Oktyabrın 22-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 9-da ölkəmizdə beynəlxalq standartlara uyğun azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkilərinin uğurla başa çatdığını bildirmiş və seçkilərdə parlaq qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik etmişdir.
Sədr Milli Məclisin deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanacağını diqqətə çatdırmışdır.
Sonra gündəliyə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Artur Rasizadənin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ daxil edilmişdir.
Milli Məclis 112 səs lehinə, 2 səs əleyhinə olmaqla Artur Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq vermişdir.
Sonra gündəlikdə duran digər 32 məsələyə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin səlahiyyət müddəti bitmiş hakimi Qail Məmmədovun “Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı, Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında qanun layihələri müzakirə edilərək qəbul olunmuşdur.
Milli Məclisdə deputatlar bir sıra beynəlxalq sənədləri - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihələrini müzakirə edərək təsdiqləmişlər.
İclasda həmçinin Azərbaycan Respublikasının Vergi, Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrində, “Dövlət rüsumu haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təbii inhisarlar haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Seleksiya nailiyyətləri haqqında” , “Toxumçuluq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilərək qəbul olunmuşdur.
Bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişiklik qeysəriyyə kəsiyi əməliyyatının tibbi əsalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da qeysəriyyə kəsiyi əməliyyatının qanunauyğunluğunu qiymətləndirməyə, sui-istifadə hallarının qarşısının alınmasına imkan verəcəkdir. “Dövlət rüsumu haqqında” qanunda edilən dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürüləcəkdir.
Milli Məclisdə Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də və “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə olunaraq qəbul edilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.