Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətindən
Dünya ictimaiyyəti bu qələbəni təkcə müşahidə etmədi, həm də alqışladı
Azərbaycan xalqı öz qətiyyəti, iradəsi və prinsipiallığı ilə müasir tariximizin ən dəyərli səhifələrindən birini yaratdı. Bəli, bu səhifə yazılmadı, məhz yaradıldı. Çünki son 10 ilin hər birində Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev bilavasitə qurub - yaratmaqla milli tariximizin yeni yaranan səhifələrini zənginləşdirib. Bilavasitə həmin quruculuğu və yaradıcılığı qədrşünaslıqla qiymətləndirən xalqımız oktyabrın 9-da keçirilən prezident seçkilərində özünün şəriksiz liderinin siyasi və idarəçillik fəaliyyətinə layiqli qiymətini verdi.
Seçkinin ilkin nəticələri məlum olduqdan dərhal sonra mətbuat konfransı keçirən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçki kampaniyasının keçirilməsi üçün böyük proqram əsasında fəaliyyət göstərib, geniş təşviqat işi aparıb. YAP seçki kampaniyasının təbliğat-təşviqat dövrü ərzində ölkəmizin bütün bölgələrində ümumilikdə müxtəlif formatlarda seçicilərlə 2500-dək görüş keçirib: “Bu görüşlərdə 2 milyon nəfərdən çox seçici iştirak edib. Görüşlərdə cənab İlham Əliyevin seçki proqramı insanların diqqətinə çatdırılıb və seçicilər belə görüşlərdə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Nəticələr də səsvermə prosesində seçicilərin yüksək fəallıqla iştirak etdiyini göstərir. Belə ki, seçicilərin 70 faizdən çoxunun səsvermə prosesində iştirak etməsi fəallığın nə dərəcədə yüksək olmasından xəbər verir. Seçici fəallığının yüksək olması xalqımızın prezident seçkilərinə ciddi maraq göstərməsindən xəbər verir. Bu marağın kökündə Prezident İlham Əliyevə xalqın etimadı dayanır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycan sürətlə inkişaf edib, iqtisadiyyatımız 3,4 dəfə artıb, əhalinin sosial rifahı yüksəlib, insanların gələcəyə ümidi daha da artıb. Eyni zamanda, bu illər ərzində Azərbaycan dövlətinin qüdrəti artıb, beynəlxalq aləmdə ölkəmizin rolu və əhəmiyyəti yüksəlib. Eləcə də, ölkəmizdə sabitliyin və əmin-amanlığın hökm sürməsi insanlar tərəfindən yüksək qiymətləndirilir. Bütün bunların qarşıdakı illərdə də davamlı olması üçün insanlar Prezident İlham Əliyevə yenidən etimad göstərdilər”.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası seçki ərəfəsində seçicilərlə partiya rəhbərliyinin qeyd etdiyi kimi 2500 görüş keçirmişdi. Eyni zamanda həmin görüşlərin hər biri möhtəşəm bir el toplantısına çevrilirdi. Özünü YAP-ın namizədinə rəqib kimi görmək istəyən qüvvələrin namizədi isə seçicilərlə cəmi 10 dəfə görüşə bilmişdi və həmin görüşlərdə də kimlərin, neçə nəfərin iştirak etdiyi hamıya çox yaxşı məlumdur. Üstəlik onların Azərbaycan dövlətinə və xalqımıza xidmətləri ilə cənab İlham Əliyevin xidmətlərinin müqayisə edilməsi sadəcə məntiq baxımından yolverilməzdir. Biz belə bir müqayisəni aparmırıq. Çünki elin gözü tərəzidir və xalq hamının hər bir əməlini layiqincə qiymətləndirməyi bacarır və oktyabrın 9-da həmin əməlləri qiymətləndirdi. Ona görə də səsvermənin mütləq səs çoxluğu ilə cənab İlham Əliyevin xeyrinə nəticələnməsi tamamilə təbiidir.
Yeri gəlmişkən, səsvermə prosesi başa çatdıqdan sonra seçkinin ilkin nəticələri barədə xalqımızı və dünya ictimaiyyətini (çünki bu ay Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyinə, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakına, eləcə də müasir dünyada gedən qlobal proseslərə öz dəyərli töhfələrini verdiyinə görə dünya ictimaiyyəti bu ölkədə keçirilən prezident seçkilərinin nəticələrini maraqla izləyir, burada hansısa diletantın hakimiyyətə gəlməsini deyil, mövcud siyasi kursun davam etdirilməsini arzulayırdı) məlumatlandırmaq məqsədiylə mətbuat konfransı keçirən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiyə hazırlıq prosesindən başlayaraq ta səsvermənin nəticələrinə qədər bütün məqamlar barədə əhatəli söz açmışdır.
MSK sədri bildirmişdir ki, ölkə ərazisində qeydə alınan 5 milyon 145 min 643 Azərbaycan seçicisindən yekunda 3 milyon 720 min 643 nəfəri, yəni 72,31 faizi səsvermədə iştirak etmişdir. Kütləvi mütəşəkkilliklə keçən bu seçkilər geniş ictimaiyyətin - həm Azərbaycan ictimaiyyətinin, həm də beynəlxalq strukturların və müxtəlif səviyyədə çox nüfuzlu qurumların müşahidəçilərinin nəzarəti altında baş tutmuşdur. Məntəqələrin 1000-də, təxminən 20 faizində veb-kameralar quraşdırılmışdır və bu məntəqələrdəki səsvermə prosesi gün ərzində online rejimdə bütün dünya ictimaiyyətinə çatdırılmışdır. Yəni seçkiyə hazırlıq prosesi kimi səsvermənin özü də həm ölkə ictimaiyyətinin , həm də beynəlxalq aləmin gözü qabağında olmuşdur. Məhz bu açıqlığın, şəffaflığın nəticəsidir ki, oktyabrın 9-da Mərkəzi Seçki Komissiyasına bir nəfərdən də olsa şikayət daxil olmamışdır.
Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin 84,73 faizlə birinci yerdə, “Milli Şura”nın namizədi Cəmil Həsənlinin isə 5,2 faizlə ikinci yerdə olduğunu bildirən MSK sədri digər namizədlərin qazandığı səslərin sayını və faiz göstəricilərini də xatırlatmışdır. Ancaq özünü YAP-ın namizədinə rəqib hesab edən namizədin beş faizlik göstərici qazanması artıq digər namizədlərin göstəricilərini tamamilə maraqsız edirdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev çox böyük səs fərqi ilə növbəti beş ildə Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün birincilik qazandı və xalqın bu seçimi müstəqil dövlətimizin daha da qüdrətləndirilməsi istiqamətində reallaşdırılan ümumxalq miqyaslı tədbirlərdən biri oldu.
Bu zaman xüsusilə qeyd olunmalı məsələlərdən birini də yada salmaq zərurəti yaranır. Belə ki, son zamanlar həm Müstəqil Dövlətlər Birliyi çərçivəsində, həm də Avropada və hətta, bir çox hallarda ABŞ -da belə seçki ümumilikdə baş tutsa da, bəzi dairələrdə nəticələr ya şübhəli kimi qəbul edilir, ya da heç tanınmır. Azərbaycanda keçirilən sonuncu prezident seçkiləri isə mütəşəkkilliyi və yüksək səviyyədə keçirilməsi ilə yanaşı həm də bütün dairələrdə və bütün məntəqələrdə baş tutmuşdur. Məzahir Pənahovun qeyd etdiyi kimi 5 min 492 məntəqənin hamısında seçkilər baş tutmuş, gün ərzində heç bir dairədə, hətta məntəqə səviyyəsində nəticələrə kölgə sala biləcək hansısa ciddi bir pozuntu halı baş verməmişdir. Bundan başqa istənilən xoşagəlməz halın dərhal aradan qaldırılması məqsədiylə yaradılan “qaynar xətt”ə müəyyən telefon zəngləri olmuş və qaldırılan bütün məsələlər MSK üzvlərinin operativ reaksiyası nəticəsində dərhal aradan qaldırılmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi ölkəmizdə keçirilən bu seçkinin nəticələrini Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Qazaxıstan, Gürcüstan, Litva, Belarus, Tacikistan, Monteneqro, Özbəkistan, Qırğızıstan və digər dövlətlərin rəhbərləri, ATƏT-in baş katibi, TÜRKSOY-un baş katibi, ABŞ rəsmiləri, bir çox beynəlxalq təşkilatların rəhbərləri müsbət qiymətləndirərək dövlət başçımızı bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik etmişlər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticəsini çox yüksək qiymətləndirərək deyir: “Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən dəstəklənməsinə dəlalət edir”.
