Prezident İlham Əliyev Azərbaycanda siyasi sabitliyin və tərəqqinin qarantıdır

 

Son illər demokratiya yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası bu sahədə daha bir tarixi uğura imza atdı. 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən növbəti prezident seçkisi ölkəmizin demokratik ənənələrə sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanda keçirilən prezident seçkilərinin yekun nəticələri bir daha sübut etdi ki, ölkəmiz ötən illərdə seçki prosesi sahəsində zəngin təcrübə qazanmışdır. Belə ki, seçkilərin ədalətli, şəffaf və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə keçirilməsi və bütün namizədlərin öz seçki proqramlarını geniş təbliğ etməsi üçün hərtərəfli şərait yaradılmışdı. Hətta beynəlxalq ekspertlər də Azərbaycanda keçirilən prezident seçkilərinin təşkilini yüksək qiymətləndirmişlər. Məsələn, Avropa Şurasının üzvü Tumbarello Roberto Azərbaycanda seçkilərin şəffaflığını bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstün saymışdır. Bundan əlavə, Avropa İttifaqının 24 ölkəsini və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertin iştirakı ilə ölkəmizdə olan müşahidə missiyasının üzvləri də 9 oktyabr prezident seçkilərini Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirmişlər.

Bütün bunlar yerli mətbuatda kifayət qədər geniş işıqlandırıldığından diqqəti bir daha cənab İlham Əliyevin növbəti prezident seçkilərində möhtəşəm qələbəsinə yönəltmək istəyirik. Əslində, son 10 ildə Azərbaycana uğurla rəhbərlik edən, ölkəmizi regionun və dünyanın sürətlə inkişaf edən dövlətləri ilə bir sıraya gətirən bu praqmatik siyasətçinin qələbəsi labüd idi. Çünki xalqımız Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük uğur və yaradıcılıqla davam etdirən, modern və müasir Azərbaycan naminə fədakarlıqla çalışan Prezident İlham Əliyevə öz taleyini növbəti beş ildə də etibar etməkdə israrlı idi. Elə bunu seçkidən öncə bir sıra yerli və xarici sorğu mərkəzlərinin keçirdikləri rəy sorğularının nəticələri də sübut edirdi. Yeri gəlmişkən, Böyük Britaniyanın nüfuzlu sorğu təşkilatı olan “Dods Polling” in sentyabr ayında bu ölkənin parlamentinin 100 nəfər millət vəkili arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, iştirakçıların 72 faizi Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirmiş, onun Qərbin, xüsusən də Böyük Britaniyanın etibarlı müttəfiqi və Avropaya dəstək verən lider olması qənaətinə gəlmişdir.

Sevindirici haldır ki, son illər Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi heyranedici göstəricilər beynəlxalq səviyyədə bəyənilir, təqdir edilir. Təsadüfi deyil ki, İtaliyanın məşhur ISPI beyin mərkəzinin ötən ay təqdim etdiyi “On il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” hesabatında da ölkəmizin uğurları geniş qeyd olunur. Hesabatda deyilir: “ ... Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan və Ermənistanda inkişaf çox zəif getmişdir. 2009-cu ilin maliyyə böhranı zamanı bu ölkələr iqtisadi geriləmə yaşasalar da, Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlamışdır. Hesabatın Azərbaycanla bağlı hissəsində təhlükəsizliyə dair məsələlərdən də geniş söhbət açılır və ölkəmizdə baş verən önəmli siyasi və iqtisadi proseslər ətraflı şəkildə təhlil olunur və bu proseslərin qarşıdakı onillikdə mümkün inkişaf istiqamətləri barədə proqnozlar verilir. Hesabatda həmçinin qeyd olunur ki, son 10 ildə Azərbaycanda qeyri-adi inkişaf göstəriciləri əldə edilmiş, ortalama illik 12,2 faiz, digər Qafqaz ölkələri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olunmuşdur. Nəhyət, adı çəkilən sənədin ən diqqətçəkən məqamlarından biri cənab İlham Əliyevin 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkisində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyinin təmin ediləcəyi ilə bağlı irəli sürülən və reallığı tam əks etdirən nikbin fikirlərdir. Hesabat müəllifləri böyük bir əminliklə qeyd edirlər ki, İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi ilə bu durum qarşıdakı 10 ildə də davam edəcək və ölkə iqtisadiyyatına yeni sərmayələrin cəlb edilməsi üçün əlverişli şərait yaranacaqdır.

Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri, xalqın ortaya qoyduğu qətiyyət və iradə, seçkini müşahidə etmiş əcnəbi ekspert, politoloq, siyasətçi və deputatların Azərbaycan həqiqətləri barədə ürək sözləri qəlbimizdə qürur hissi doğurur. Burada daha çox qabardılmalı bir məqama da diqqət yetirək. Belə ki, oktyabrın 19-da dünya ictimaiyyəti Azərbaycan siyasi məkanında formalaşdırılan daha bir siyasi yeniliyin şahidi oldu. Həmin gün üçüncü dəfə böyük səs çoxluğu ilə qalib gəlmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin deputatlarının, hökumət üzvlərinin və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə andiçmə mərasimi keçirildi. Bu, tamamilə təbii bir proses idi. Çünki seçkidə qalib gələrək Prezident seçilmiş istənilən şəxs dövlət başçısı vəzifəsinə başlamaq üçün and içir.

Cənab İlham Əliyevin növbəti andiçmə mərasimini daha maraqlı edən məqam isə ondan ibarət idi ki, Azərbaycan Prezidenti hər cür təmtəraqdan və dəbdəbəli mərasimdən uzaq olan sadə bir andiçmə nümunəsi yaratdı. Heydər Əliyev siyasi kursunu ən incə məqamlarına qədər mənimsəmiş Prezident İlham Əliyevin təvazökarlığı və sadəliyi bu xəbəri eşidən hər kəsdə xalqımızın şəriksiz liderinə olan rəğbət hissini daha da artırdı. 2003-cü ilin payızında prezidentliyə namizəd olan İlham Əliyevin “xalqın mənə etimad göstərəcəyi təqdirdə mən bütün azərbaycanlıların prezidenti olacağam” ifadəsi çox qısa bir müddətdə həyatda öz təsdiqini tapmışdı. Onun 2008-ci ildə prezidentliyə namizəd olarkən söylədiyi “Biz səsləndirilən vədlərə və bəyanatlara əsaslanan fəaliyyəti deyil, əməli işlərə real tədbirlərə əsaslanan fəaliyyəti üstün tuturuq” ifadəsi də qısa müddət ərzində reallığa çevrilmişdi.

Cənab Prezidentin 2013-cü il prezident seçkisindən hələ xeyli əvvəl öz ad gününü qaçqın düşmüş soydaşlarımızla, cəbhə bölgəsində əsgərlərlə birlikdə qeyd etməsi, öz tabeliyində olan vəzifəli şəxslərin hamısından sadəlik, təvazökarlıq, insanlara fədakarlıqla xidmət tələb etməsi ölkəmizdə olduğu kimi, beynəlxalq aləmdə də yüksək qiymətləndirilmişdi. Dünyanın aparıcı beyin mərkəzləri Prezident İlham Əliyevi hər cür populizmdən kənar, reallığı sevən və öz əməli fəaliyyəti ilə xalqına xidmət edən siyasətçi kimi xarakterizə edirlər.

Oktyabrın 19-da keçirilən andiçmə mərasimi isə Prezident İlham Əliyevin təvazökarlığının və sadəliyinin daha bir nümunəsi kimi tarixə düşdü. O, əlini Əsas Qanunumuzun üzərinə qoyaraq dövlət başçısının səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Konstitusiyasına əməl edəcəyinə, xalqa ləyaqətlə xidmət edəcəyinə and içdi. Əlini Müqəddəs kitabımız Qurani-Şərifə basaraq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli-mənəvi dəyərlərə və əməllərə sadiq qalacağına və onları daim uca tutacağına and içdi. Daha sonra isə dövlət bayrağımıza təzim edərək onu öpdü. Sadə, təmtəraqsız bir andiçmə mərasimi bununla da başa çatdı. Bəli, cənab İlham Əliyev sadəlik və təvazökarlıqla süslənmiş bir andiçmə mərasimi keçirməklə dünyaya daha bir Azərbaycan nümunəsini təqdim etmiş oldu. Ölkə və dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan Prezidenti zahiri təmtərağı sevmir, o, dövlətçilik maraqlarımız, milli mənafeyimiz uğrunda mərdliklə, cəsarətlə mübarizə aparır. Qüdrətli, modern və müasir Azərbaycan onun həyatının başlıca məqsədidir. Vətən və xalq naminə şərəfli fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında