ATƏT PA-nın vitse-prezidenti: “Azərbaycanda keçirilmiş prezident seçkilərilə bağlı şəxsən məndə çox müsbət təəssürat yarandı”

 

 “ATƏT PA-nın qısamüddətli missiyasının tərkibində Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmişəm. Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablamasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu”.

Bu sözləri Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edən qurumun vitse-prezidenti, Gürcüstan parlamentinin üzvü Georgi Sereteli APA-nın Avropa müxbirinə açıqlamasında demişdir.

G. Seretelinin sözlərinə görə, bu, yalnız onun deyil, başqa dairə və məntəqələrdə müşahidə aparmış digər həmkarlarının da qənaətidir: “Hesab edirəm ki, seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi. Bizim müşahidə sahəsində yaxşı təcrübəmiz var, çox vaxt komissiya işini düzgün qurmayanda suallarımıza cavab verə bilmir. Burda isə vəziyyət tam əksinə idi, onlar bizim bütün suallarımızı dəqiqliyi ilə cavablandırdılar. Bundan başqa, müşahidə apardığım məntəqələrin hamısında bir neçə müxalifət partiyasını təmsil edən müşahidəçilər gördüm, çoxu ilə də söhbət etdim. Görünən o idi ki, onların da prosesə nəzarət etməsi üçün kifayət qədər imkanları var idi. Məntəqələrdə kameralar quraşdırılmışdı, bu da bir növ nəzarət formasıdır və pozuntular olan zaman, kameralar vasitəsilə görmək olur”.

Ümumilikdə prosesi müsbət dəyərləndirdiyini qeyd edən ATƏT PA-nın vitse-prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) olan həmkarlarının kəskin mənfi bir rəy vermələrinin onu heyrətləndirdiyini vurğulamışdır: “Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Əsasən, səslərin hesablanmasında hansısa prosedurları yaxşılaşdırmağa əlbəttə ki, ehtiyac var, mən də bunu qəbul edirəm. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Dünənki iclasımızda da Almaniya və Fransadan olan həmkarlarımız bu haqda geniş şəkildə məruzələrini etdilər, onlar da bu və ya digər formada hansısa pozuntuların olduğunu istisna etmədilər, amma onlar da prosesin ümumilikdə çox müsbət şəkildə keçdiyini vurğuladılar.

ATƏT PA-nın bu sessiyasının əsas məsələlərindən biri əlbəttə ki, təşkilat daxilində qısamüddətli və uzunmüddətli iki müşahidə missiyasının fərqli mövqe ortaya qoymasıdır. Bizim bu məsələni müzakirə etməyimiz birinci dəfə deyil, təəssüflər olsun ki, əvvəllər də belə fərqli qiymətləndirmə olub. Ümumiyyətlə DTİHB həmişə kəskin tənqidi ilə seçilib, həmişə nədənsə yalnız mənfini görmək siyasətini yürüdüb. Bizim qısamüddətli missiyamızda isə bu məsələ belə formada qoyulmur. Biz siyasətçiyik və gördüyümüzü də obyektiv şəkildə deməliyik, həm mənfisini, həm də müsbət tərəflərini... Ona görə də fikrimcə, Azərbaycanda seçkilərə qiymət verdikdə seçki gününü mənfi və sərt tənqid etmək düzgün addım deyildi. Bizdə - ATƏT PA üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk". 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında