildirmişdir. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyini vurğulamışdır.
Nazir Elmar Məmmədyarov ötən illərdə İƏT-in beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması və qlobal səviyyədə sülh mədəniyyətinin yayılmasında BMT-nin mühüm tərəfdaşı kimi çıxış etdiyini bildirmişdir. O demişdir ki, Təhlükəsizlik Şurasının gündəliyində duran bir çox məsələlərin İslam dünyası ilə bilavasitə əlaqəsi vardır və İƏT, təbii olaraq, həmin problemlərin həlli ilə yaxından məşğuldur. Məhz bu fakt Təhlükəsizlik Şurası və İƏT arasında sıx əməkdaşlıq və əlaqələndirmənin təmin olunmasını tələb edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan nazir qeyd etmişdir ki, hələ problemin başlandığı ilk vaxtlarda İƏT BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təcavüz kimi qiymətləndirmişdir. E.Məmmədyarov demişdir ki, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi çərçivəsində Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynamışdır.
Nazir vurğulamışdır ki, Ermənistan işğalçı siyasətinə son qoymalıdır. Münaqişənin həll edilməsi və iki dövlət arasında normal münasibətlərin bərqərar olunması üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq hüququnun dərhal təmin edilməsidir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə verdiyi töhfələrə toxunaraq, İslamın başqa dinlərə və inanclara hörmət edən sülh dini olduğunu bildirmişdir. İslam dininə qarşı təhqir və hücum halları ilə mübarizə aparmaq üçün birgə səylərə və dialoqa ehtiyac duyulduğunu bildirən nazir qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət etməyin vacibliyini vurğulamışdır.
İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və bu əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilmişdir. Bəyanatda, həmçinin münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.