ABŞ konqresmenləri Bill Şuster və Stiven Kohenin Azərbaycan Prezidentinə ünvanladıqları məktubda deyilir: “Biz hər bir demokratik sistemin əsası olan dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu dəstəkləyirik”. Yəni, dünyanın bütün qütblərində Azərbaycanda keçirilmiş 9 oktyabr seçkilərinin nəticəsi yüksək qiymətləndirilir.
9 oktyabr seçkilərinin nəticələrinin yüksək qiymətləndirilməsini təsdiq edən amillərdən biri də odur ki, müxtəlif ölkələri, beynəlxalq təşkilatları və siyasi partiyaları təmsil edən çoxsaylı beynəlxalq müşahidəçilərin, bir sıra dövlətlərin, xüsusən, ABŞ və Şərqi Avropa dövlətləri daxil olmaqla seçki qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin hamısının yekdil rəyi belə olmuşdur ki, seçkilər yüksək səviyyədə keçmişdir. Təbii ki, bu prosesdə çoxsaylı əcnəbi peşəkar ekspertlər iştirak etmişlər və onların fikirləri ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Həm seçkiyə hazırlıq prosesində, həm səsvermə günü, həm də seçkidən sonrakı günlər həmin ekspertlər beynəlxalq kütləvi informasiya vasitələri ilə müxtəlif səpkidə, müxtəlif bölgələrdə, müxtəlif məntəqələrdə təşkil olunmuş müsahibələr və reportajlar vasitəsilə öz fikirlərini ictimaiyyətə çatdırmışlar. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının dəvəti ilə seçki prosesini izləmək üçün ölkəmizə gəlmiş 1400-ə yaxın beynəlxalq müşahidəçi və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri bu qəbildən olan seçkilərin Avropanın ən böyük dövlətçilik təcrübəsi olan ölkələrində keçirildiyini dönə-dönə vurğulamışlar.
Beləliklə, Azərbaycan xalqı son 10 ildə gənc müstəqil dövlətimizin dünyanın ən qüdrətli 15 ölkəsi ilə eyni masa arxasında əyləşməsini təmin edən - Azərbaycanı BMT Təhlükəsizlik Şurasının üzvü statusuna qaldıran siyasətə səs verdi. Ölkə əhalisinin böyük əksəriyyyəti respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin davam etdirilməsini və əbədilik qazanmasını arzulayaraq Prezident İlham Əliyevin daha beş il ölkəyə rəhbərlik etməsinə səs verdi. Azərbaycan seçicisi ona görə on namizəd arasından İlham Əliyevi seçdi ki, Yeni Azərbaycan Partiyasının namizədi ölkəmizdə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, sosial həyatın inkişafının heç zaman görünməyən bir yüksəlişinə nail olub. İndiki iqtidar son on ildə ölkə ərazisindəki bütün yerli, respublika əhəmiyyətli və beynəlxalq yolların yüksək səviyyədə bərpasından sonra kosmosa yol açaraq Azərbaycan dövlətini dünyanın kosmik ölkələr klubunun üzvü etmişdir. Məhz bu iqtidarın dövründə Azərbaycan Respublikası müntəzəm olaraq planetin ən böyük beynəlxalq təşkilatlarının dünya miqyaslı tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən birinə çevrilmişdir. Son on ildə Azərbaycan ümumi daxili məhsul istehsalının artımına, işsizliyin azaldılmasına, yoxsulluğun sürətlə aradan qaldırılaraq minimum həddə salınmasına, məktəb tikintisinin görünməmiş bir vüsət almasına nail olmuşdur.
Səsvermə prosesi başa çatdıqdan sonra prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev qarşıda duran işləri, vəzifələri xarakterizə edərək ölkəmizin daha aydın sabahlarından söz açmışdır: “Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bizi fərqləndirən cəhət budur”.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.